Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, kosmosda Ayın üzərində hansısa bir nöqtəni axtarmağa bənzəyərdi"
"Bu, kosmosda Ayın üzərində hansısa bir nöqtəni axtarmağa bənzəyərdi"

Bizimyol.info xəbər portalının 6 aprel tarixində yayımlanmış müsahibə məqaləsindən sonra “Azad İstehlakçılar” Birliyinin sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İctimai Şuranın üzvü Eyyub Hüseynov AQTA-nın İctimai Şurasının toplantısında sözün əsl mənasında “məhşər ayağına” çəkilib.

Bu barədə Bizimyol.info xəbər portalına elə Eyyub Hüseynovun özü məlumat verib.

Eyyub Hüseynov Eyyub Hüseynov

O, Bizimyol.info xəbər portalına növbəti müsahibəsində bildirib ki, 8 aprel tarixində İctimai Şuranın növbəti iclası baş tutub. Toplantıda İctimai Şura üzvlərindən bir neçə nəfər və AQTA-nın sədr müavini Rəşad Mafusov, AQTA aparat rəhbəri Elxan Mikayılov və bir neçə idarə rəisi iştirak edib. AQTA İctimai Şurasının iclası həmin məqalədə qeyd edilən məsələlər və eləcə də Eyyub Hüseynovun GMO (geni modifikasiya olunmuş orqanizmlər) əleyhinə olan ictimai çıxışları ilə bağlı keçirilib. “Qida Təhlükəsizliyi haqqında” qanunu 13.3, 13.1 maddəsində nəzərdə tutulan və GMO-ya nisbətən Azərbaycanda yol açan bu maddə üzərində geniş mübahisələr aparılıb.

E.Hüseynovun sözlərinə görə, iclasda demək olar ki, cəmiyyət və qida təhlükəsizliyi üçün heç bir əhəmiyyət kəsb etməyən, yalnız ictimai təşkilat sədrinə “hücumlar”, mənasız suallar və onu apardığı işlərdən çəkindirmək jestləri önə sürülüb.

“Hətta "nə istəyirsiniz edim, amma vaxtınızı belə boş mübahisəyə sərf etməyin" dedim. Onu da deyim ki, yanımda heç bir resursum, hətta komputerim də yox idi”,- deyə E.Hüseynov bildirib. Ondan tələb edilib ki, GMO ilə heyvanlar və quşlar yemlənərsə, bunun insan orqanizminə zərərləri sübut edilsin.

“Aparat rəhbəri müxtəlif mənbələrdən nümunələr gətirdi. Mən həmin mənbələri soruşduqda heç bir cavab ala bilmədim. Qısası, məni susdurmağa çalışırdılar. Sədr müavini Rəşad Mafusov iclası belə yekunlaşdırdı: “Bu gün biz toplaşmışdıq ki, Eyyub Hüseynov bizə isbat etsin ki, GMO ilə qidalanan heyvanların ətindən və südündən insanlar zərər çəkə bilər. Eyyub Hüseynov isə bunu edə bilmədi”. Bəli, mən bunu edə bilmədim. Elə bir otaqda, elə bir şəraitdə laboratoriyasız bunu etmək mümkün deyildi. Bu kosmosda Ayın üzərində hansısa bir nöqtəni axtarmağa bənzəyərdi”,- deyə təşkilat rəhbəri bildirib.

İclas zamanı QHT sədri digər məsələyə, yəni soyalarla bağlı məsələyə toxunub. O, bildirib ki, yer üzərində əkilən soyaların 98 faizi GMO-dur. Cənab Prezidentin GMO əkinçiliyi, GMO toxumçuluğunun Azərbaycanda yayılmasına qarşı əhəmiyyətli fərmanları olsa da, Azərbaycan 153 ölkənin ratifikasiya etdiyi GMO-nun izlənməsinə dair kartogen protokoluna qoşulmuş olsa da və Azərbaycan BMT-nin “Ətraf mühit və biomüxtəlifliyin qorunmasına dair” Konvensiyasına qoşulsa da, Azərbaycanda soyanın və rapsın əkildiyini təşkilat sədri dilə gətirib. Və AQTA-ya maraqlı bir sual ünvanlayıb.

“Soruşdum ki, dünyada cəmi 2 faiz geni dəyişdirilməmiş soya var. Məgər o 2 faizdənmi gətirilib Azərbaycana? AQTA nümayəndələrinin cavabı isə belə oldu: “O zaman biz quşçuluq, heyvandarlıq təsərrüfatlarını yemsiz qoyaq, Azərbaycanda aclıq baş versin və s.”  Bu kimi mənasız, heç bir elmi əsası olmayan, əvvəlkilərdən fərqli olmayan şura iclası keçirildi. Mən hər zamankı kimi GMO-nun əleyhinə olduğumu bildirdim”,- deyə təşkilat sədri bildirib.

Xatırladaq ki, “Azad İstehlakçılar” İctimai Birliyi Azərbaycanda 25 ildən çoxdur ki, fəaliyyət göstərir. QHT “Consumers International”-ın üzvüdür.

Bu illər ərzində mən Azərbaycanda istehlakçı hüquqlarının qorunması, ətraf mühitə zərərlər və GMO barədə beynəlxalq təşkilata bir dəfə də olsun mənfi xarakterli hesabat verməmişəm. Mən Azərbaycanı dünya İstehlakçı təşkilatı qarşısında aşağılamayım. Lakin hökumət orqanlarının belə yanaşması və ictimai təşkilatı belə “məhşər ayağına çəkməsi” bizi sövq edir ki, daha yuxarı dövlət orqanlarına müraciət edək və Beynəxalq təşkilatlarla əlaqələrimizi ayrı bir səmtdə quraq”,- deyə E.Hüseynov qeyd edib.

P.S. Sözügedən məqalədə, AQTA-nın fəaliyyətsizliyi, GMO məsələsi, İctimai Şuranın fəaliyyətsizliyi, rəhbərliyin əlçatan olmaması və s. məqamlara toxunulmuşdu. Öncədən qeyd edim ki, məqalə ilə bağlı, həmin iddiaların yer aldığı sorğu AQTA-ya göndərilsə də, hələ də cavab yoxdur. Bu iclasda baş verənlərlə də bağlı AQTA-ya sual ünvaladıq. Sorğularımız cavablandırıldığı zaman sizinlə bölüşəcəyik.

Həqiqətən çox maraqlıdır, dövlət qurumu olan AQTA ünvanladığımız sorğuya cavab vermək və sadalanan problemləri həll etmək əvəzinə, iddiaları ortaya qoyan ictimai təşkilat rəhbərini susdurmağa çalışır. Bu, fəaliyyəti müddəti çox az və fəaliyyəti o qədər də əhatəli olmayan, Azərbaycanda qida təhlükəsizliyinə birbaşa cavabdeh olan, amma gömrükdə səlahiyyəti olmayan, məhsulların Azərbaycana gəldikdən və ya gömrüyü keçdikdən sonra yoxlamasını apara bilən, Gömrük Komitəsinin verdiyi sertifikatları inkar və ya ləğv edə bilməyən bir qurumun "susdurma" kampaniyasıdır?! Bu addım, ölkədə qanunsuz ət kəsiminin qarşısını ala bilməyən və mağazalarda əhatələri yoxlamalar apara bilməyən və ya aparıb vəziyyətə göz yuman, zəhərlənmələr haqqında açıq-ətraflı məlumatları cəmiyyətə çatdıra bilməyən bir qurumun davranışıdır. Bütün bunları nəzərdə saxlayaraq,  səlahiyyətləri əhatəli olan dövlət qurumlarını düşünün...

Biz nə zaman Qoşqar Təhməzlini birbaşa bazarlarda reydlərdə görsək, biz nə zaman gömrükdən Azərbaycana gətirilmiş, ancaq sağlamlıq üçün təhlükə daşıyan məhsulların sertifikatlarının ləğv edilməsini görsək, biz vaxtı keçmiş məhsulların üzərinə dəfələrlə yeni tarixlər yapışdıran mağazaların və ya supermarketlərin cəzalandırıldığını görsək, o zaman deyə bilərik ki, "AQTA işləyir".

Belə... Məncə, artıq işləməyə başlamaq lazımdır cənablar...

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »