Avropa İttifaqı üzv dövlətlərdən Rusiya qazının pulunu rublla ödəməməyi xahiş edib. Birlik bəyan edib ki, rublla ödəniş Moskvaya qarşı tətbiq edilən sanksiyaların pozulmasıdır.
Bizimyol.info xəbər verir ki, Bloomberg-i məlumatlandıran mənbənin məlumatına görə, Aİ-nin icra orqanı olan Avropa Komissiyası Putinin “ödəniş rublla” fərmanının təhlilini üzv ölkələrə təqdim edib. Komissiya bildirib ki, Putinin Avropanın qaz təchizatını dayandırmaqla hədələməsi enerji təhlükəsizliyi risklərini artırır.
Komissiyanın ilkin hüquqi təhlilinə görə, Putinin fərmanı proseduru xeyli dəyişir və yeni hüquqi vəziyyət yaradır. Müqavilələrə hörmət edilməli olduğunu və bu müqavilələrin demək olar ki, hamısının avro və ya dollarla ödəniş tələb etdiyini bildirən komissiya, Rusiyanın sanksiyalardan yayınma cəhdinə cavab verəcəklərini bildirib.
Xatırladaq ki, Putinin imzaladığı təbii qaz ticarəti haqqında fərman aprelin 1-dən qüvvəyə minib. Putinin ödənişi rublla tələb etməsi avropalı qaz alıcılarından biri xarici valyutada, digəri isə rublla iki hesab açmağı tələb edirdi.
Avropa hökumətləri və şirkətləri hələ də fərmanın əməliyyat nəticələrini anlamağa çalışırlar. Avropa ölkələri, əsasən, rublla ödəməyə razı deyillər, lakin Almaniya Aİ-nin vahid mövqe sərgiləyəcəyini bildirsə də, Macarıstan təbii qazın pulunu rublla ödəyə biləcəyini açıqlayıb.
Ödənişin necə ediləcəyi ilə bağlı qərar son nəticədə Rusiyadan qaz alan şirkətlərin öhdəsində olacaq. Lakin Avropa firmaları çətin vəziyyətdə qalacaqlar, çünki bütün məhdudlaşdırıcı tədbirlərə əməl etməli olacaqlar.
Sözügedən ödənişlər edilmədiyi təqdirdə qaz nəqlinin dayanacağını qeyd edən Putin, “Heç kim bizə pulsuz heç nə satmır, xeyriyyəçiliklə məşğul olmayacağıq. Ödəniş rublla həyata keçirilməsə, Rusiya qaz müqavilələri dayandırılacaq”,- deyə bildirib.
“Biz resurslarımızı avropalı istehlakçılara təqdim etdik və onlar bizə avro ilə ödədilər, sonra isə resurslarımızı dondurdular. Bu çərçivədə qazın bir hissəsini Avropaya pulsuz çatdırmışıq. Bu, təbii ki, davam edə bilməz”,- deyə o əlavə edib.
Qeyd edək ki, digər tərəfdən ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiyaya qarşı qəbul edilən sanksiya qərarlarına xələl gətirən ölkələrə biganə qalmayacaqları barədə xəbərdarlıq edib. Yellen ötən gün etdiyi çıxışında “Ukraynaya qarşı müharibəni bitirənə qədər Rusiyanı dünyadan təcrid etmək üçün tərəfdaşlarımızla birlikdə çalışacağıq”,- deyə bildirib.
“Rusiyanın Ukraynadakı müharibəsini pisləməyənlər bunun nəticələri ilə üzləşəcəklər. ABŞ və müttəfiqləri Rusiyaya qarşı sanksiyalara zərər vuran ölkələrə və şirkətlərə biganə qalmayacaqlar”,- deyə Yellen əlavə edib.
Leyla, Bizimyol.info