Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibədən sonra qlobal iqtisadiyyatın aqibəti necə olacaq?
Müharibədən sonra qlobal iqtisadiyyatın aqibəti necə olacaq?

Rusiya-Ukrayna müharibəsi ilə biz qlobal iqtisadiyyat üçün risklərin getdikcə daha çox artdığı bir dövrə daxil olduq. Bir çox əmtəələrin, xüsusilə də enerji məhsullarının qiymətlərinin artması bütün iqtisadiyyatlar üzərində onsuz da mövcud olan inflyasiya təzyiqini daha da artırdı. Bəs müharibə bitdikdən sonra bu risklər aradan qaldırılacaqmı?

Enerji qiymətlərindəki son artımlar Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olsa da, biz müharibədən əvvəlki proqnozlarda 2022-ci il üçün daha yüksək qiymətlər gözləyirdik. Məsələn, müharibədən xeyli əvvəl “JP Morgan”-ın neftin qiyməti barədə proqnozunda bir barel üçün 125 dollar açıqlanmışdı.

Əsas məsələ dünyanın “yaşıl transformasiya”, “sıfır karbon” və ya “sıfır xalis iqtisadiyyat” adlanan qalıq yanacaqlardan uzaqlaşmaq planlarının olmasıdır. Karbon emissiyalarını azaltmaq üçün planlaşdırılan bu transformasiya ilə gələcəkdə neft və onun törəmələrinə tələbatın azalacağı gözləntiləri bu sahələrə investisiyaların azalmasına səbəb olub. İndi çox az şirkət neft kəşfiyyatı, işlənməsi və tədarükünü həyata keçirməyə hazırdır. Bu, orta uzunmüddətli perspektivdə təklifin azalması deməkdir. Deməli, enerjidə əsas problem müharibə deyil. Təbii ki, müharibə ilə bağlı qısamüddətli təsirlər var. Lakin bütün bu qiymət artımlarının səbəbi müharibə yox, təklifin tələbdən aşağı olmasıdır.

Taxt-tacı son vaxtlar sarsılmağa başlasa da, ABŞ dolları hələ də qlobal dominant valyutadır. Mərkəzi banklar hələ də dollarları ehtiyat kimi saxlayırlar və qlobal ticarət hələ də əsasən dollarla aparılır. Üstəlik, müvafiq birjalarda bir çox malların qiyməti dollarla ölçülür. Bu baxımdan valyutası dollar olmayan iqtisadiyyatlar üçün dolların dəyəri həmişə önəmlidir. Çünki bütün bu qiymətlərin dollarla olması, yerli valyutanın ucuzlaşdığı hallarda həm inflyasiya, həm də cari hesabda kəsir yaradır.

Dolların sahibi olan ABŞ Federal Ehtiyat Sistemi, pandemiya səbəbiylə başladığı aktiv alışlarını ötən ayın əvvəlində başa çatdırıb. Hətta ilk faiz artımını da etdi. İndi o, 8,9 trilyon dollara qədər genişlənən balansını daraltmağı planlaşdırır. Bütün bu hadisələr Dollar İndeksinin artması deməkdir. Bu vəziyyət digər valyutalara, xüsusən də inkişaf etməkdə olan iqtisadiyyatlara təzyiqi artırır.

Pandemiya dövründə qlobal təchizat zəncirlərindəki pozulmalar və istehsal planlarının pozulması əmtəə qiymətlərinin pisləşməsinə səbəb oldu. Bundan əlavə, qlobal nəqliyyat indeksləri hələ də yüksək səviyyədədir. Xüsusən də görürük ki, enerji qiymətlərindəki artımlar birbaşa olaraq logistik xərclərdə özünü göstərir. Beləliklə, bu qiymətlərin iqtisadiyyatlara təsiri bir müddət problem olaraq qalacaq.

Sektorları və buna misalları artırmaq olar. Lakin ümumilikdə yuxarıda anlatmağa çalışdığım mənzərə onu göstərir ki, Rusiya-Ukrayna müharibəsi bitsə belə, qlobal iqtisadiyyat tərəfində işlər çox çətindir. Əslində, bu, sizə iddialı görünə bilər, lakin müharibə heç vaxt baş verməsə belə, bu risklərin iqtisadiyyatları gərginləşdirəcəyi şübhəsiz idi.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »