Aprelin 2-də Ukrayna hərbçiləri Kiyev vilayətini işğalçılardan tam azad edib. Lakin Ukrayna mediası bu ərazilərdə yaşayan insanların hələ də dəhşətli hadisələrin təsirində olduqlarını bildirir.
Bizimyol.info xəbər verir ki, “ Ukrayna Şahidləri ” layihəsinin “YouTube” kanalında Rusiyanın müvəqqəti işğalı dövründə yaşadıqlarını bölüşən Nadejdanın hekayəsini əks etdirən video yayımlanıb.
Videoda bildirilir ki, qadının yaşadığı Qrebelki kəndi martın 3-də Rusiya ordusu tərəfindən işğal edilib. Rusiya tankları əvvəlcə kəndi mühasirəyə alıb, daha sonra isə kəndə daxil olublar.
Həmin kənddə iki oğlu ilə birgə yaşayan Nadejda baş verən hadisələrdən danışan zaman çox çətinlik çəkib. Baş verənləri xatırlamaq və danışmaq ona bir o qədər də asan olmayıb. Çünki Nadejda Rusiya ordusunun hücumu nəticəsində bir oğlu Volodyanı itirib, digər oğlu Oleq isə ağır yaralıdır.
Nadejda açıqlaması zamanı bildirib ki, Rusiya işğalçıları onun oğlanlarını güllələdikdən sonra başqa adamlar tapmaq üçün evdə axtarış aparmağa başlayıblar. O bildirib ki, nə qədər ağır da olsa, o, öldürülən oğlunun qanını şəxsən özü yuyub və həyətində basdırıb. Bildirib ki, oxşar şəraitdə yaşayan yüzlərlə digər ailə kimi o da oğlunu “insan kimi” dəfn etmək fürsətini gözləyir.
Qeyd edək ki, “Ukrayna Şahidləri” layihəsinin məqsədi Rusiyanın təcavüzü kontekstində Ukraynadakı əsl vəziyyəti bütün dünyaya göstərməkdir.
Xatırladaq ki, aprelin 10-na olan məlumata görə, Kiyev vilayətində 1222 nəfər ölsürülüb. Mülki əhalinin öldürülməsi isə müharibə cinayətidir və beynəlxalq hüququn, insan haqlarının və istənilən əxlaq normalarının pozulmasıdır. Xatırladaq ki, beynəlxalq humanitar hüququn əsas qaydası mülki şəxslərin öldürülməməli olduğunu deyir. Əksinə, onları mümkün qədər qorumaq lazımdır. Amma Rusiya ordusu Ukraynada qarşısına çıxan bütün dinc yaşayış məntəqələrini bombardman edir. Buçada isə şüurlu şəkildə soyqırım törədiblər.
Leyla, Bizimyol.info