Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dost ölkə olan Azərbaycan bu çətin dövrdə Moldovaya kömək edir"
"Dost ölkə olan Azərbaycan bu çətin dövrdə Moldovaya kömək edir"

Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı qaçqınların ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən, təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələrindən ibarət humanitar yardım bugün Moldovaya yola salınıb.

Bu barədə Bizimyol.info xəbər portalına Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, məbləği 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə 15 aprel saat 10:00-da Moldova və Ukraynanın ölkəmizdəki diplomatik nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə cari ilin 27 fevral və 12 mart tarixlərində Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan, eləcə də ərzaq məhsullarından ibarət ümumi məbləği 21.5 milyon manat olan (11,5 milyon avrodan artıq) 520 tona yaxın humanitar yardım göndərilib.

Moldova ukraynalı qaçqınlar üçün göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib. Moldovanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nikolay Kojuhar bildirib ki, bu gün əlamətdar gündür. Çünki dost ölkə olan Azərbaycan bu çətin dövrdə Moldovaya kömək edir: “Bir çox Ukrayna vətəndaşı Moldova ərazisindən istifadə etməklə digər ölkələrə keçsələr də, hazırda 100 minədək ukraynalı müvəqqəti olaraq Moldova ərazisində məskunlaşıb. Bu isə ölkə əhalisinin, təqribən, 4 faizini təşkil edir”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »