Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baltikyanı ölkələr Rusiyanın və Belarusun yük maşınlarını sərhəddən buraxmır
Baltikyanı ölkələr Rusiyanın və Belarusun yük maşınlarını sərhəddən buraxmır

Bölgədə işğalçılıq siyasəti yürüdən ölkələr layiqli cəzasını alır. Rusiya və Belarus sivil dünyadan yavaş-yavaş təcrid olunur. Böyük şirkətlər bu dövlətlərin ərazisində fəaliyyətini bir-birinin ardınca dayandırır. Dünyanın bir çox ölkələri Rusiya və Belarusla ticarət əlaqələrinə son qoyub. Proses davam edir.

Bizimyol.info xəbər verir ki, Baltikyanı ölkələr Rusiyanın və Belarusun yük maşınlarını sərhəddə saxlayır. Litva Ukraynaya hücum təşkil etmiş müttəfiq dövlətləri belə cəzalandırmaq qərarına gəlib.

Rəsmi Vilnüs 250 yük maşınının qarşısını alıb. Həmin avtomobillərin əksəri Belarusdan, bir hissəsi isə Rusiyanın Kalininqrad şəhərindən gəlirmiş. Litva gömrük departamentinin əlaqələr şöbəsinin rəhbəri Vitas Volunqyaviçyus son üç gündə rusiyalılara və belaruslulara yaşıl işıq yandırmadıqlarını bildirib. Onun sözlərinə görə, sərhəddə ümidlə gözləməyin mənası yoxdur. Litva Rusiyadan və Belarusdan gələn yük avtomobillərini ölkəyə buraxmağı düşünmür.

Bundan əvvəl Latviya bənzər addım atmışdı. Rusiyanın və Belarusun 152 yük maşınına sərhədi keçməyə imkan verilməmişdi. Riqa qərarın siyasi olduğunu gizlətməmişdi. Latviya Rusiyanın işğalçılıq siyasəti başa çatmayana qədər belə davranacağını açıqlayıb.

Baltikyanı ölkələr Kremlin bu ərazilərə hücum planının olduğuna inanır. Moskva niyyətini heç vaxt gizlətməyib. SSRİ torpaqlarının Rusiyaya məxsus olması iddiası həmişə isti qalıb. Xüsusilə Vladimir Putin Sovet İttifaqının dağılmasının doğru olmadığını bu günlərdə əminliklə dilə gətirir. Baltikyanı ölkələr narahatlıq keçirməyə bilməz. Rusiyanın hər an hücum ehtimalı qalır.

Estoniya da Rusiya ilə yaxşı yola getmir. Tallin təhlükəyə baxmayaraq torpaq iddiasını açıq bəyan etməkdən çəkinmir. Estoniya 1920-ci ildə imzalanmış Tartu müqaviləsini tez-tez xatırladır. Həmin anlaşmaya görə, indi bu ölkənin ərazisi 2300 km² çox olmalıdır. Rusiya SSRİ dövründə ələ keçirdiyi torpaqları geri qaytarmaq istəmir. Estoniya isə geri çəkilmək fikrində olmadığını göstərir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »