Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bir ay ərzində Rusiyada sosial böhran başlayacaq" - Qrozev
"Bir ay ərzində Rusiyada sosial böhran başlayacaq" - Qrozev

"Rusiya Ukraynaya qarşı müharibəni bir il davam etdirə bilər, ancaq diqqəti yalnız şərq və cənub ərazilərinə yönəldə bilər. Onun növbəti addımı Rusiyada daxili siyasi faktordan asılı olacaq və nəticəsi yaxın günlərdə, həftələrdə müəyyənləşəcək".

Bizimyol.info xəbər verir ki, bu barədə “Bellingcat” qrupundan olan ən nüfuzlu araşdırmaçı jurnalistlərdən biri Xristo Qrozev bildirib. Qrozev BBC-yə müsahibəsində vurğulayıb ki, Rusiyanın hələ də kifayət qədər silahları var və indi çox şey Ukrayna qüvvələrinin özünü müdafiə etmək və düşmənin vəhşiliklərini dayandırmaq qabiliyyətindən asılıdır.

"Hərbi nöqteyi-nəzərdən Rusiya Federasiyası bu müharibəni Kiyev və Qərbi Ukrayna istiqamətində deyil, yalnız şərq və cənubda davam etdirə bilər. Amma bunun üçün belə, səfərbərlik təşkil etməli və ya hansısa başqa istiqamətə getməlidir. Bu müharibəni davam etdirə bilmək üçün indi olan hərbi qulluqçuların sayınıa ən azı 150-200 min hərbi qulluqçu əlavə edilməlidir",- deyə jurnalist qeyd edib.

Qrozev hesab edir ki, Kreml buna sadəcə, müqavilə əsasında, “hərbi çağırışçılar”ı müqavilə imzalamaq üçün qorxutmadan nail ola bilməyəcəklər. Bu isə ölkədə siyasi təlatümlərə səbəb ola bilər.

"Əgər məsələnin yalnız hərbi tərəfini nəzərə alsaq, o zaman döyüşçülərinin və helikopterlərinin 15 faizini itirməsinə baxmayaraq, bu müharibəni ilin sonuna kimi davam etdirə bilərlər. Çünki hələ, 85 faizi qalıb. Bizim hesablamalarımıza görə, onlar batalyon taktiki qruplarının demək olar ki, 30 faizini itirib. Bu isə böyük rəqəmdir. Onların hələ də çoxlu texnikası var, lakin onlarda kifayət qədər zabit və əsgər yoxdur",- Qrozev əlavə edib.

Araşdırmaçı jurnalistin fikrincə, siyasi baxımdan hərbi vəziyyət istənilən an dəyişə bilər. Çünki bir neçə aydan sonra Rusiya qadınları ərlərinin və oğullarının neçəsinin müharibədən qayıtmayacağını öyrənəcəklər.

"Rusiya Federasiyasında belə sayda itkilər həmişə sosial böhrana səbəb olub. Ona görə də hesab edirəm ki, cəbhədəki real itkilər açıqlananda Kremlin lazımi sayda hərbi personalı doldurması demək olar ki, mümkün olmayacaq. Mən bunun bir ay ərzində baş verəcəyini gözləyirəm",- deyə jurnalist qeyd edib.

Jurnalistin fikrincə, Rusiya qoşunları Kiyevə qayıtmayacaq, çünki bu artıq Kremlin hərbi strategiyasının bir hissəsi deyil. Digər tərəfdən isə, Rusiyanın Ukraynanın şərq və cənub hissələri uğrunda döyüşləri davam etdirməyə nə dərəcədə hazır olması “müşahidə olunan daxili siyasi kursdan asılıdır”. Qərbin hansı reaksiya gözlədiyinə gəldikdə isə, jurnalist Ukrayna qüvvələrinə silah verilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, qeyd edib ki, müharibənin nəticəsi indi, yaxın günlərdə və həftələrdə müəyyən olunacaq.

"Rusiya ordusunun cənubda və şərqdə hücumu davam etdirə bilməsi Ukrayna ordusunun nə qədər dayanıb təzyiq göstərə biləcəyindən, bu vəhşilikləri dayandırmağa nə dərəcədə hazır olmasından asılıdır. Bu, hər gün Ukraynanın müdafiə qabiliyyətindən birbaşa asılıdır",- deyə jurnalist bildirib.

Qrozev vurğulayıb ki, elə ölkələr var, kifayət qədər tam silah anbarlarına malik olsalar da, Ukraynaya ümumiyyətlə, silah verməyiblər.

"Məsələn, Macarıstan və Bolqarıstan. Bunlar Ukraynanı həqiqətən də böyük miqdarda təmin edə biləcək ölkələrdir. Ümid edirəm ki, gördüyümüz kadrlardan sonra onlar öz münasibətini dəyişəcəklər",- deyə jurnalist qeyd edib.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »