Argentina və Çili litium filizinin Rusiyaya satışını dayandırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına Sənaye və Ticarət Nazirliyinin Metallurgiya və Materiallar Departamentinin direktor müavini Vladislav Demidov bildirib. O, qeyd edib ki, Rusiyada litium xammalının istehsalı yoxdur. Xammal litium karbonat şəklində əsasən Çili, Argentina, Çin və Boliviyadan gətirilirdi.
Hazırda isə Çili və Argentinadan daşınmalar dayandırılıb. Xammal yalnız Boliviyadan alınır. Onun sözlərinə görə, Rusiyada emal gücü var, şirkətlər həm daxili tələbatı ödəmək, həm də ixrac tədarükü üçün litium karbonatı emal edirlər.
"Litium çatışmazlığı əslində böyük problemdir. Çünki Boliviya da xammal tədarük etməkdən imtina edərsə, təəssüf ki, litium xammalı götürmək üçün başqa yer yoxdur",- deyə Demidov bildirib. O, Rusiyada litium hasil edə bilən şirkətlərin fəaliyyəti üçün lisenziyaların verilməsinin sürətləndirilməsini də təklif edib.
Qeyd edək ki, litium, onun birləşmələri və ərintiləri bir çox sənaye, avtomobil sənayesi, təyyarə istehsalı, metallurgiya, mikroelektronika, kimya və başqa sahələrin texnoloji inkişafı üçün çox vacibdir. Litium yüksək tutumlu batareyaların istehsalı üçün çox önəmlidir.
Xatırladaq ki, Rusiyada 2022-ci ilin sonuna qədər ümumdaxili məhsulun 10 faiz azalması gözlənilir.
Tərcümə: İlahin, Bizimyol.info