Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur"
"Bu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur"

Aprel ayının 12-də prezident İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına dair müşavirə keçirilmişdir. Müşavirədə ölkə başçısı Azərbaycanda mövcud olan yüksək iqtisadi inkişafa diqqət çəkməklə yanaşı, ölkəmizin beynəlxalq siyasi arenada qazandığı uğurları xüsusilə vurğulayıb.

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat açıqlamasında bildirib ki, ötən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Əsas məqsəd keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, həm də, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi. Əlbəttə, hər iki istiqamət üzrə uğurlu nəticələr Azərbaycan xalqının və eləcə də dünyanın gözü qarşısındadır. Cənab Prezident çıxışında nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tam tanımasını xüsusilə diqqətə çatdırıb: “...postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilmişdir - Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur”.

Şübhəsiz ki, bu, Azərbaycanın beynəlxalq arenada haqlı mövqeyini daha da gücləndirən əsaslardandır. Eyni zamanda onu da deməliyik ki, BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etməsi, hətda bütün üzvlərin razılığı ilə sədrliyin bir il uzadılması bu təşkilatla ölkəmiz arasında münasibətlərin yüksək səviyyədə qurulduğunun bariz örnəyidir. Onu da qeyd edək ki, Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı olaraq Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur. Əlbəttə, bütün bunlar ölkəmizin beynəlxalq siyasi arenada artan nüfuzunun təzahürüdür.

İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini deyən T.Cəfərova qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr qəbul etmişdir. Həmçinin, təşkilat tərəfindən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul edilmiş və təşkilatın rəhbərliyi azad edilmiş torpaqlara səfərlər etmişlər.

Burada xüsusilə ATƏT-in də yeni reallıqları qəbul etməsini, Minsk qrupunun 28 ildə fəaliyyətsizliyini və nəticədə ona verilən mandatın de-yuri qüvvədə olsa da, de-fakto etibarsız sayıldığını qeyd etməliyik. Ona görə ki, işğal dövründə Minsk qrupu istəsəydi keçmiş münaqişənin həlli istiqamətində ciddi addımlar ata bilərdi. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Lakin, heç bir nəticə olmamışdır . Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Əlbəttə burada başlıca səbəb Azərbaycana qarşı ikili standartlar siyasətinin həyata keçirilməsi idi. Azərbaycan əbədi-əzəli torpaqlarını işğaldan azad etməklə beynəlxalq hüququ və ədaləti bərpa etmiş oldu.

Prezident İlham Əliyev müşavirədə çıxışında Azərbaycanın Avropa İttifaqı ilə intensiv münasibətlərin qurulduğuna diqqət çəkərək qeyd edib: “Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir”.

Əlbəttə Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının başlanması prosesində və münasibətlərin normallaşması ilə əlaqədar Aİ-nın həyata keçirdiyi funksiya Azərbaycan üçün olduqca önəmlidir. Hər şeydə öncə Brüssel sülh gündəliyi Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında formalaşdırılmış və ümumən regionun inkişafı naminə konstruktiv münasibət ortaya qoyulmuşdur. Şübhəsiz ki, beynəlxalq siyasi arenada əldə olunmuş uğurlar Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru, dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »