Əsrlərdir inanclarımıza hörmət əlaməti olaraq Ramazan və Məhərrəm aylarında toy etməkdən vaz keçirlər. Hətta ölkəmizdə yaşayan digər inanclı müxtəlif xalq nümayəndələri belə nadir hallarda toy-şənlik edirlər. Lakin son vaxtlarda toy edənlərlə qarşılaşsaq da, bu birmənalı qarşılanmır. Ekspertlər isə qeyd edirlər ki, bu aylarda toy etmək heç də qəbahət sayılmır.
Orucluqda insanlar pisliklərdən uzaq durmağa çalışır, oruc tutur, digər vaxtlar spirtli içki qəbul edənlərin bir çoxu bu ayda oruc tutmasa da, alkoqollu içkilərdən uzaq durmağa çalışır. Ramazan yeganə aydır ki, mağazalarda spirtli içkilərin satışı bir qədər zəifləyir. Bu, həm də toy-nişan, yubiley və digər belə mərasimlərin keçirilməməsi ilə də bağlıdır.
Şadlıq sarayı inzibatçılarının sözlərinə görə, Ramazan ayında toy edənlərin sayı az olsa da, məkanların qapıları daha çox iftar süfrələri üçün açıqdır.
İlahiyyatçı Mirhəmid Məmmədov da həmçinin qeyd ediri ki, Ramazanda toy eləmək qadağan olunmayıb. Onun sözlərinə görə, Ramazan ayında toy etmək könül işidir və hər kəsin şəxsi fikrindən asılıdır.
Toy əgər keçirilərsə, məlumdur ki , insanlar toplanır və gün batmamış, yəni iftar vaxtı yetişməmiş insanlar yemək yeyə bilərlər və bu da günah sayılır. Dinimizdə oruc tutmaq vacib olduğu kimi, oruc tutanlara ehtiram göstərmək lazımdır.
Bu səbəbdən mübarək ayda bu cür məclislərin yalnız axşam saatlarında, yəni iftardan sonra təşkil olunması tövsiyə olunur. Bu şərtlər təkcə toy yox, digər məclislərə də şamil edilir. Ramazan ayında oruc tutanlar üçün iftar süfrəsi açmaq savab iş sayılır. İftar süfrəsini adətən, o şəxslər açır ki, onlar müxtəlif səbəblərdən oruc tuta bilmirlər. Bu mərasimi təşkil etməklə onlar savab əməl sahibi olurlar. İftardan əvvəl isə insanları toya dəvət etmək məqbul sayılmır. Belə məclislərin yalnız axşam saatlarında, yəni iftardan sonra təşkil olunması tövsiyə olunur.
Toy etmək özü də bir ibadətdir. Bir ailə qurulur. Ramazan ayında ailə qurmaq böyük savabdır.
Bəzən cəmiyyətdə Ramazan ayında toy etməməklə bağlı yanlış fikirlər yaratmağa çalışırlar. Amma belə iddialar əsassızdır. İmsak və iftarı nəzərə almaqla, Müqəddəs Ramazan ayında toy etməyin heç bir problemi yoxdur.
Dini mətnlərdə bununla bağlı heç bir qadağaya rast gəlinmir. Sadəcə, orucun qaydalarına riayət olunmalıdır.
Havar, Bizimyol.info