Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və Belarusu nə gözləyir: Talonla ərzaq və növbələr - Andrey Paşkovski
Rusiya və Belarusu nə gözləyir: Talonla ərzaq və növbələr - Andrey Paşkovski

Qərb ölkələri bir-birinin ardınca Rusiyaya, Belarusa sanksiyalar tətbiq edir. Bundan sonra bu ölkələri böyük məhrumiyyətlər gözləyir. Elə buna görə də ölkəni tərk edənlər çoxdur. Təcrübə göstərir ki, sanksiyalar onillərlə davam edə bilir. Əlbəttə, insanlar hər hansı şəkildə məhrumiyyətlər, məhdudiyyətlər ilə dolu həyata uyğunlaşır. Amma getdikcə vəziyyət yalnız pisləşir.

Bizimyol.info xəbər verir ki, Belarusdan olan aktyor, bloger Andrey Paşkovski Kubadan reportajında sanksiyaların insanların həyatını nə günə saldığını göstərməyə çalışıb. O, reportajın əvvəlində iki sadə kubalı ilə söhbətləşir. Məlum olur ki, yerli camaat ərzağın böyük hissəsini talonla alır. Hərəyə ayda yarım kilo toyuq əti, 5 yumurta düşür. Daha çoxuna ehtiyacın varsa, “qara bazar”a üz tutmalısan. Orada yumurtanı bir neçə dəfə baha satırlar.

Paşkovskinin diqqətini bir növbə çəkir. Yaxınlaşanda öyrənir ki, paytaxt Havana sakinləri ayda bir dəfə ucuz kartof üçün saatlarla öz növbəsini gözləməli olur. Hər adamın talon kitabçası var. Orada ay ərzində nə qədər ərzaq götürdüyü qeyd olunur. Düyü, lobya, kofe də talonla verilir. Barmaqla sayılacaq məhsulları əldə etmək nisbətən asandır.

Etiraz aksiyası, Havana, Kuba Etiraz aksiyası, Havana, Kuba (11 iyul, 2021)

Paşkovski Kubada yerlilərin təriflədiyi supermarketlərin olduğunu deyir. Amma orada qiymətlər çox bahadır. Əhalinin böyük hissəsi həmin supermarketlərin kandarından içəri ayaq basa bilmir. O mağazalarda qiymətlər hətta turistlər üçün də baha görünə bilər.

Belaruslu bloger deyir ki, Kubaya gedəndə bütün danışılanların şişirtmə olduğunu düşünürmüş. Amma kubalının məişəti ilə tanış olanda sanksiyaların necə ağır nəticələr yaratdığını görüb. Ondan daim duş üçün gel, ətir, hətta saqqız istəyirlər. Paşkovskinin tanış olduğu insanların çoxu adi tələbat mallarını da almaq gücündə deyil.

Kuba inqilabının ildönümü günündə havanalılar dondurma növbəsində gözə dəyir. Paşkovski bildirir ki, bəzi restoranlarda çox dadlı dondurma, ümumiyyətlə, yeməklər təklif edirlər. Amma qiymətlər ABŞ-ı xatırladır. Havanalılar özünə bunu rəva görə bilmir.

Yerli sakinlərdən biri qonağa gileylənir ki, kubalıların yediyi donuzlar üçün nəzərdə tutulub. Paşkovski onların yeməyindən dadmaq qərarına gəlir. Kubalılar hər gün qazan asa bilmir. Əsasən buterbrodlarla qidalanırlar. Çörəyin arasında kolbasa və ya pendir olur. Paşkovski kolbasanın ətlə əlaqəsi olmadığını deyir. Pendir də çox keyfiyyətsiz olur.

Paşkovskinin Kubada tualet kağızı qıtlığı xüsusi diqqətini çəkib. O qədər bahadır ki, insanlar ictimai yerlərdə ayaqyolundan kağız və sabun oğurlayır. Paşkovski Havanada muzeylərdən birində bunu anlayıb. Kiçik rulon təxminən 1 dollar 25 sentə satılır. Kubalılar tualet kağızı qıtlığından çox əziyyət çəkir. Belaruslu bloger bildirir ki, bu qiymət onun üçün də çox bahadır.

“Kubada gənclərin gələcəyi yoxdur. Babat maaş almaq istəyirsənsə, ya polis, ya da hərbçi olmalısan. Universitet bitirməyin mənası yoxdur. Tutaq ki, memar oldun. Nə olsun?! İş yoxdur”, - Havana sakinlərindən biri Andreyə danışır.

Paşkovski Kubada öyrənir ki, bir çox gənc Haitiyə işləməyə gedir. Təsəvvür edin, Haiti kimi kasıb, kriminal mühitlə ad çıxarmış ölkəyə. Haitidə hətta elektrik enerjisini sakinlərə saatla verirlər. Amma kubalılar çarəsizlikdən ora üz tutmalı olur.

Paşkovski belaruslulara çatdırmaq istəyir ki, irəlidə onları necə həyat gözləyir. Sanksiyalar həm də ölkə əhalisinin gələcəyini sıradan çıxarır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »