Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya-Ukrayna müharibəsində Türkiyəyə rəqib olmaq üçün yeni vasitəçilik cəhdi
Rusiya-Ukrayna müharibəsində Türkiyəyə rəqib olmaq üçün yeni vasitəçilik cəhdi

42 günü geridə qoyan Rusiya -Ukrayna müharibəsində atəşkəs səyləri üçün diqqətçəkən addım Avropada Rusiyaya ən yaxın ölkələrdən biri olan Macarıstandan gəldib.

Bizimyol.info xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bildirib ki, dünən telefonla danışdığı Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə atəşkəslə bağlı danışıqlar aparmaq üçün Budapeştə dəvət edib. Putinin Macarıstanda Fransa və Almaniya liderləri, eləcə də Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi təklif etdiyini qeyd edən Orban, Rusiya liderinin bu təklifə müsbət yanaşdığını, lakin bəzi şərtlərinin olduğunu bildirib. Lakin Orban Putinin Zelenski ilə masa arxasında oturmaq üçün hansı şərtləri tələb etdiyinə toxunmayıb.

Rusiyaya yaxın ölkə kimi diqqət çəkən Macarıstan son vaxtlar Ukrayna müharibəsinə yanaşması ilə tənqid hədəfinə çevrilib. Zelenski Macarıstanın Rusiyaya qarşı Ukraynanı dəstəkləməməsini tənqid edib və “Macarıstan Rusiya ilə dünyanın qalan hissəsi arasında seçim etməlidir”,- deyə bildirib.

Macarıstan Xarici İşlər Nazirliyi dünən Ukraynanın bu ölkədəki səfirinin nazirliyə çağırıldığını açıqlayıb. Macarıstanın Xarici İşlər naziri Peter Szijjarto sosial mediadan verdiyi açıqlamada Ukrayna liderlərinin Macarıstanı təhqir etdiyini, ölkənin təhlükəsizliyi üçün Ukraynaya silah göndərmədiklərini, Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcəklərini bildirib.

Qeyd edək ki, bazar günü ölkəsində keçirilən seçkilərdə növbəti dəfə qələbə qazanan Orbanın açıqlaması Türkiyənin son dövrdə Rusiya ilə Ukrayna arasında gərgin vasitəçilik cəhdlərindən sonra gəlib.

Xatırladaq ki, ötən ayın sonunda İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin arasında gedən danışıqlar bütün dünyanın gözünün Türkiyəyə çevrilməsinə səbəb olub.

Atəşkəs naminə böyük irəliləyiş əldə olunmasa da, Rəcəb Tayyib Ərdoğanın açdığı görüşdə Moskvanın xoşməramlılıq əlaməti olaraq Kiyev və Çerniqovda hərbi fəaliyyətlərini azaldacağı ilə bağlı açıqlaması “müsbət inkişaf” kimi qiymətləndirilib. Bundan əlavə, Ukraynanın tələb etdiyi “qarant ölkələr” arasında Türkiyənin də adı var.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »