Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neftçalanın su problemi necə həll olunur...
Neftçalanın su problemi necə həll olunur...

Bir neçə ildir ki, Neftçala rayonu ərazisində Xəzər dəniz suyunun Kür çayının suyuna qarışması rayon sakinlərinin içməli su problemi yaşamasına səbəb olur. Hər il, ilin müxtəlif mövsümlərində bu problem yaşanır. Bu problemi bəzi mütəxəssislər iqlim dəyişiklikləri ilə, bəziləri də Kür çayının Azərbaycana qədər olan hissəsində olan problemlərlə əlaqələndirirlər. Səbəb nə olursa olsun, nəticə budur ki, Neftçala rayon sakinləri susuzluqdan əziyyət çəkir. Rayonda içməli suyun olmaması əkinçiliyə, heyvandarlığa da zərər vurur. Bu problemin aradan qaldırılması məqsədilə müəyyən qurumlar tədbirlər həyata keçrir. Ancaq görünən odur ki, “Azərsu” ASC-nin 40 km-lik su xətti çəkməsi və yaxud Neftçala İcra Hakimiyyətinin maşınlarla içməli su göndərilməsi proseslərinin həyata keçirməsi də problemi kökündən həll etmir.

Bizimyol.info xəbər portalının problemin həlli ilə bağlı Nazirlər Kabinetinə ünvanladığı sorğuya Kənd Təsərrüfatı Nazirliyindən cavab göndərilib. Məlumatda deyilir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında” Əsasnamənin 2 ci hissəsinə müvafiq olaraq, nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, torpaqların səsmərli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan normativ hüquqi və iqtisadi tənzimləməni həyata keçirən fitosanitar və baytarlıq sahəsində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır. Bununla belə nazirliyin aidiyyatı qurumları öz səlahiyyətləri çərçivəsində müraciətdə qeyd olunan məsələnin araşdırmasını həyata keçirib.

“Müəyyən olunub ki, hava-iqlim şəraitinin dəyişməsi, yağıntıların azalması, eləcə də Kür çayında suyun səviyyəsinin kəskin aşağı düşməsi nəticəsində Xəzər dəniz suyunun Kür çayına nüfuz etməsi baş vermiş, 2022-ci il 14 mart tarixinə olan vəziyyətə görə, dəniz suyu Kür çayına doğru 78 km irəliləmişdir” - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, Neftçala rayonu Suvarma sistemləri idarəsinin məlumatına əsasən yaranmış vəziyyətin aradan qaldırılması məqsədilə Mingəçevir su anbarından Kür çayına əlavə su verilməsinə başlanılmışdır. Bu səbəbdən də Kür çayının səviyyəsi 47 sm qalxmışdır. Hazırda bu sahə üzrə yaranmış problemlərin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Belə. Bu da problemin əsaslı çözümü deyil. Gözləyək, görək dövlət qurumları bu təbii hadisənin qarşısını hansı üsullarla almağı düşünür. Və bu bir daha sübut edir ki, məsələyə nəzarət etməli olan dövlət qurumları bu kimi fors-major hadisələrə hələ də hazır deyil.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »