Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Brüssel gündəliyi": danışıqlarda yeni nələr danışıldı?
"Brüssel gündəliyi": danışıqlarda yeni nələr danışıldı?

Kim nə deyir-desin, Azərbaycan xarici siyasətdə, demək olar ki, səhvsiz oynayır. Xüsusilə, postkonflikt diplomatiyasında.

Dünən Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin iştirakı ilə Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasındakı görüşün nəticələri də bu fikri deməyə əsas verir. Görüş ərəfəsində İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşmüşdü, ABŞ-ın dövlət katibi ilə telefonla danışmışdı. Əlbəttə, məlumdur ki, Minsk Qrupunun keçmiş həmsədrləri (ya da "keçmiş Minsk Qrupunun həmsədrləri" deyək -məna dəyişmir) bu ölü formatı reanimasiya aparatına qoşublar; diriltməyə çalışırlar. Məqsəd məlumdur: münaqişənin bitmədiyini sübut etmək istəyirdilər. Məntiq qanunlarına görə, münaqişə bitməyibsə, deməli, Minsk Qrupu da salamatdır. 28 il Ermənistanla Azərbaycan arasında danışıqlara vasitəçilik etmiş bu Qrupun latent məqsədi bu prosesi mümkün qədər uzatmaq olub. 44 günlük müharibədə Azərbaycanın qələbələrindən sonra bu mandat daktik qüvvədən düşüb; Minsk Qrupu tarix olub. Ancaq ABŞ, Fransa və Rusiya məlum məşhur frazanı öz istədikləri kimi dəyişiblər və deyirlər ki, пациент скорее жив, чем мертв... Ölüdən çox diri kimidir yəni.

ABŞ, Fransa başqa bölgələrdə başqa məsələlərdə fikir ayrılıqları, hətta açıq siyasi, trivial hərbi toqquşmalar yaşasalar da, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı duruma eyni mövqedən yanaşırlar; münaqişənin bitmədiyini və Minsk Qrupunun ölmədiyini deyirlər. Əks halda Rusiyanın "sülh məramı" da sona çatmış olur. Onun yerinə iddia edən Qərb paytaxtlarının gözləntiləri də doğrulmamış qalır. Regionda qalmaq üçün Rusiyaya, gəlmək üçün Qərbin ayrı-ayrı dairələrinə Qarabağda münaqişə lazımdır.

Bu, çox mürəkkəb və təhlükəli, həm də Azərbaycanın dəyişə bilməyəcəyi bir reallıqdır. Ancaq Azərbaycan prezidenti bu durumdan çıxmaq, ölkəsini də salamat çıxarmaq üçün özü yeni bir reallıq yaradıb. Bu reallığın adı: "Brüssel prosesi". Azərbaycan Avropa İttifaqını fəal və obyektiv vasitəçiliyə sövq edib. Bu formatda ötın ilin dekabrında və dünən keçirilmiş görüşlər də artıq real və pozitiv nəticələrdir.

Nədir burda pozitiv olan?

İlk növbədə Avropa İttifaqı vasitəçilik missiyasını üzərinə götürərkən 44 günlük müharibənin yaratdığı, daha doğrusu, bərpa etdiyi reallıqları başlanğıc nöqtəsi kimi götürüb. Bu, Brüsselin yeni hərbi reallıqları tanıması ilə yanaşı Azərbaycanın Ermənistana təklif etdiyi sülh şərtlərinin Avropa İttifaqı masasında da əsas kimi götürülməsi deməkdir. Bu görüşün sonunda verilən bəyanatda da münaqişənin davam etdiyi vurğulanmır, ATƏT-in Minsk Qrupu ilə bağlı heç bir ifadə, işarə belə yoxdur. Bu, Azərbaycanın Ermənistan üzərində hərbi qələbələrinin uğurlu siyasi "konvertasiyası" sayıla bilər. Biz tarixə diqqətlə baxsaq ağır itkilər bahasına hərbi qələbələr əldə etmiş tərəfin qazandıqlarını masada qismən və hətta əsasən itirdiyinə dair xeyli nümunələr görə bilərik. Azərbaycanın bu baxımdan apardığı diplomatiya təqdirə şayandır. Daha çoxunu etmək olardımı?! Bəlkə də. Ancaq rəsmi Bakı siyasi Qarabağ cəbhəsində, Bismarkın sözləri ilə desək, mümkün olanı əldə etmək sənətkarlığını göstərir. Üstəlik bu "mümkün olan" dediyimiz şey həm də bizə lazım olanlardır.

Bu lazım olanlar Azərbaycanın Ermənistana göndərdiyi sülh şərtlərində dolğun, dəqiq və aydın ifadə olunub. Azərbaycan deyib ki, iki ölkə bir-birinin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını tanısın. Bir-birinə güc tətbiq etməyəcəyinə söz versin. Sərhədlərini delimitasiya və demakrasiya etsinlər. Sülh müqaviləsi bağlasınlar. Diplomatik münasibətlər qurulsun. Nəqliyyat və sair kommunikasiyalar açılsın. Buna Ermənistan hələ ki tam "hə" demək istəməsə də, "yox" deyə də bilməz. Eyni zamanda Azərbaycanın ortaya qoyduğu belə bir siyasi olaraq konstruktiv, hüquqi olaraq əsaslandırılmış, diplomatik olaraq sistemli mövqeyi Avropa İttifaqına da vasitəçi kimi obyektiv mövqe tutmaqdan başqa yol qoymayıb. Burada hansısa manevr üçün ən kiçik bir boşluq da buraxılmayıb. Başqa sözlə, Avropa İttifaqının vasitəçi missiyasının pozitiv nəticələr əldə etməsində ilk növbədə Azərbaycanın böyük diplomatik payı var.

Dünənki Brüssel görüşünün ikinci mühim nəticəsi də bu realist və haqlı mövqedən qaynaqıanıb. Razılığa gəlinib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya yaradılsın və sülh müqaviləsinin hazırlanması üçün xarici işlər nazirliklərinə tapşırıq verilsin. Eyni zamanda Brüssel sənədində Rusiyanın egidası altında daha əvvəl imzalanmış sənədlərə də istinad edilir. Bu da Ermənistanın həmin sənədlərlə üzərinə götürdüyü öhdəliklərin bir daha tanınması və yerinə yetirilməsi zərurətinə daha bir vurğudur. Bunlar da, təbii ki, Azərbaycanın mövqeyinə uyğundur.

Bura qədər hər şey aydın və normaldır. Ermənistanın əvvəlki öhdəliklərini netləşdirən və rəsmi İrəvanın üzərinə yeni öhdəliklər qoyan daha birbmühüm sənəd də almış olduq. İndi əsas məsələ Ermənistanın bu öhdəliklərə nə zaman və necə əməl edəcəyidir. Bura qədər də çox iş vardı, bundan sonra daha çox iş qalır. Bu komissiya necə yaranacaq, necə işləyəcək?! Sülh müqaviləsinin mətni necə hazırlanacaq, müzakirələrə hansı qapıdan giriləcək?! Bunlar əsas suallardır. Hər maddənin, hər cümlənin, hətta hər sözün, ifadənin üstündə mübarizə gedəcək. Başqa sözlə, hələ görülməmiş ən çətin işlər, hələ qazanılmamış ən başlıca nəticələr qabaqdadır. "Brüssel gündəliyi" yaxşıdır, ancaq bu, hələ son deyil.

İndi Ukraynada müharibə aparan Rusiyanın məşhur klassiklərindən biri belə demişdi: "Pis sülh müharibədən yaxşıdır". Ancaq mən bu fikirlə mübahisə edəcəm: sülhün də pisi var, yaxşısı var. İstənilən sülh yaxşı sayılsaydı, beynəlxalq hüquqa ehtiyac olmazdı. Sülh təkcə hərbi nəticələrə, siyasi mövqelərə əsaslanmır, ən başlıcası və ən birincisi, hüquqa əsaslanmalıdır. O məşhur klassik o fikri deyəndə 18-ci yüzilin pəncərəsindən baxırdı. İndi isə 21-ci əsrin 22-ci ilini yaşayırıq. Bu qədər sadə və aydın!

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »