Ukrayna Prezidenti Vladimir Zelenski sanksiyaların altıncı raundunda neft embarqosunu müzakirə etmədiyinə görə Avropa İttifaqını tənqid edib. Onun sözlərinə görə, bu onu göstərir ki, dünya Rusiyanın hansı müharibəyə hazırlaşdığını dərk etmir.
Bizimyol.info xəbər verir ki, Zelenski bunu Litva parlamentinə müraciəti zamanı bildirib.
“Əgər altıncı sanksiyalar paketi üçün nefti ciddi müzakirə etməyə başlasalar, o zaman dünya Rusiyanın hansı müharibəyə hazırlaşdığını anlayacaq. Əgər Rusiya qazı ilə bağlı hələ də dəqiq bir əminlik yoxdursa, o zaman Avropada Rusiyanı sülhə məcbur etmək və hərbi cinayətləri dayandırmaq üçün ümumi iradənin olduğuna əminlik ola bilməz.
Əgər Ukraynada hərbi əməliyyatların qızğın vaxtında belə Rusiya bazarını tərk etməyi lazım bilməyən böyük Avropa şirkətləri və iri Avropa bankları varsa, bu o deməkdir ki, bütün digər şirkətlər bunu “gözləmək” siqnalı kimi qəbul edəcəklər və onların da işləmək üçün bəhanəsi olacaq”,– deyə Zelenski qeyd edib.
Dövlət başçısı onu da qeyd edib ki, hətta Buçadakı vəhşiliklər Aİ-ni Rusiyadan enerjiyə embarqo qoymağa məcbur etməyib. Zelenski həmçinin Avropa İttifaqı ölkələrinin Rusiya qazı və neftindən imtinası üçün konkret müddətlər tələb edib.
"Biz Rusiyaya qarşı daha 7, 8, 9, 10.., 20 sanksiya paketinin hazırlanmasını gözləyə bilmərik. Həqiqətən güclü qərarlar qəbul etmək üçün lazım olan hər şeyi indi edin. Altıncı sanksiyalar paketində Avropa İttifaqı bunu edə bilər və o sənədə mütləq neft daxil olmalıdır. Rusiya banklarına sanksiya qoymağınızdan əmin olun, lakin bunu hamısına şamil edin, bir hissəsinə deyil”,- deyə prezident bildirib.
O, həmçinin vurğulayıb ki, Aİ-nin nümayişlərə ehtiyacı yoxdur.
"Hər bir Avropa İttifaqı ölkəsi üçün konkret şərtlər müəyyən edilməlidir ki, Rusiya qazı və neftinin istehlakından həqiqətən imtina etsin və ya ən azı əhəmiyyətli dərəcədə məhdudlaşdırsın. Yalnız bu yolla Rusiya rəhbərliyi belə qənaətə gələcək ki, bu müharibə hər şeydən əvvəl onlar üçün fəlakətdir, onda əsl sülhü axtarmağa çalışacaqlar ”,- deyə Zelenski əlavə edib.
Ukraynada müharibə 48 gündür davam edir.
Qadir, Bizimyol.info