Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
O həşəratdan xaricdə varsa...
O həşəratdan xaricdə varsa...

Əsr XX. İl 1997. Müxbir xarici işlər nazirinin brifinqindən qayıdıb. Yolboyu gülüb. Hələ də gülür. Brifinqdən reportaj yazmalıdır. Gülməkdən özünü toplaya bilmir.

Redaktor soruşur:

- Nə olub? Nəyə gülürsən?

Müxbir gülməyinə ara vermədən deyir:

- Nazirə sual verdim...

- Hə. Burda gülməli nə var?!

Nə baş verdiyini hələ bilməsə də, artıq redaktorun özünü də gülmək tutur, ciddiyyətini zorla toparlayır. Müxbir onun bu halını görüb, qəhqəhəyə cəsarətlənir. Redaktorun sual dolu baxışlarına bir cavab borcu olduğunu xatırlayıb özünü birtəhər ələ alır:

- Nazir deyir ki, ... dövləti (Uzaq Şərqdəki böyük bir ölkənin adını çəkir - red) öz səfiriyinə bina tikmək istəyir... (Gülüş davam edir).

Redaktor yüngülcə əsəbləşməyə başlayıb deyəsən.

Müxbir gülməyini dayandırıb yenə ciddiləşir:

- Torpaq ayrılmasını istəyiblər. Səfirlik "Azərbaycan" mehmanxanasında bir neçə otaqda yerləşib. Səfir Nazirliyə yazıb ki, divarlarda tarakan gəzir, cürbəcür həşəratlar dolaşır...

İndi anlaşılır bu gülüş böhranının səbəbi: müxbir nazirin səfirə nə cavab verdiyini soruşub, o isə elə belə də deyib:

- Dedim: "Tarakanın nəyi pisdir?! Sizin ölkənizdə onu bişirib yeyirlər"...

Redaktor fikirli-fikirli gülümsəyir.

Müxbirə: "Bunu yazma" demir. Ancaq əmindir ki, nazir dediklərindən mütləq peşman olacaq (ya da artıq olub) və bu olayın səsi çıxacaq.

Heç beş dəqiqə keçmir, Nazirliyin mətbuat və informasiya idarəsinin rəisi redaktora zəng edir, o açıqlamanın verilməməsi xahişində bulunur...

İndi, gəl, qərar ver. Yazacaqsan, diplomatik qalmaqala səbəb olacaqsan (özü də belə bir böyük dövlətlə). Yazmayacaqsan, oxucunun marağını itirəcəksən (üstəlik, bu zaman: "Bəs birdən kimsə bu açıqlamanı versə?" sualının əlləri yaxandan yapışıb).

"Yaman yerdə axşamladıq" deyə düşünür hələ redaktor. Bəli də. Buyur. İki pis variant arasında ən az pis olanı seç, görüm, necə seçirsən...

Müxbir çaşbaş. Redaktor qərarsız...

Həə. Bax bu gün redaktorla müxbir maraqlı bir xəbərlə rastlaşır: hökumətimiz yeməli həşəratların idxalına rüsum qoyub. 15 faiz!

Dərhal sual doğur: kim yeyir bu qədər həşəratı ölkəmizdə?! Harda satılır? Hansı restoranlarda verilir bu çərəz?!

Təsəvvür etməyə çalışdım. Alıcı mağazaya gəlir, satıcıya deyir:

- Qardaş (və ya xanım), ordan mənə yarım kilo tarakan, 300 qram da çəyirtkə ver.

O da desin:

- Bu gün təzə çəyirtkəmiz yoxdur. İynəçə versəm...

- Ver gəlsin...

Qərəz. O həşəratdan xaricdə varsa, niyə o həşəratdan bizdə yoxdur?!

Qara Şəhərli, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »