Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sülh üçün... müharibəyə hazırlaşırıq
Sülh üçün... müharibəyə hazırlaşırıq

Prezident hökumət üzvləri ilə son müşavirədəki çıxışında dedi ki, Ermənistan Azərbaycanın 5 bənddən ibarət təkliflərini qəbul edib. Bu, əlbəttə, müsbət haldır.

Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul edəcəksə, bizim torpaqlara əsassız və təcavüzkar iddialardan əl çəkəcəksə, nə gözəl! İki dövlət bir-birini rəsmən tanıyacaqsa. Normal, dinc qonşuluq yaranacaqsa, nə əla! Ancaq prezidentin dediyindən məlum oldu ki, Azərbaycan, məşhur el məsəlində deyildiyi kimi, çomağı yerə qoymaq fikrində deyil. Nəqliyyat dəhlizləri, iqtisadi əlaqələr, diplomatik münasibətlər, humanitar yaxınlıü-filan... Bunlar hələ əvvəlki tutumların təkrarlanmayacağına təminat deyil və olmayacaq da. Ermənistanla Azərbaycan arasında münaqişə hər iki respublika, hər iki xalq Sovet İttifaqının tərkibində olanda başlamışdısa, deməli, iki ayrı dövlət olaraq onların arasındakı münasibətlətdə həmişə münaqişə, müharibə riski olacaq, qalacaq.

Üstəlik nəzərə alaq ki, Ermənistanda ana müxalifət revanşist mövqeyini dəyişməyib. Ermənistanda hələ də ultramillətçilik meylləri, təcavüzkarlıq niyyətləri ilə yaşayan qüvvələr, ictimai kəsimlər var. Onlar heç yerə yoxa çıxmayıblar. Bu gün Ohanyan və başının dəstəsi Qarabağa buraxılmır; bəli, müsbət hadisədir. Ancaq bu, həm də Ohanyan,Sarqsyan, Köçəryan təfəkküründə olanların hələ də ən azı fiziki varlığının isbatıdır. Siyasi varlıqlarını da sınıq-salxaq da olsa, sürdürürlər. Ona görə Azərbaycan prezidenti deyib ki, ordu quruculuğuna xüsusi diqqət göstəriləcək. Ordu qurucuıuğu davam edəcək. Orduya nə qədər gərəklidirsə, o qədər vəsait ayrılacaq. Silahlı Qüvvələr modernləşdirilməkdə davam edəcək. Dövlət başçısının son müşavirədəki çıxışında əsas fikirlərdən biri də bu idi. Azərbaycan mürəkkəb coğrafiyada yerləşir. Çətin geosiyasi şəraitdə yerləşir. Dünyanın böyüklü-kiçikli çox güclərinin maraqlarının həm bəzən uzlaşdığı, həm çox zaman toqquşduğu bölgədəyik. Üstəlik torpaqlarımıza göz dikən, müstəqil dövlətçiliyimizi təhdid edən qüvvələr, dövlətlər var. Bu, heç kimə gizli deyil. Ona görə Azərbaycan öz siyasi və fiziki coğrafiyasını qorumaq üçün güclü orduya sahib olmalıdır.

Ermənistanın hansısa olumlu bəyanatı, hətta sülh müqaviləsinə razılaşması da hələ hər şeyi bitmiş hesab etmək üçün əsas deyil. Buna görə prezidentin müşavirədə söylədiyi bəzi faktlar maraq doğurur. Ən birincisi, Türkiyədən və İsraildən yeni silahlar alınır; böyük kontraktlar bağlanıb. İkinci Qarabağ Müharibəsində iki hərbi faktor qələbənin əsasını qoydu: döyüş hazırlıqlı əsgər və zabitlər, bir də ən müasir silahlar. Hər iki faktor daha da gücləndirilir. Dövlət başçısının da dediyi kimi, 44 günlük savaşda effektivliyini və fədakarlığını tarixə yazmış xüsusi təyinatlıların say tərkibi və hazırlığı artırılır. Bundan başqa yeni qoşun növü - komando yaradılıb və ilk hərbi hissə Hadrutda yerləşdi.

Azərbaycan Türkiyə ordusunun kiçik modelini yaratmaq niyyətini elan etmişdi. Sonra bunu plana çevirdi və icra etməyə başladı. Artıq ilk nəticələr də var. Müsbət nəticələrdir. Həm də qürurverici.

Azərbaycan Qoşulmama Hərəkatındadır. NATO üzvü deyil. Ancaq öz ordusunu NATO standartlarında qurur. Türkiyə bu baxımdan Azərbaycana böyük dəstək verir. Şuşa Bəyannaməsi ilə Türkiyə Azərbaycanın təhlükəsizliyinə təminatları siyasi-hüquqi olaraq bəyan edib. Ancaq əməli olaraq da Azərbaycana ordu quruculuğunda kömək edir. Bu dəstəyin əhəmiyyəti çox böyükdür. Azərbaycan da əmindir ki, güclü dövlətçilik həm də çox güclü, müasir ordu deməkdir. Ermənistanla barışacağıq, Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edib yaşayacaqlar deyə arxayınlaşmırıq. Bunu prezident Əliyevin son bəyanatlarından aydın görmək olur: dövlətimiz Ermənistanla münasibətlərin normallaşdırılması üçün iş aparır, ancaq hərbi gücünü də artırır. Məşhur frazada deyildiyi kimi: "Sülh istəyirsənsə, müharibəyə hazırlaş".

Ermənistanla sülh razılaşması da zamanla olacaq, Xankındində də bayrağımız dalğalanacaq. Ancaq dövlət elə ona görə dövlətdir ki, həmişə sülh olsun deyə həmişə nüharibəyə hazırlaşır.

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »