Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Moskva” batdı. Bəs Moskva kimi batıracaq?!
“Moskva” batdı. Bəs Moskva kimi batıracaq?!

Günlərdir, “Moskva”dan danışırıq. Şəhərdən yox, gəmidən. Ukrayna Qara dənizdə Rusiya donanmasını gözündən vurub. Əvvəl-əvvəl Rusya bunu etiraf etmirdi. Sonra yavaş-yavaş, alışdıra-alışdıra etiraf etdilər. Ukrayna tərəfi isə, əksinə, bu haqda çox tez-tez və ballandıra-ballandıra danışır.

Bu gəminin dəyəri 750 milyon ABŞ dolları dəyərində hesablanır və Ukraynadakı müharibədə Rusiya tərəfinin ən bahalı itkisi sayılır. Hərçənd Marqarita Simonyan adlı “medioloq”: “Bu gəmi məndən bir yaş böyükdür” deyə özünə və Rusiya avamlarına təsəlli verir. Ancaq iş orasındadır ki, Rusiyanın Ukraynaya atdığı elə raketlər var, yaşca Putinin özündən də böyükdür. Gəminin nə zaman düzəldilmiş olmağı da önəmli faktordur. Ancaq daha önəmlisi onun nə dərəcədə müasir hərbi texnoloji sistemlərlə təchiz olunmuş olmasıdır. Fakt odur ki, bu gəminin heç özünün özünə faydası olmadı, o da olsun Rusiyaya. Bütöv bir donanmanın flaqmanı özünü qoruya bilmədi. Amma Rusiyanın hərbi maraqlarını qorumaq üçün ordaydı.

Ukrayna dedi ki, bu gəmini özünün istehsal etdiyi “Neptun” raketi ilə vurub. Rusiyaya isə buna inanmaq sərfəli deyil. Çünki “Moskva” gəmisinin vurulmasının Ukrayna üçün hərbi avantajlarını da bilir. O cümlədən, psixoloji tərəfi də ağır gəlir. Bu hadisə necə Rusiyanı qəzəbləndirir, məyus edirsə, Ukrayna tərəfini də o dərəcədə ruhlandırır və sevindirir. Ukrayna əsgərində rəqibin istənilən slahına qarşı qoya bilmə gücü və motivasiyası doğurur. Üstəlik Ukraynanın öz silahı ilə vurulması doğrudursa, bu da Ukrayna ordusuna əlavə mənəvi güc və psixoloji üstünlük hissi qazandırır.

Ancaq, dediyimiz kimi, Rusiya gəminin Ukrayna raketi ilə vurulmasına inanmaq istəmir. Xüsusilə də bu, həqiqətən belədirsə. Rusiya bu cür hədəflərin Qərb ölkələrindən, ilk növbədə ABŞ və Böyük Britaniyadan Ukraynaya göndərilən silahlarla vurulduğunu xüsusi olaraq qabaardır. Bunun ən əvvəl psixoloji tərəfi var. Prezident Putin öz xalqını inandırmalıdır ki, o, sadəcə, Ukrayna ilə müharibə aparmır, özündən böyük güclərə qarşı savaşır. Çünki bir neçə günə Kiyevi tutmaq planının (xəyalının) iflası fonunda özgüvənin ayaqlar altında sürünməsi qaçılmaz idi. Bunu ölkəyə, özünə, ordusuna geri qazandırmalııdır. Bu da ancaq: “Biz Ukrayna ilə yox, dünyanın nəhəng orduları ilə müharibədəyik” tezisinin təlqini ilə mümkündür. Bununla yanaşı Prezident Putin “Moskva” ilə birlikdə “batmamaq” üçün assimmetrik zərbələr haqda düşünür və danışır. Ya da onun adından danışılır. Bu tipli bəyanatlar doğru isə, Rusiya müharibəni Ukrayna sərhədlərindən kənara daşıya bilər. Yəni hər zaman hər yerdə...

Rusiya tərəfi deyir ki, Ukraynaya göndərilən silahlar və texnikalar da artıq onun üçün legitim hədəfdir. O silah partiyalarını daşıyan, texnikaları müşaiyət edən hərbi birliklər də var. Başqa sözlə, Rusiya Qərbin rəsmi Kiyevə verdiyi və ya verəcəyi silahları və hərbi texnikaları onlar Ukraynanın ərazisinə daxil olmadan da vurmaqla hədələyir. Bu da müharibənin NATO-nun məsuliyyət zonasına, eləcə də, başqa ölkələrə sıçraması – növbəti (artıq neçənciysə) dünya müharibəsinə çevrilməsi deməkdir. Müharibə Rusiya və Ukrayna arasında getdiyi (rəsmən belə bəyan və ya hətta ola bilsin, qəbul olunduğu) zaman Rusiyaya və Ukraynaya qonşu, yaxın ölkələrin (getdikcə daralsa da) manevr meydanı hələ var idi. Ancaq assimmetrik müharibə olayı, demək olar, hamını, hər yerdə və hər zaman bir şəkildə savaşa cəlb etmiş olacaq. Bu, Azərbaycan üçün də ciddi sınaqlar deməkdir. Əgər Rusiya NATO üzvü ölkələrin başqa bölgələrdəki varlığını və maraq obyektlərini, məsuliyyət ərazilərini özünün legitim hədəfləri elan etsə (buna cəsarət göstərsə), bu, artıq qlobal fəlakət deməkdir. Rusiya öz dilində desək: «После меня хоть потоп!» düşüncəsi ilə yanaşır və bu, hamı üçün böyük təhlükə vəd edir: “Məndən sonra lap dünya dağılsın” deyir...

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »