Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Teymur Bünyadov vəfat edib
Teymur Bünyadov vəfat edib

Azərbaycan elminə ağır itki üz verib.

APA xəbər verir ki, tarixçi-etnoqraf, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri, AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, YAP-ın üzvü, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, “Şöhrət” və “Şərəf” ordenləri laureatı Teymur Bünyadov bu gün axşam saatlarında vəfat etdib.

Allah rəhmət eləsin.

***

Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax bölgəsinin II Şıxlı kəndində anadan olub. O, 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Universiteti uğurla başa vuran T.Bünyadov az sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olaraq namizədlik dissertasiyası müdafiə edib və tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

1955-ci ilin mayında Moskvadan vətənə dönən T.Bünyadov sonrakı elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutunda davam etdirib. 1968-ci ildə o, “Azərbaycanın qədim və Orta əsrlərdə təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə isə professor adına layiq görülmüşdür. Taleyini elmə bağlayan bu zəhmətkeş alim 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Azərbaycan arxeologiya və etnoqrafiya elminə aid 29 monoqrafiyanın, 1000-ə yaxın məqalənin müəllifi olan akademik T.Bünyadovun əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından uzaqlarda - Türkiyə, İran, Rusiya, Ukrayna, Norveç kimi ölkələrdə də çap edilib.

Elmi, pedaqoji və ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq akademik T.Bünyadov 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib, 2008-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »