Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya Federasiyası Ukrayna ilə həmsərhəd bölgələrdə öz qoşunlarının maneəsiz köçürülməsi üçün terror təhlükəsinin səviyyəsini artırdığı barədə məlumat yayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının aprelin 13-də saat 06:00-a olan operativ məlumatında qeyd edilib. Bildirilib ki, Rusiya Federasiyası aprelin 26-dək Ukrayna ilə həmsərhəd bölgələrdə və müvəqqəti işğal olunmuş Krım ərazisində qondarma “sarı terror təhlükəsi səviyyəsi”ni tətbiq edib. Qeyd edilib ki, bu tədbirlər, Ukrayna ərazisinə hərbi texnika, silah və şəxsi heyətin daşınmasını təşkil etmək məqsədi ilə həyata keçirilir.
Məlumatda Rusiya Federasiyasının Ukraynaya “könüllülər” adlandırılan qrupları köçürdüyü də yer alıb. Bildirilib ki, Leninqrad vilayətində 400 nəfərlik batalyon yaradılıb. Bu batalyon yalnız döyüş təcrübəsi olan hərbi qulluqçulardan ibarətdir. Onlar 58-ci birləşmiş ordunun 42-ci motoatıcı diviziyasının bölmələrindən birini gücləndirmək üçün Ukraynaya göndərilib.
“Severski istiqamətində Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin qarşısını almaq məqsədilə Kursk vilayətinin Ukrayna ilə sərhəd rayonlarında ayrı-ayrı bölmələrin saxlanılması istisna edilmir”,- deyə Baş Qərargahın məlumatında bildirilib.
Slobojanski istiqamətində isə Xarkovun qismən bloklanması və artilleriya atəşi davam edir. Müvəqqəti olaraq işğal olunmuş bəzi ərazilərdə düşmən “xalq milisləri” adlandırılan birləşmələrin formalaşdırılmasına çalışır.
Donetsk və Tauride istiqamətlərində düşmən Mariupola aviazərbələr endirməkdə davam etdirir. "Azovstal" metallurgiya kompleksi və dəniz limanı ərazisində hücumlar davam edir. Yujnobuqski istiqamətində düşmən ayrı-ayrı yaşayış məntəqələrini ələ keçirməyə çalışsa da, bir nəticəsi yoxdur.
Tərcümə: İlahin, Bizimyol.info