Sanksiyalar Rusiya iqtisadiyyatını böyük çətinliklər qarşısında qoyub. Neft gəlirləri xeyli azalıb. Çünki dünya ölkələrinin əksəri Rusiya neftinə yaxın durmaq istəmir. Birjalarda “Urals”ın barelinin 69 dollar civarında olduğu bildirilir. Amma Kreml indi məhsulunu 45-50 dollara da satmağa hazırdır. Əsas odur, yeni müqavilələr imzalansın.
Bizimyol.info xəbər verir ki, Rusiyada neft hasilatı da kəskin azalıb. Məhz bildiyimiz səbəb üzündən belə vəziyyət yaranıb. Şimal ölkəsi məhsulu sata bilmir.
Rusiyada neft və qaz kondensatlarının sutkalıq hasilatı axırıncı dəfə 2020-ci ilin iyulunda 10 milyon bareldən aşağı düşmüşdü. Onda koronavirus Kremli belə addıma sövq etmişdi. Halbuki uzun illər həmin həddən aşağı göstəricilər olmurdu. İndi isə sanksiyalar özünü göstərir. Aprelin 11-də hasilatı 9.76 milyon barelə endirmək məcburiyyəti yaranıb. Müharibəyə qədər Rusiya hətta 11 milyon həddini də aşmağı özünə rəva görmüşdü.
Rusiyada ən böyük neft istehsalçısı olan “Rosneft” də hasilatın aşağı düşdüyünü açıqlayıb. Aprelin ilk dekadasında sutkada orta hesabla 3.35 milyon barel neft hasil edilirmiş. Ayın 11-dən rəqəm 2.87 milyon barelə düşüb.
Rusiyanın Baş Nazirinin müavini Aleksandr Novak ötən həftə azalmanı gəmilərin istifadəsi ilə bağlı problemlərin yaranması və sığorta məsələləri ilə əlaqələndirmişdi. Onun sözlərinə görə, rəqəmlərin 4-5 faiz aşağı düşməsi təbiidir. Amma heç kimə sirr deyil ki, ən böyük problem sanksiyalardır. Xüsusilə ABŞ-ın endirdiyi iqtisadi zərbələr özünü göstərir. Moskvanın maliyyə qurumları sanksiyalara görə ödəmə proseslərini reallaşdıra bilmir. Bir sıra ölkələr Rusiyadan neft idxalını dayandırıb. Kreml az-çox Pekinə ümid bəsləyirdi. Lakin Çin Qərbin qəzəbinə tuş gəlmək istəmir.

Dövlət neft şirkətləri bir-birinin ardınca Rusiya ilə yeni müqavilə bağlamaqdan imtina edir. Köhnə müqavilə şərtlərinə əməl etməyənlər də var. Heç OPEK də Kremlin yanında olmaq istəmir.
Aytən, Bizimyol.info