Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə Putinin gözlədiyi kimi getməsə, Çin də riskə gedəcək
Müharibə Putinin gözlədiyi kimi getməsə, Çin də riskə gedəcək

Ukraynanın Rusiya tərəfindən işğalında Çinin mövqeyi ilə bağlı müxtəlif məqalələr dərc olunub. Lakin bu gün belə bir iddia var ki, uzunmüddətli perspektivdə Çin ABŞ-Aİ transatlantik əlaqələrindən Ukrayna münaqişəsi ilə bağlı beynəlxalq liderliyi sarsıtmaq və parçalamaq üçün istifadə edəcək.

Ola bilsin ki, Ukraynanın işğalı Rusiya Prezidenti Vladimir Putinin gözlədiyi kimi getməsə, Çin də siyasət quruculuğunda riskə gedə bilər. Çin sədri Si Cinpinin 4 fevral 2022-ci il tarixli bəyanatlarından belə anlaşılır ki, O, Çinin Rusiya ilə strateji əməkdaşlığının risklərini müzakirə edib. Çünki Cinpinin Rusiya ilə tərəfdaşlıq və ya müttəfiqlikdən başqa, uzunmüddətli strateji prioritetlərə önəm verdiyi vurğulanır. Həmçinin Çinin Rusiyanın Ukraynaya təcavüzünü pisləməkdən imtina etməsi “ikitərəfli münasibətlərin çox möhkəm olduğu” mesajını verir. Eyni zamanda, Çin Qərbin Rusiyaya qarşı sanksiyalarını tənqid edərək, Pekin administrasiyasının Çin-Rusiya münasibətlərində bir addım öndə olduğunu göstərir. Təbii ki, xarici siyasətdəki bu üstünlük Çin Kommunist Partiyasının daxili siyasətdəki nüfuzunun legitimliyini də gücləndirir.

Ukrayna müharibəsində Çinin iddiası “böhranın təşəbbüskarı” olan ABŞ-a qarşı Rusiyanın tərəfindədir və həm ABŞ-ın əleyhinədir, həm də işğalın məsuliyyətini ABŞ-ın üzərinə qoyur. Ona görə də qarşılıqlı geostrateji taktika rəqabəti də artırır. Ukraynada işğalın uzanması ilə Rusiyanın Çindən asılılığını artırması ehtimalları sırasındadır. Çünki ABŞ mətbuatında yer alan xəbərlərə görə, Rusiyanın Çindən hərbi və iqtisadi yardım istəməsi bunun göstəricisidir.

ABŞ Prezidenti Co Bayden və Cinpinin 20 mart 2022-ci il tarixli videozəngindən sonra Çinin ABŞ-dakı səfiri Qin Qanqın açıqlaması vacibdir. “Çinin Rusiya ilə etimad münasibətləri öhdəlik deyil. Əslində bu, problemi həll etmək üçün beynəlxalq səydir” deyən çinli səfir Çinin problemin deyil, həllin bir parçası olduğunu qeyd edir. Belə ki, Çin, problemin həllində özünü dinc arbitr kimi görür və problemi başlatdığını iddia etdiyi ABŞ-a cavab verir.

Bununla belə, Qanqın bəyanatı Çin və Rusiya arasında etimadı təsdiqləyir. Başqa sözlə, Rusiya “enerji mənbəyi, enerji təhlükəsizliyi, hərbi texnologiya, nüvə silahı imkanları və BMT Təhlükəsizlik Şurasında veto hüququna görə Çin üçün mühüm tərəfdaşdır. Rusiya üçün Çinin ABŞ-a qarşı uzunmüddətli strateji mövqeyi yüksək səviyyədədir. Bəzilərinə görə, Çin Rusiyanın Ukraynaya müdaxiləsi ilə ABŞ və Aİ-ni sınaqdan keçirir. Çinin mövcud münaqişə mühitini ilk növbədə öz milli maraqlarına uyğunlaşdırmaq üçün formalaşdırdığı da düşünülür.

Digər tərəfdən, Çin Rusiya kimi deyil. Çin qlobal ticarət, investisiya, istehsal və təchizat zəncirinin mərkəzi olaraq qalır. Çin Rusiyanı dəstəklədiyi üçün beynəlxalq bazarlarda kommersiya reputasiyası riski ilə üzləşə bilər. Buna görə də Çinin Qərbin mümkün sanksiyalarından qorunmaq üçün tədbirlər gördüyü hesab edilir. Bununla belə, yuxarıda qeyd olunan kommersiya reputasiyası riskinin qısamüddətli, müvəqqəti və beynəlxalq əlaqələrə dərindən təsir etməyəcəyi gözlənilir. Çinin Ukraynanın işğalı ilə Aİ-ABŞ-NATO kimi Qərb təşkilatları daxilində parçalanmaya gətirib çıxara biləcək siyasətlər izləməsi də böyük ehtimaldır. Bununla belə, son hadisələr də bizə göstərir ki, Aİ-ABŞ-NATO arasında münasibətlər güclənib.

Beynəlxalq kulisdə qeyd olunur ki, Çin iqtisadi üstünlüyü və Rusiyanın silah üstünlüyü ilə qlobal kəndi öz suveren təsir dairələrinə bölmək istəyir. Rusiya əvvəlcə Gürcüstanda, sonra Qazaxıstanda, sonra isə Ukraynada hərbi mövcudluğu, müdaxiləsi və işğalı ilə Avropada və qlobal miqyasda öz “mövcudluğunu/hakimiyyətini” bərpa etməyə çalışır. Çin həmçinin ticarət və iqtisadiyyatla qlobal miqyasda mərkəzi üstünlüyünü bərqərar etməyə çalışır. Çinin Yeni İpək Yolu kimi tanınan Kəmər-Yol Layihəsi bunun ən konkret nümunəsidir. Bundan əlavə, Aİ və ABŞ-ın liberal dünya nizamı qarşısında Çin və Rusiyanın avtoritarizminin məqbulluğu mübahisəlidir.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »