Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nərminin anası deyirdi ki, uşaq getmirdi, atası onu məcbur edib göndərib”
“Nərminin anası deyirdi ki, uşaq getmirdi, atası onu məcbur edib göndərib”

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu il noyabrın 21-də 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı vinayət işində və məhkəmə dindirmələrində uşağın valideynləri və başqa qohumlarının davranışlarıyla bağlı qaranlıq qalan məqamlar var. Aprelin 13-də keçirilən məhkəmədə dindirilən şahid deyib ki, uşağın itkin düşdüyü gün atası tərəfindən bir əmisinə gödəkçə vermək, o biri əmisindən isə gödəkçəni götürmək üçün məcburi evdən məcburi göndərildiyini Nərminin öz anasının dilindən eşidib.

Bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə baxılır. Bizimyol.info xəbər verir ki, bu dəfə məhkəmə iclasında Dondar Quşçu kənd sakini Qaratel Orucova dindirilib. O, 2020-ci il yanvarın 6-da axşam saat 20.00 radələrində meyit yanarkən oradan keçən taksinin içində olub.

Qaratel Orucova məhkəmədə bildirib ki, yanmış meyiti yaxından görüb, onun kimliyini baxmaqla müəyyənləşdirmək çətin olardı. O, meyitin ölçüsünün də böyük olduğunu, onun uşağa oxşamadığını vurğulayıb: “Qudam xəstə idi, Tovuza getmişdim, qonşuları taksi sürücüsü idi, onu çağırdılar. Həmin taksi axşam 8 radələrində məni kəndə qaytardı. Evə getdim, yolda qızıma zəng elədim ki, çıxsın yola, məni düşürən taksi onu da evinə aparsın. Sonra evdə yoldaşım dedi ki, kənd camaatı danışır, Nərmin meyitini tapıblar”.

Hadisə vaxtı İlkin Süleymanov, əmisi oğlu Murad Süleymanov və qonşu Nazim Vəliyev meyiti söndürəndə maşının keçdiyini görüb. Murad Süleymanov onun nömrəsini götürüb və dərhal polislərə də təqdim edib. Həmin nömrə əsasında sürücünün kimliyini müəyyənləşdirib, onu gətirib Qaratel Orucova ilə üzləşdiriblər.

“Meyitin yanına aparanda gördüm ki, tanınacaq vəziyyətdə deyildi. Böyük idi, uşaq meyitinə oxşamırdı. Heç bir yerindən tanımaq mümkün deyildi onun kimliyini”, - Qaratel Orucova bildirib.

O, əlavə edib ki, Nərminin anası Aynurə İsmayılovanın uşaq itkin düşən gün evdən atası tərəfindən məcburi göndərildiyini deyirdi: “Onda Aynurəni yolda görmüşdüm. Aynurə deyirdi ki, Nərmin getmək istəmirdi, atası məcburi göndərib. Deyib ki, apar bu kurtkanı əminə ver, o biri əmingildən də mənim kurtkamı gətir, səni axşam toya aparacam. Aynurə İsmayılovanın anası, uşağın ana nənəsi Minayə də kəndin içində qışqırıb deyirdi ki, uşaq ata nənəsi Leybəgilə gedib, oradan yoxa çıxıb”.

Taksi sürücüsü Eldar Bağırov da məhkəmədə dindirilib. O da Qaratel Orucova ilə eyni məzmunlu ifadə verib: “Qonşumun qudasıdır, taksi lazım idi, mənə dedilər, evlərinə apardım. Gedəndə gördüm ki, arxamızca çoxlu polis maşınıları gəlir. Keçəndə közərti gördüm, bir nəfər də maşının şəklini çəkirdi. Məni həmin gün axşam aparıb üzləşdirdilər, sözlərimiz üst-üstə düşdü, buraxdılar”.

Məhkəmədə İlkin Süleymanovun bacıları İlhamə Süleymanova və Kəmalə Məmmədova da dindirilib.

Kəmalə Məmmədova deyib ki, onun evindəki axtarışda qırmızı yorğan üzülərini götürüblər. Deyiblər ki, uşağın başına bağlanmış parça ilə eyni cinsdəndir: “O yorğan üzlərini anam 1999-cu ildə tikili vəziyyətdə mağazadan alıb mənə verib. İki qorğan üzü də mənə qayınanamdan qalıb. Guya uşağın başına bağlanmış parça olub, onunla mənim evimdəki yorğan üzləri eyni cinsdən olub. Soruşdular ki, ola bilərmi o parçalardan anamgildə qalsın? Dedim ki, mümkün deyil”.

İlhamə Süleymanova isə qardaşı tutulandan sonra polis və prokurorluq işçilərinin qanunsuz hərəkətləri haqda danışıb. O bildirib ki, yanvarın 10-da İlkini dindirmə üçün evə gətirəndə valideynlərini, onu və bacısını, qardaşını, əmisini zorla evdən çıxarıblar. İlkinin özünə isə ailə üzvlərinin ondan imtina etdiyini, bu səbəbdən onun gətirildiyini eşidəndə evdən çıxıb getdiyini deyərək aldadıblar: “Bizi evimizə buraxmadılar. Sonradan bildik ki, İlkinə deyiblər, “ailən səndən imtina edib, sənə görə evdən çıxıb gediblər”. İlkin deyirdi ki, həmin vaxt özümüzünkülərdən kimisə görüb, başıma gələnləri qışqırıb demək ümidiylə gəlmişdim. Gəldim gördüm ki, heç kim yoxdur...”

İlhamə Süleymanova onlara qarşı başqa qanunsuzluqlardan danışmaq istəsə də, hakim davam etdirməsinə imkan verməyib.

İlhamə Süleymanova əlavə edib ki, Nərminin 47 gün saxlandığı iddia olunan otaqda qalması mümkün deyildi. Onun sözlərinə görə, qışda çox soyuq olduğuna görə o evdən meyvə-tərəvəz saxlamaq üçün istifadə edirlər. Həm də orada əşyalar var: “Mən ora dəfələrlə girib-çıxmışam, meyvə-tərəvəz götürmüşəm. Oğlum toya gedirdi, ora qalxıb, Nərminin saxlandığı deyilən otaqda qardaşımın kostyumunu geyinib baxıb”.

Şərif Quliyevin spirtli içki aludəçisi olduğunu deyən İlhamə Süleymanovanın sözlərinə görə, o, içkiyə görə ailə üzvlərini də incidirdi: “Bacım Kəmalıgilin balaca mağazası var. Aynurə bacıma demişdi ki, sən Allah, o kor olmuş nisyə nə istəsə - siqaret, içki verin, pulunu sonra mən ödəyəcəm. Yoxsa evdə uşaqları incidir...”

Məhkəmə prosesi davam edir.

Azyaşlını oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan 1973-cü il təvəllüdlü İlkin Süleymanov təqsirsiz olduğunu, işgəncələr altında etiraf ifadəsinə imza atmağa məcbur olduğunu bildirib.

Bir çox saytlar İlkin Süleymanovun yanvarın 6-da saxlandığı barədə məlumat yaymışdı. Məhkəmədə dindirilən şahidlər, hətta Nərmin Quliyevanın yaxınları da onun yanvarın 6-da tutulduğunu bildirir. Amma cinayət işinin materiallarında onun yanvarın 10-da tutulduğu yazılıb. İlkin Süleymanov Tovuz rayon Polis Şöbəsində qanunsuz saxlandığı vaxtlarda işgəncəyə məruz qaldığını bildirib.

Prokurorluq isə işgəncə şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib. Baş Prokurorluq açıqlama yayaraq, işgəncə iddialarının əsassız olduğunu bəyan edib.

Bizimyoı.info

Son xəbərlər
Bütün xəbərlər »