Hindistan Neft Korporasiyası (HNK) Rusiyanın Urals nefti də daxil olmaqla, yüksək kükürdlü bir neçə xam nefti son tenderdən kənarlaşdırıb.
Bizimyol.info xəbər verir ki, "Reuters"in verdiyi məlumata görə, əvvəllər bu şirkət böyük həcmdə Rusiya nefti alıb.
Mənbələrin bildirdiyinə görə, Hindistanın aparıcı neft emalı zavodu bazar iştirakçılarına bildirib ki, Das, Eugene Island, Thunder Horse və Urals xam nefti çərşənbə axşamı, aprelin 12-də bağlanan son tenderdə artıq növlər siyahısında yoxdur.
ABŞ prezidenti Co Bayden, bazar ertəsi, aprelin 11-i axşam saatlarında Hindistanın baş naziri Narendra Modiyə deyib ki, Rusiyadan daha çox neft almaq Hindistanın maraqlarına uyğun deyil və ABŞ-ın Rusiyanın Ukraynaya qarşı müharibəsinə reaksiyasına mane ola bilər.
HNK bu həftə may-iyun aylarında daşınma üçün iki tender keçirir. Əvvəlki tenderlərdə Hindistan Neft Korporasiyası may ayında yükləmək üçün 6 milyon barel Rusiya Urals nefti alıb.
Qeyd edək ki, bazar ertəsi Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinken, ABŞ müdafiə naziri Lloyd Ostin və onların hindistanlı həmkarları Caişankar və Hindistanın müdafiə naziri Rajnath Singh arasında danışıqlar baş tutub.
Blinken, Hindistanın Rusiya ilə əlaqələrinin ABŞ-ın Hindistana tərəfdaş ola bilmədiyi bir vaxtda onilliklər ərzində inkişaf etdiyini, lakin o vaxtdan bəri zamanın dəyişdiyini söyləyib.
Blinken danışıqlardan sonra birgə mətbuat konfransında deyib: "Bu gün biz demək olar ki, hər sahədə Hindistanla seçim tərəfdaşı olmağa qadirik və buna hazırıq".
Nazirlər bildiriblər ki, Hindistanın müdafiə sahəsində modernləşdirmə ehtiyacları iki tərəfin geniş müzakirə etdiyi əsas mövzu olub.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin iki ölkənin kosmosda məlumat mübadiləsi və əməkdaşlığı dəstəkləmək üçün ikitərəfli saziş imzaladığını bildirib.
Bayden Modiyə onu "təxminən mayın 24-də" Dördlü görüş üçün Yaponiyada görməyi səbrsizliklə gözlədiyini və iki liderin bir sıra digər məsələləri də müzakirə etməli olduğunu söyləyib.
Qadir, Bizimyol.info