Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusda taksi sürücüsü Rusiya hərbçisini aparmaqdan imtina etdi - Video
Belarusda taksi sürücüsü Rusiya hərbçisini aparmaqdan imtina etdi - Video

Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında Belarus hərbçiləri də iştirak edir. Doğrudur, Aleksandr Lukaşenko bunu bir neçə dəfə təkzib edib. Belarusun Prezidenti hər çıxışında Ukraynaya hərbi müdaxiləni dəstəklədiyini, amma orada iştirak etmədiklərini xüsusi vurğulayır. Fakt odur ki, müharibədə ölənlərin arasında Belarus pasportu gəzdirənlər də az deyil.

Bizimyol.info xəbər verir ki, istənilən halda Belarusda sadə insanlar Kremlin addımını dəstəkləmir. Çoxluq Rusiyanın işğalçılıq siyasəti yürütdüyünü düşünür. Müstəqil sorğular da bunu deyir.

Martda Belarusun müharibədə rəsmi iştirak edəcəyi söz-söhbəti yayılanda xeyli kişi ölkədən getmək qərarına gəlmişdi. Sərhədi keçənlər deyirdi ki, ukraynalılara güllə atmaq hərbi cinayətdir, bu prosesin tərkib hissəsi ola bilməzlər.

Belarusda taksi sürücüsü rusiyalı hərbçini aparmaqdan imtina edib. Alternativ medianın yaydığı videoda maşına Rusiya hərbi geyimində bir şəxsin yaxınlaşdığı, amma sürücünün sifarişi rədd etdiyi görünür. Belaruslu deyir ki, yalnız Rusiya qoşunları Ukraynadan çıxandan sonra onun avtomobilinə minmək olar: “Gedin, rəhbərliyə şikayət edin”.

Kreml qoşunlarının bir hissəsi Belarus ərazisindədir. Rusiyalı hərbçilər Ukraynadan oğurladıqları maşınları, əşyaları gətirib burada satır. Hətta xeyli meyitin Belarusda saxlandığı, hələ Rusiyaya göndərilmədiyi bildirilir. Xüsusilə Ramzan Kadırovun döyüşçülərinin cəsədləri bir müddət qonşu ölkədə saxlanılmışdı. Çeçen rəhbər uğursuzluq görüntüsü yaranacağından çox narahat olmuşdu.

Rusiyanın Ukraynaya hücumu fevralın 24-də başlayıb. Kreml qoşunları ilk günlərdən Belarus ərazisindən istifadə edib. Kiyevə tez yaxınlaşmaq da rəsmi Minskin dəstəyi sayəsində baş tutmuşdu. Amma bir aydan çox döyüşlər Rusiya ordusunun məğlubiyyəti ilə nəticələnib. Mühasirədən çətinliklə çıxan rusiyalı hərbçilər məhz Belarusa üz tutub.

Rusiya Prezidenti Vladimir Putinə Aleksandr Lukaşenkodan başqa açıq dəstək verən ölkə rəhbəri yoxdur. Kremlin başçısı Ukrayna ilə danışıqların növbəti mərhələsinin də məhz Minskdə keçməsini istəyir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »