Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanış mənzərə: Rusiya hərbçiləri Ukraynada evlərdən unitazları söküb aparır
Tanış mənzərə: Rusiya hərbçiləri Ukraynada evlərdən unitazları söküb aparır

Rusiyalı hərbçilər işğal etdikləri ərazilərdən, dağıtdıqları evlərdən o qədər oğurluq edir ki, sosial mediada bunu lağa qoymağa başlayıblar. Məsələn, rus əsgərlərdən birinin həyat yoldaşı ilə yazışması yayılıb. Qadın ondan Ukraynadan paltaryuyan maşın gətirməsini istəyir. Mağazaların videogörüntülərindən rusiyalı hərbçilərin mətbəx əşyalarını oğurladığı, hətta drel apardığı nəzərə çarpır.

Bizimyol.info xəbər verir ki, Rusiya ordusunun əsgərləri Çerniqovda evlərdən unitazları söküb aparıblar. Yerli sakinlər gördüklərindən heyrətə gəliblər. Sosial mediada yayılan videoda onlar təəccübünü gizlətmir, hətta bunu gülüşlə qarşılayırlar. Qadınlardan biri deyir ki, deyəsən, rusiyalı hərbçilər unitazı görəndə mədəni şok keçiriblər.

Bu mənzərə bizə tanış gəlir. Hadisə bizə İkinci Qarabağ Müharibəsini xatırladır. Onda işğal olunmuş əraziləri tələm-tələsik tərk edən Ermənistan vətəndaşlarından biri unitazı da çıxarıb aparmışdı. Bunun videosu yayılmışdı. Sosial şəbəkələrin Azərbaycan seqmentində həmin davranışı çox məsxərəyə qoymuşdular. Çünki unitazın çox köhnə olduğu nəzərə çarpırdı. Ermənistan vətəndaşı isə o qaçaqaçda tamamilə nimdaş tualet aksesuarını özünə yük etməkdən çəkinməmişdi.

Rusiya ordusu Ukraynaya fevralın 24-də hücum edib. İlk günlərdən Kiyev uğrunda güzəştsiz döyüşlər gedib. Amma paytaxtı ələ keçirmək mümkün olmayıb. Rusiya ordusu acığını bir çox şəhərlərdən çıxıb. Kiyev vilayətindəki Buça qəsəbəsində qətliam həyata keçirilib. Qadınlar zorlanıb, yüzlərlə günahsız vətəndaş qətlə yetirilib. Xarkov böyük zərər görüb. Mariupolun tamamilə dağıdıldığını demək olar. Ukrayna Prezidenti Vladimir Zelenski orada onminlərlə dinc sakinin öldürüldüyünü deyir.

Rusiya ordusu Ukraynada böyük itkilər verib. İndiyə qədər azı 19500 hərbçinin həyatını itirdiyi bildirilir. Kreml qoşunlarının 725 tankı, 154 təyyarəsi, 137 vertolyotu, 347 artilleriya sistemi sıradan çıxarılıb. Təkcə 7 gəmi yararsız vəziyyətə düşüb. Komandanlıq orduya əlavə qüvvə cəlb etməyə çalışır. Bunun üçün ehtiyatda olan hərbçilər döyüşlərə çağırılır. Zelenski Rusiyanın daha böyük həmləyə hazırlaşdığını bildirir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »