Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dünya qadınlar üçün təhlükəlidir.., bu düzən kişilərə yarayır”
“Dünya qadınlar üçün təhlükəlidir.., bu düzən kişilərə yarayır”

Müharibələr qadınların həyatını xüsusilə çəkilməz edir. Onlar təkcə ölüm təhlükəsi yaşamır. İstənilən vaxt əsir düşüb həyatının ən ağır fiziki zərbəsini ala bilərsən. Alman jurnalist Rebekka Endler kişilərin idarə etdiyi dünyada qadınlar üçün yaşamağın necə çətin olması barədə kitab yazıb. “Əşyaların patriarxallığı. Niyə bu dünya qadınları qane etmir” kitabı 336 səhifəni əhatə edir.

Bizimyol.info xəbər verir ki, müəllif kişinin dünyada etalon kimi qəbul olunmasından narahatdır. Rebekka Endler məhz bu cinsin nümayəndələrinin bir çox standartları müəyyənləşdirdiyini düşünür.

“Sanki məişətdə çox şeyi kişiləri nəzərə alaraq hazırlayıblar. Pulqabı, sənədlər, telefon – güclü cinsin nümayəndələri bütün bunları geniş ciblərinə qoya bilərlər. Qadınlar isə mütləq xudmani çantalar gəzdirməlidir. Mikserə baxın, qabarit və formasını nəzərdə tuturam. Belə bir əşya qadın əlləri üçün yaradıla bilərdimi? Qadınların fizioloji xüsusiyyətləri heç nəzərə alınmayıb”.

Rebekka Endler velosipedi də nümunə göstərir. Uzun illər bu nəqliyyat vasitəsindən yalnız kişilər istifadə edib. Alman jurnalist yazır ki, qadınlara velosipeddən xüsusilə geyiminə görə istifadəni uyğun saymırdılar.

Kitab müəllifi çox maraqlı nüansdan bəhs edib. O, kişilər üçün ictimai tualetlərin sayının çoxluğuna diqqət çəkib. Pissuarlar güclü cinsin nümayəndələrinin işinə çox yarayır. Hətta açıq havada da belə tualet aksesuarına rast gəlmək mümkündür. Qadınlar isə bu məsələdə daha çox əziyyət çəkir. Endler 2015-ci ildə Niderlandda baş vermiş hadisəni xatırlatmağı unutmayıb. Gecə qonaqlıqdan gələn bir qız heç bir yerdə ictimai tualet tapa bilmədiyinə görə təbii ehtiyacını küçədə ödəmişdi. Buna görə cərimə olunan qız həmin məbləği ödəməmiş, bunu hətta hüquqi müstəvidə mübahisələndirmişdi.

Rebekka Endler yazır ki, qadınlar kişilərə nisbətən ictimai nəqliyyatda, ofisdə daha az mürgüləyir. Görünür, müəllif yenə təhlükəsizlik məsələsini nəzərdə tutur. “Dünya qadınlar üçün təhlükəlidir”, - Endler bu ifadəni xüsusi vurğu ilə qeyd edib.

Futbol butsları da alman jurnalistin diqqətini çəkib. Onun fikrincə, bu idman aksesuarı yalnız kişi dabanları üçün nəzərdə tutulub. Futbolçu qadınlar həyatının sonrakı dönəmində ayağının deformasiyaya uğramasını müşahidə edə bilər.

Statistikaya görə, avtomobil qəzalarında qadınlar daha çox ölür. Çünki maşınların davamlılığına əmin olmaq üçün “kişi” manekenlərdən istifadə olunur. Halbuki qadınların həmin qəzalardan sağ çıxıb-çıxmayacağını da hesablamaq lazımdır.

Müəllif qadın polislərin üzləşdiyi bir problemə də işıq salıb. Zirehli jiletlər hazırlanarkən qadın anatomiyası nəzərə alınmayıb. Ümumiyyətlə, Endler kitabında çox maraqlı məqamlara toxunub. Kişilərin qadınlara nisbətən daha çox məvacib almasından tutmuş Almaniyadakı küçələrin böyük əksəriyyətinin güclü cinsin nümayəndələrinin şərəfinə adlandırılmasına qədər. Endler dünya düzəninin daha çox kişilərə yaradığına əminlik ifadə edib.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »