Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İşçilərin həyat və sağlamlığı üçün heç bir təhlükə olmalı deyil"
"İşçilərin həyat və sağlamlığı üçün heç bir təhlükə olmalı deyil"
Azərbaycanda insanların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş binalarda yoxlamalar aparılacaq. Bu barədə Nazirlər Kabinetinin “Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə” sərəncamında qeyd edilib.

Sərəncamla Fövqəladə Hallar Nazirliyinə tapşırılıb ki, 6 ay müddətində Energetika Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin (respublikanın şəhər və rayon mərkəzlərinə münasibətdə rayon (şəhər) icra hakimiyyəti orqanlarının nümayəndələri), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə birlikdə insanların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş binalarda, o cümlədən yataqxanalarda, mehmanxanalarda, sanatoriyalarda, istirahət evlərində, kempinqlərdə, motellərdə və s. yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar aparılmasını təşkil etsin.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qərar əslində çoxdan verilməli olan, doğru bir qərardır.

Elmar Nurəliyev Elmar Nurəliyev

“Ümumiyyətlə, bütün iş yerlərində istər ictimai-iaşə obyektlərində, istər xidmət sahələri, istərsə də sənaye-istehsalat sahələrində təhlükəsiz əmək şəraiti yaradılmalıdır. Yəni orada çalışan işçilərin həyat və sağlamlığı üçün heç bir təhlükə olmalı deyil. İşə götürənlər buna diqqət etməlidir. Təhlükəsizlik məsələləri ön planda olmalıdır”, - deyən ekspert bildirib ki, son baş vermiş dəhşətli hadisə bir daha iş yerlərində, ümumiyyətlə isə ictimai-iaşə obyektlərində, insanların daha çox cəmləşdiyi məkanlarda təhlükəsizlik tədbirlərinin nə qədər vacib olduğunu göstərdi.

“Son baş verən hadisə insanlarda həm təəssüf, həm də narahatçılıq doğurdu. Artıq yeni sərəncama görə, iş yerlərində sərəncamda göstərilən qurumlar tərəfindən yoxlamalar aparılacaq. Nöqsanlar və çatışmazlıqlar barəsində tədbirlər görüləcək. Bu da öz növbəsində insanların rahatlığı, sağlamlığı və təhlükəsizliyi üçündür”,- deyə ekspert bildirib.

Nurəliyev qeyd edib ki, obyektlərdə mütəmadi olaraq, qaz təsərrüfatına dair təhlükəsizlik tədbirləri çərçivəsində cavabdeh şəxslər tərəfindən qaz xətlərinə baxış keçirilməlidir. Qaz sızması, kənar qoşulmalar, qaz qurğuları və avadanlıqlarının texniki sazlığı mütəmadi olaraq yoxlanılmalıdır.

Eyni zamanda obyektdə yarana biləcək fövqəladə hallarla bağlı təhlükə riskləri nəzərə alınmaqla elektrik xətlərinə texniki baxış keçirilməlidir. Obyektdə digər təhlükə riskləri nəzərə alınmaqla yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və işçilərin əmək mühafizəsi qaydalarına riayət edilməsinə ciddi nəzarət təşkil edilməlidir. Belə olanda vəziyyətdə istehsal müəssisələrində, insanların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş binalarda təhlükəsizlik mövcud olar.

Xatırladaq ki, bir müddət əvvəl Bakıda fəaliyyət göstərən gecə klublarından birində balon qazından qaz sızması nəticəsində partlayış baş vermişdi. Partlayışda xəsarət alan 37 nəfərdən 3-ü ölüb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »