ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırır, eyni zamanda Rusiyadan "S-400" sistemlərinin alınmasına görə Hindistana qarşı mümkün sanksiyalarla bağlı qərar hələ verilməyib.
Bizimyol.info xəbər verir ki, bunu bazar ertəsi ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonda ABŞ və Hindistanın müdafiə və xarici işlər nazirliklərinin rəhbərləri arasında “iki üstəgəl iki” formatında ikitərəfli danışıqların yekunları üzrə Vaşinqtonda birgə mətbuat konfransında bildirib.
“Biz bütün ölkələri Rusiyadan silah sistemləri əldə etmək üçün böyük yeni sövdələşmələrə getməməyə çağırırıq, xüsusən də Rusiyanın Ukrayna ilə bağlı etdikləri fonda”, - o deyib.
ABŞ diplomatiyasının rəhbəri "S-400"lərin alınması ilə əlaqədar Hindistana qarşı potensial sanksiyalarla bağlı sualı cavablandırarkən əlavə edib ki, “biz potensial sanksiyalar və ya sanksiyalara qarşı potensial istisnalar barədə hələ qərar qəbul etməmişik”.
Blinken: “Hindistan və Rusiya arasında, o cümlədən hərbi texnika ilə bağlı əlaqələrin uzun tarixi var. Bu əlaqələr illər əvvəl, dediyim kimi, bizim Hindistan üçün tərəfdaş olmaq imkanımız olmadığı zaman kök salıb. İndi biz bu cür tərəfdaş ola bilərik. Hindistan üçün prioritet təhlükəsizlik tərəfdaşı ola bilərik. Bu, bu gün bəzi təfərrüatlarla müzakirə etdiyimiz sahələrdən biridir", - deyə o, ABŞ-ın Hindistanın silah tədarükü baxımından əsas tərəfdaşı olmaq üçün nə edə biləcəyi, habelə Nyu-Dehlini qınamağa vadar etməsi ilə bağlı jurnalistin sualını cavablandırıb.
Dövlət katibi qeyd edib ki, Hindistan ukraynalılara əhəmiyyətli humanitar yardım, xüsusən də çox ehtiyac duyulan dərmanlar verir. O, həmçinin bildirib ki, Hindistan bu çağırışa yanaşması ilə bağlı müstəqil qərarlar qəbul etməlidir. Onun sözlərinə görə, Ukraynada xüsusi əməliyyatı dayandırmaq üçün "bütün ölkələrin, xüsusən də təsir rıçaqları olanların Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərməsi vacibdir:
"Və çox vacibdir ki, demokratik ölkələr bir olsun və bizim paylaşdığımız dəyərlərin müdafiəsi üçün vahid cəbhə kimi çıxış etsin", - deyə Amerika diplomatiyasının rəhbəri qeyd edib.
Hindistan ordusu Rusiya istehsalı olan bir neçə silah sistemindən, o cümlədən tanklardan, artilleriya qurğularından, raket sistemlərindən istifadə edir. 2015-ci ildə Hindistan Rusiyanın "S-400" zenit-raket komplekslərini almaq niyyətində olduğunu bəyan edib. "S-400 Triumf" sistemlərinin beş alay dəstinin tədarükü üçün 5,43 milyard dollar dəyərində müqavilə Rusiya prezidenti Vladimir Putinin 2018-ci ilin oktyabrında Hindistana səfəri zamanı imzalanıb. Bu, Rusiya Federasiyasından müasir silah və hərbi texnika sistemləri alan dövlətlərə sanksiya tətbiq etməklə hədələyən Vaşinqtonda ciddi narazılığa səbəb olub.
Eyni zamanda Yeni Dehli bəyan edir ki, onlar "S-400"dən imtina etmək niyyətində deyillər.
Qadir, Bizimyol.info