ABŞ dövlət katibi Entoni Blinken Belçikanın paytaxtı Brüsseldə NATO Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransı keçirib.
Bizimyol.info xəbər verir ki, Blinken çıxışı zamanı Ukraynanın müdafiəsi üçün lazım olan hər cür ləvazimatla təmin edilməsinin vacibliyini vurğulayıb.
“Bu gün həmkarım, Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba ilə yenidən bir araya gəldim ki, Ukraynaya böhranın öhdəsindən gəlmək üçün lazım olanları necə təmin edə biləcəyimizi müzakirə edim. Biz ukraynalıların ehtiyac duyduqları və təsirli ola biləcəyinə inandığımız hər şeyə çıxış əldə etmələrini təmin edəcəyik.
Biz onların ehtiyacları ilə bağlı qiymətləndirmələrini dinləyirik. Hamısını bir araya gətiririk və irəliləyirik. “Biz çalışırıq ki, ukraynalılar özlərini müdafiə etmək üçün lazım olan hər şeyə malik olsunlar, istənilən danışıqlarda əllərini gücləndirsinlər və biz, Rusiyaya təzyiqi davam etdirəcəyik.

Moskvanın hərbi cinayətlərə görə cavabdeh olmasını təmin etmək üçün Rusiya hökumətinin üzərinə daha böyük bədəl qoymaq üçün beynəlxalq səylər var və Ukraynanın yanında olmaqda həmişəkindən daha böyük əzm var",- deyə Blinken bildirib.
ABŞ-ın Ukraynanın müharibəyə qarşı özünümüdafiəsini böyük maliyyə yardımı ilə dəstəklədiyini xatırladan Blinken bildirib ki, ABŞ Ukraynaya özünü müdafiə etmək üçün görünməmiş bir sürətlə işləməyə davam edir.
“Ötən cümə günü Müdafiə Nazirliyi 300 milyon dollarlıq yeni təhlükəsizlik yardımı elan etdi. Çərşənbə axşamı mən Ukraynanın daha çox zireh əleyhinə sistemlərə olan təcili ehtiyaclarını ödəmək üçün əlavə 100 milyona icazə verdim. Bu, ABŞ-ın Ukraynaya ümumi təhlükəsizlik yardımı Rusiyanın işğalının başlanmasından bəri 1,7 milyard dollardan, keçən ilin yanvarından isə 2,4 milyard dollardan çox gətirəcək.
ABŞ hökuməti Rusiyanın müharibəsi və təcavüzündən zərər çəkənlərə 1 milyard dollardan çox yeni humanitar yardım göstərməyə hazırdır.
Biz NATO müttəfiqlərimizin kollektiv təhlükəsizliyini dəstəkləmək yollarını müzakirə edirik. Biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyik. NATO həmçinin şərq cinahını gücləndirmək üçün Polşa, Estoniya, Latviya və Litvada olanlarla yanaşı, Rumıniya, Macarıstan, Bolqarıstan və Slovakiyada da yeni çoxmillətli döyüş qrupları yaradıb.
Biz NATO-nun sürətlə dəyişən mühitdə alyansın transatlantik təhlükəsizliyi necə qorumağa davam edəcəyinə dair yeni strateji konsepsiyanı müzakirə etdik”.
Rusiya prezidenti Vladimir Putinin NATO-nu parçalaya biləcəyini düşündüyünü ifadə edən Blinken, vurğulayıb ki, indi Alyans daha güclü olub və birləşdiyini açıq şəkildə bildirəcək.
Müharibənin eyni zamanda qida təhlükəsizliyi böhranı da gətirdiyini qeyd edən Blinken, “Rusiyanın başlatdığı müharibə əsas ərzaq məhsullarının qiymətini artırdı və insanların onsuz da hiss etdiyi çətinliyi daha da pisləşdirdi. Buna görə də G7-də biz müharibənin dünyanın ən həssas insanlarına təsirini azaltmağın bəzi təfərrüatlı yollarını müzakirə etdik”,- bildirib.
“Uzun illərdir ki, Avropada Rusiya qazından, xüsusilə də Rusiya neftindən asılılığın artdığını görürük. Biz çox aydın şəkildə görürük ki, Rusiya enerjidən silah kimi istifadə edir”.
ABŞ prezidenti Co Bayden administrasiyasının Rusiya enerjisindən asılılığı azaltmaq səylərindən biri kimi neft tədarükünü artırmaq strategiyasını xatırladan Blinken, bunun Rusiyadan asılılığa son qoyacağını və bərpa olunan enerjiyə keçidin təcili surətdə aparılmasının vacib olduğunu bildirib.
Leyla, Bizimyol.info