Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nərminin oğurlanıb öldürülməsi işi: “Anası polis rəisindən pul almağa gəlmişdi...”
Nərminin oğurlanıb öldürülməsi işi: “Anası polis rəisindən pul almağa gəlmişdi...”

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu il noyabrın 21-də 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı hər məhkəmə iclasından sonra bu işlə bağlı müəmmalar və cavabsız suallar da artır. Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə araşdırılır.

Bizimyol.info xəbər verir ki, budəfəki məhkəmə iclasında Tovuz rayon Polis Şöbəsinin Post-Patrul bölüyünün əməkdaşı olmuş Murad süleymanov dindirilib. O da Dondar Quşçu kənd sakinidir, Nərmini oğurlayıb öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun əmisi oğludur. Onlar kənddə həm də qapı qonşudur, divarın bir üzündə Murad Süleymanov və ailəsi yaşayır, o biri üzündə isə Nərminin 47 gün saxlanıldığı iddia olunan ev yerləşir.

Murad Süleymanov deyir ki, əgər o evdə 47 gün uşaq saxlanmış olsaydı, onlar səs eşidər, hiss edərdilər. Onun sözlərinə görə, o ev əvvəllər babasına məxsus olub. Babası sonradan arakəsmə ilə evi iki oğlu (İlkin və Murad Süleymanovların ataları) üçün bölüb. Sonradan İlkin Süleymanovgil həyətdə başqa bir ev tikiblər, əvvəlki evdən isə avadanlıqların, tərəvəzlərin saxlanması üçün istifadə ediblər: “Əmimin ailə üzvləri o evə girib çıxanda, orada səs gələndə bizdə eşidilir. Orada 47 gün Nərmin saxlanmış olsaydı, biz səs eşidərdik, xəbərimiz olardı”.

Həmin 47 gün ərzində İlkin Süleymanovun dəfələrlə küçədə, mağazada, restoranda toyda və yas məclisində olduğunu görənlər olub. Əgər uşaq 47 gün orada saxlanılıbsa, bu o deməkdir ki, İlkin Süleymanov olmadığı vaxtlarda uşaq o evdə tək qalıb. Bəs necə olub ki, onun səsini eşidən, özünü görən olmayıb?

Murad Süleymanov onu da bildirib ki, 2020-ci il yanvarın 6-da – yandırılmış meyit tapılan gün şöbədə Nərmin Quliyevanın anası Aynurə İsmayılovanı görüb: “Raport üçün şöbəyə getmişdim, gözlədim ki, “razvod” qurtarsın. Onda Aynurə İsmayılovanı gördüm. Dedi ki, rəisdən pul almağa gəlmişəm”.

O dövrdə Tovuz rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov idi. Nərmin Quliyevanın oğurlanıb öldürülməsinə dair cinayət işi ilə əlaqədar onun da adı çox hallanır. Bu hadisədən bir müddət sonra – 2021-ci ilin yanvarında Şirzad Əsgərov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Aynurə İsmayılova özü də məhkəmədə dindirilərkən yandırılmış meyit tapılan gün səhər polis şöbəsində olduğunu, rəislə görüşdüyünü bildirmişdi. O, məhkəmədə demişdi ki, şöbəyə getməkdə məqsədi Nərmin haqda yeni xəbər olub-olmadığını öyrənmək olub.

Dindirmə zamanı o da məlum olmuşdu ki, bundan bir neçə saat sonra – həmin gün günorta isə rəis Şirzad Əsgərov onlara gəlib. Aynurə İsmayılova polis rəisinin gəlişinin səbəbini izah edərkən bildirmişdi ki, Şirzad Əsgərov gəlib uşaq itkin düşən gün əynindəki paltarlar və s. məsələləri soruşub. İlkin Süleymanovun vəkilləri isə onun yadına salmışdı ki, həmin vaxt uşaq artıq 47 gün idi itkin düşmüşdü və dəfələrlə onun nə vaxt, hansı paltarlarla itməsi haqda izahatlar da alınmışdı. Üstəlik, səhər saatlarında özü də şöbədə olmuşdu, rəis onu maraqlandıran sualları həmin vaxt da verə bilərdi.

Aynurə İsmayılova onu da bildirmişdi ki, yanmış meyit tapılmamışdan 2-3 gün əvvəl polis rəisi onlara gələrək, uşaq tanınmaz halda tapılsa, onu nəyindən tanıya biləcəklərini soruşub. Yanan meyit 2020-ci il yanvarın 6-da axşam saat 20.00 radələrində aşkarlanıb. Yanğını görən İlkin Süleymanov əvvəlcə qonşuluqdakı Nazim Vəliyevə məlumat verib. Vəliyev məhkəmədə dindirilərkən bildirmişdi ki, yanğın onun hərətindəki tikilinin hasarının çöl tərəfində baş verib. Nazim Vəliyev gələndən sonra isə onlar hüquq-mühafizə orqanlarına məlumat vermək üçün onun özünün də polis olmasını nəzərə alaraq, Murad Süleymanovu çağırıblar.

Murad Süleymanov məhkəmədə bildirib ki, meyitin dizdən aşağı hissəsi yanmırdı, üz hissəsində də alov gördüyünü xatırlamır. Əsas dizdən yuxarı və qarın nahiyəsi yanırdı. Murad və İlkin süleymanovlar əllərilə torpaq götürüb meyitin üstünə töküblər ki, sönsün. Nazim Vəliyev isə evdən tez bel gətirib, torpaq töküb. O bildirib ki, beli götürüb gələndə artıq İlkin və Murad Süleymanovlar qarın nahiyəsindəki yanğını söndürmüşdülər.

Murad Süleymanov deyir ki, əvvəl işlədiyi post-patrul bölüyünün komandirinə zəng eləyib. O bildirib ki, Bakıya gedir, məsləhət görüb ki, polis rəisi Şirzad Əsgərova zəng eləsin: “Zəng eləyəndə Şirzad Əsgərov soruşdu ki, ayağında ayaqqabı, əynində qırmızı kurtka var? Ayaqqabının biri ayağında idi, biri də yanına atılmışdı. Yanında qırmızı kurtka da vardı. Təxminən 10-15 dəqiqə sonra rəis Şirzad Əsgərov rəis müavini Şahlar Cəfərovla birlikdə gəldi. Çatan kimi rəis yaxınlaşıb dedi ki, odur, Nərmindir”.

Murad Süleymanovun sözlərinə görə, polis rəisi və müavinindən sonra başqa polislər də gəlib. Onlar hadisə yerini mühafizə ediblər. Ertəsi gün Bakıdan hüquq-mühafizə orqanlarının əməkdaşlarının gəlib və meyiti aparıblar. Hadisə yerinin yaxınlığında yağ qabı və kibrit dənələri tapılıb.

Aynurə İsmayılova iddia edirdi ki, Nərmin itkin olan vaxtlarda Murad Süleymanov polis olmasından sui-istifadə edərək, İlkingilin evində axtarış aparmağa imkan verməyib: “Mən kim idim ki, kimisə nəsə eləməyə qoymayım?! Nəinki İlkingilin, qonşulardan heç kimin evində axtarış olmamışdı. Bircə Nərmingilin öz evində, bir də əmisigildə axtarış olmuşdu. Mənim yaşadığım evə həmişə polislər gəlib gedib, evimin qapısı açıq olub. Meyit tapılandan sonra evlərdə axtarış oldu. Yanvarın 8-də İlkingilin evinə də baxmışdılar, onda heç nə tapmamışdılar. Yanvarın 9-dan 10-na keçən gecə saat 4 radələrində polislərdən Azər Məmmədov mənə zəng elədi. Özüm də təəccübləndim. Soruşdu ki, evdə “udlinitel” varsa, çıxarım. Çıxanda gördüm ki, qara “cip” maşın var, polis rəisi Şirzad Əsgərov da orada idi. “Udlinitel”i Turala verdim. Əmimgilin darvazası açıq idi. Rəis mənə dedi ki, soyuq olar, evə keç. Mən də keçdim...”

Əmisi oğlunun həbsindən sonra özünün də polis rəisi tərəfindən təzyiqlərə məruz qaldığını, hədələndiyini deyən Murad Süleymanovun sözlərinə görə, Şirzad Əsgərov ondan tələb edirdi ki, bu məsələdən söhbət düşən hər yerdə qatilin İlkin olduğunu desin: “Onun dediyinə əməl eləmədim. İlkin yanvarın 23-də apelyasiya məhkəməsində başına gətirilənləri danışmışdı. Rəis daha da aqressivləşmişdi. Vəsiqəmi də aldı, hədələdi, amma səhəri gün qaytardı. Yanvarın ya 24-ü, ya da 25-də məni prokurorluğa apardılar, Baş prokurorun birinci müavini Rüstəm Usubov da orada idi. O da hədə ilə danışırdı. Mənə deyir ki, niyə orada-burada meyit yanan vaxt iy olmadığını demisən? Dedim, mən heç yerdə belə şey danışmamışam. Amma haqlısınız ki, orada iy yox idi”.

Prokurorluqda Murad Süleymanovu Aynurə İsmayılova ilə üzləşdiriblər: “Mənə böhtan atırdı ki, guya ona pul təklif eləmişəm. Halbuki, belə bir şey olmamışdı, özləri də bilirdilər”.

Yanvarın 29-da Murad Süleymanov “Kanal 13” internet televiziyasına müsahibə verib, baş verənləri, gecə saat 4 radələrində polis rəisi və başqa polislərin İlkingilin evinə necə girdiyini danışıb. Polis rəisinin ona qarşı çox qəzəbli olduğunu görən Murad Süleymanov daha sonra Daxili İşlər naziri Vilayət Eyvazovun adına işdən çıxmaq barədə raport göndərib: “Cənab nazirə ünvanladığım raportda göstərdim ki, mənə və ailəmə qarşı təzyiqlərə görə işdən çıxmaq istəyirəm. Bir müddət sonra axşam saatlarında məni Bakıda yaşadığım evdən gəlib apardılar. Məni nazir müavini Seyfulla Əzimovun qəbuluna saldılar. O bildirdi ki, cənab nazir göstəriş verib, bu məsələ araşdırılmalıdır, niyə işdən çıxmaq istəyirsən? Rəisin elədiklərini danışdım. O dedi ki, Şirzad Əsgərov kimdir belə hərəkətlər eləsin, işində qalacaqsan. Sonra general Sahib Mirzəyevin yanına apardılar, o da eyni şeyi dedi. Amma mən bilirdim ki, o rəis başıma oyun açacaq. Ona görə getmədim, işdən çıxmaq barədə cənab nazirə teleqram göndərdim”.

Şahid onu da deyib ki, hələ yanmış meyit tapılmamışdan əvvəl rəis müavini Şahlar Cəfərov ondan kənddə tək yaşayan adamlar haqda məlumatlar istəyib. O da Dondar Quşçu sakinləri barədə məlumat verib.

İlkin süleymanovun işi üzrə məhkəmə prosesi aprelin 11-də davam edəcək.

İlkin Süleymanovun vəkili Zabil Qəhrəmanov jurnalistlərə açıqlamasında bildirib ki, yanvarın 8-də müvəkkilinin yaşadığı evə baxış keçirilib. Amma heç bir dəlil-sübut tapılmayıb: “Yanvarın 8-də İlkingilin evinə baxış keçirilir, heç nə tapılmır, bunu təsdiqləyən baxış protokolu var. Amma bir gün sonra yenə axtarış keçirirlər, bu dəfə nəsə tapırlar. Murad Süleymanov məhkəmədə qara “cip”lə polis rəisinin gecə saat 4-də İlkingilin evinə gəlməsindən danışdı. Gecə saat 4-də o adamların orada nə işi vardı? Bu həm də niyə sonradan “sübut” tapılmasının cavabıdır. Əgər orada sübut olsaydı, elə ayın 8-də tapardılar”.

İlkin Süleymanovun qardaşı Adil Süleymanov da bildirib ki, həmin gecə o evə saxta sübutları yerləşdirmək üçün gəliblər: “Polis rəisinin yanında bir neçə nəfərlə gecə saat 4-də gizli gəlməsinin başqa izahı yoxdur, ola da bilməz. Murad zəng edib, yanğın haqda xəbər verəndə niyə rəis qırmızı kurtka, ayaqqabı soruşub? Məsələn, meyitin qadın, yoxsa kişi, saçının uzunluğu kimi məsələləri soruşa bilərdi”.

İlkin Süleymanovun əmisi oğlu Tariyel Süleymanov ehtimal edir ki, bu cinayətin arxasında yüksək vəzifəli şəxslər dayanır. Onlar İlkini həbsdə saxlatdırıb, onun haqqında sifarişli hökm çıxarılmasına nail olmaqla, həqiqəti ört-basdır eləməyə çalışırlar.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »