Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın ən varlı adamlarına niyə sanksiya tətbiq edilmir? - ABŞ-dan ikibaşlı oyun
Rusiyanın ən varlı adamlarına niyə sanksiya tətbiq edilmir? - ABŞ-dan ikibaşlı oyun

Ukraynanın işğalından sonra Rusiyaya və oliqarxlarına qarşı tətbiq edilən sanksiyalarla bağlı müzakirələr davam edir.

Bizimyol.info xəbər verir ki, Britaniyanın “Financial Times” qəzeti Rusiyanın ən zəngin adamı Vladimir Potaninin sanksiyaya məruz qalmadığına diqqət çəkərək, bəzi insanların sanksiyalardan təsirlənməməsinin ciddi sual işarələri yaratdığını yazıb. Sanksiyaların icrasında uyğunsuzluqların olduğunu yazan qəzet, Kremlə yaxın olan bəzi şəxslərin heç bir şəkildə sanksiyalardan təsirlənmədiyini vurğulayıb.

Belə ki, Sovet İttifaqının dağılmasından sonra 1990-cı illərin ortalarında dövlət tərəfindən maliyyələşdirilən proqramlar vasitəsilə sərvət qazanan Potanin 2022-ci ilin martına görə Rusiyanın ən varlı adamı, dünyanın isə 58-ci ən varlı adamıdır. 25 milyard dollara yaxın sərvəti olan Potanin 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarının maliyyələşdirilməsini də dəstəkləyib və prezident Vladimir Putinlə xokkey oynayarkən görüntülənib.

Ukraynanın işğalından sonra Kanada və Avstraliyanın sanksiya siyahısına daxil edilən bu oliqarx, ABŞ və Avropa Birliyinin bir çox iş adamlarını və şirkətlərini hədəf alan sanksiya siyahısında yoxdur. Potanin kimi bəzi oliqarxların Qərb ölkələrinin sanksiyalarından azad edilməsi və Qərblə işgüzar əlaqələrinin davam etdirilməsi reaksiyalara səbəb olub. Bu həftə Fransa "Société Générale"-nin Rusiya bölməsinin Potaninin holdinqi tərəfindən alınması da müzakirələrə səbəb olub.

"Financial Times"-ın məlumatına görə, bu vəziyyət ABŞ Konqresində və bir çox qurumlarda etirazlar yaradıb.

“Əsl məsələ Putinlə münasibətlərdirsə, bu siyahı daha uzun olmalıdır”,- deyə Rusiya biznes ictimaiyyətinə yaxın olan ABŞ bankiri bildirib.

Potanindən başqa, Böyük Britaniya və Aİ-nin sanksiya siyahısında olan oliqarx Aleksey Mordaşova da indiyədək ABŞ-da sanksiya tətbiq edilməyib. Bundan başqa, Qərb ölkələrində çoxlu sərmayələri olan oliqarxlar Mixail Fridman və Petr Aven də heç bir sanksiyaya məruz qalmayıb. Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan Leonid Mixelsonun ABŞ və Aİ-nin sanksiya siyahısına salınmaması da mübahisələrə səbəb olur.

Bundan əlavə Rusiyanın metal və mədən sənayesində aparıcı adı olan Əlişir Usmanov sanksiya siyahısına salınsa da, onun şirkətlərinə toxunulmayıb. Sanksiyalar nəticəsində İngiltərə Premyer Liqa komandalarından olan "Çelsi "ni satmağa qərar verən Roman Abramoviç Rusiya ilə Ukrayna arasında vasitəçilik səyləri səbəbiylə ABŞ-ın sanksiya siyahısına daxil edilməyib. Bundan başqa, Putinin doktorluq müşaviri olan milyarder iş adamı Vladimir Litvinenko da onun sanksiya siyahısına salınmaması ilə bağlı mübahisə yaradan adlardandır.

ABŞ-dakı Co Bayden administrasiyasına yaxın bəzi mənbələr Vaşinqtonun sanksiyaların qlobal bazarlara mənfi təsirindən və bazardakı qeyri-sabitlikdən qaçmağa çalışdığını bildirib. Qeyd edilib ki, 2018-ci ildə Rusiyanın alüminium şirkəti "Rusal"-a qarşı tətbiq edilən sanksiyalar dünya alüminium bazarını şoka saldıqda ABŞ geri addım atmalı və bu sanksiyalardan imtina etməli olub.

Bu səbəbdən də Rusiyada nikel istehsalında mühüm rol oynayan Potaninə qarşı sanksiyaların eyni şəkildə avtomobil akkumulyatorlarında istifadə edilən nikelin tədarükündə də ciddi problemlər yaradacağından ehtiyat edilir.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyinin rəsmisi də ABŞ və müttəfiqlərinə təsir edə biləcək sanksiyalardan qaçdıqlarını bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »