Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Prezidenti: “Biz heç vaxt bu işğalı unutmamalıyıq, erməni vəhşiliyini unutmamalıyıq”
Azərbaycan Prezidenti: “Biz heç vaxt bu işğalı unutmamalıyıq, erməni vəhşiliyini unutmamalıyıq”

“Biz real həyatda yaşayırıq və 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalı soyqırımını, işğalı heç vaxt unutmamalıyıq, azərbaycanlılar kimi həmişə bizim yaddaşımızda olmalıdır”.

APA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, biz real işlərin tərəfdarıyıq və gələcəkdə bölgənin inkişafı ilə bağlı bizim çox aydın təsəvvürümüz var: “Biz bilirik nə istəyirik və öz məqsədlərimizə bundan sonra da çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Bax, postmünaqişə dövrü ilə bağlı əsas məsələlər bundan ibarətdir və bu işlərin böyük hissəsi 2021-ci ildə, bir hissəsi isə bu ilin üç ayında görülüb. Bu, bizə imkan verir ki, əgər bütün bu gündəlik həyatda öz əksini taparsa, bölgədə, doğrudan da Cənubi Qafqazda sülh olacaq, əmin-amanlıq olacaq, müharibə riskləri böyük dərəcədə azalacaq və beləliklə, biz rahat yaşaya bilərik. Azərbaycan xalqına xas olan yüksək xüsusiyyətləri nəzərə alaraq qurub yarada bilərik. Bunu edirik və bu haqda da bu gün danışacağıq”.

Azərbaycan Prezidenti qeyd edib ki, eyni zamanda, əlbəttə, biz heç vaxt bu işğalı unutmamalıyıq, erməni vəhşiliyini unutmamalıyıq: “Eyni zamanda, onu da unutmamalıyıq ki, bu gün Azərbaycan güclüdür, Ermənistan zəifdir. Ermənistan tərəfinin davranışı da məhz bu amillərə söykənir. Biz real həyatda yaşayırıq və 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalı soyqırımını, işğalı heç vaxt unutmamalıyıq, azərbaycanlılar kimi həmişə bizim yaddaşımızda olmalıdır. Məsuliyyətli insanlar kimi həmişə biz hər şeyə hazır olmalıyıq.

Qeyd etdiyim kimi, biz heç nəyi unutmamışıq və unutmayacağıq. Ona görə müharibədən dərhal sonra bütün başqa bərpa işləri ilə bərabər, biz həmişə olduğu kimi hərbi sahəyə də fikir vermişik. Bildirməliyəm ki, müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalandı. Bəzi kontraktların icrası başlanmışdır, bəzi kontraktların icrası başa çatmışdır, bəzilərinin isə icrası davam edir”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »