Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya hərbçiləri ac qalır, ayaqlarını don vurur”
“Rusiya hərbçiləri ac qalır, ayaqlarını don vurur”

Rusiya ordusunun Ukraynanın mərkəzindəki əməliyyatlarının uğursuz alındığını demək olar. Düzdür, xeyli dağıntı var. Amma Kreml qoşunları əsas məqsədinə çata bilmir. Şəhərlərdə siyasi hakimiyyəti dəyişmək alınmır. Üstəlik, hər hansı irəliləyiş böyük itki ilə nəticələnir.

Bizimyol.info xəbər verir ki, Rusiya ordusunda ciddi ruh düşkünlüyü var. Bunu hərbi ekspertlər hər dəfə xüsusi vurğulayır. Jurnalist Roman Tsımbalyuk yazır ki, Rusiya hərbçiləri təchizatın pis olmasına görə ac qalırlar. Onlar gündə cəmi bir dəfə qidalanır. Hərbçilərin ayaqlarını don vurur.

Roman Tsımbalyuk konkret hansı hərbi qüvvələrin problem yaşadığını yazıb. O, 448-ci motoatıcı alayın, 254-cü motoatıcı alayın, 144-cü motoatıcı diviziyanın adlarını çəkib. Diviziyanın rəhbəri Dmitri Peşkovla hərbçilər arasında gərginlik var. Polkovnik necə davranacağını bilmir. Məhz 144-cü motoatıcı diviziyada əlləri, ayaqları donmuş xeyli hərbçi qeydə alınıb. Çünki onlar lazımınca isti geyimlər almayıblar.

Rusiya ordusu Ukraynada hərbi əməliyyatlara fevralın 24-də başlayıb. İndiyə qədər minlərlə dinc sakinin həyatına son qoyulub. Təkcə 200-ə qədər uşağın öldürüldüyü xəbər verilir. Kiyev ətrafındakı Buça qəsəbəsində böyük qətliam olub. İşgəncə ilə öldürülənlərin sayı hələ də tam dəqiqləşməyib.

Rusiya ordusu Mariupol şəhərini tamamilə dağıdıb. Xarkovun böyük hissəsi sıradan çıxıb. Çerniqov, Xerson da pis vəziyyətdədir. Buna baxmayaraq, Kreml qoşunları böyük itkilər verməkdə davam edir. Həyatını itirən rusiyalı hərbçilərin sayı 19 min nəfəri keçib. 698 tank, 150 qırıcı təyyarə, 7 gəmi sıradan çıxıb. 332 artilleriya sistemi yararsız vəziyyətə düşüb.

Tərəflər bir neçə dəfə danışıqlar vasitəsilə müharibəni dayandırmağa cəhd göstərib. Cəhdlər uğurzu olub. Kreml Kiyevdən tam təslimçilik gözləyir. Ukrayna isə hətta Krım və Donbassın da işğaldan azad olunmasını istəyir. Hərbi ekspertlər müharibənin azı bir ay davam edəcəyinə əmindir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »