Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Moskva Brüsseldən geri qalmamaq üçün yeni bir görüş təşkil edə bilər”
“Moskva Brüsseldən geri qalmamaq üçün yeni bir görüş təşkil edə bilər”

Aprelin 6-da Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında gözlənilən görüş baş tutub. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə təşkil edilən görüş sayca ikinci üçtərəfli görüş idi.

Qeyd edək ki, bu formatda ilk üçtərəfli görüş 14 dekabr 2021-ci ildə keçirilmişdi. Siyasi şərhçi Turan Rzayev Bizimyol.info saytına görüşü şərh edən zaman bildirib ki, Brüssel görüşünü ümumi olaraq müsbət qiymətləndirmək olar.

Turan Rzayev Turan Rzayev

“Görüşün 4 saat çəkməsi tərəflər arasında müzakirələrin gərgin atmosferdə keçdiyini deməyə əsas verir. Tərəflər görüş zamanı sülh müqaviləsinin reallaşması üçün öz istəklərini bəyan ediblər. Prinsip etibarilə Azərbaycan 5 bəndlik sülh təkliflərini Ermənistana çox öncədən təqdim edib. Bu mənada görüş zamanı rəsmi Bakının tələblərini öncədən təxmin etmək mümkün idi”.

Siyasi şərhçinin sözlərinə görə, Brüssel görüşünü bir neçə aspektdən Azərbaycan üçün uğurlu hesab etmək olar. “Birincisi, tərəflər arasında sülh sazişinin hazırlanmasına dair razılıq əldə olundu. Belə ki, tərəflər xarici işlər nazirlərinə müqavilənin hazırlanması ilə bağlı tapşırıq verilməsi üzərində razılaşıb. Dünən axşam jurnalistlərin suallarını cavablandıran Prezident Mişel sülh müqaviləsinin hazırlanması ilə bağlı prosesin məhz bu gecə başladığını bildirib. Yəni demək olar ki, artıq proses başlayıb.

İndiki məqamda sülh sazişinin hazırlanması ilə paralel imzalanması da mühüm məqamdır. Bu isə Ermənistan tərəfinin şərtlərindən asılı olacaq. Azərbaycan tərəfinin şərtləri, tələbləri bəllidir. Rəsmi İrəvanın utopik istəkləri prosesi uzada bilər.

İkincisi, sərhədin delimitasiya və demarkasiya məsələsidir. Belə ki, tərəflər 26 noyabr 2021-ci il Soçi bəyanatına uyğun olaraq, aprelin sonuna qədər birgə komissiyanın yaradılmasına razılaşıb. Sərhədin delimitasiya və demarkasiyası rəsmi Bakı üçün hazırda prioritet məsələdir. Ancaq bu məsələ ilə bağlı danışıqlara başlanılması bir neçə bəyanatda əks olunsa da, Ermənistan qəbul etdiyi bəyanatlara zidd olaraq prosesi uzadır və buna görə təzyiqlə üzləşmir. Hesab edirəm ilk növbədə bu məsələ öz həllini tapmalıdır. Üçüncüsü, ölkələr arasında kommunikasiyaların bərpasıdır. Avropa İttifaqı dəmir yolu əlaqələrinin bərpası istiqamətində atılan addımları dəstəkləyərək avtomobil yolu əlaqəsinin də bərpası ilə bağlı tərəfləri səylər göstərməyə səsləyib. Bu Zəngəzur dəhlizinin reallaşması baxımından da vacib yanaşmadır.

Azərbaycan üçün Zəngəzur dəhlizinin icrası hazırda hər şeydən vacibdir. Ancaq Ermənistan tərəfi bu məsələdə də süni maneələr yaradır. Misal üçün Brüsseldə 2021-ci ilin dekabrın 14-də keçirilən görüşdə qəbul olunan ortaq bəyanatda dəmiryolunun fəaliyyətinin bərpası ilə bağlı razılıq əldə olunsa da rəsmi İrəvan hələlik heç bir addım atmayıb. Ermənistan prosesi uzatdığına görə Azərbaycan İran üzərindən dəmiryolunun çəkilməsi ilə bağlı Tehranla memorandum imzaladı. Halbuki Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa və beynəlxalq yükdaşımalarda gəlir əldə etməsinə imkan verə bilərdi. İrəvanın düşünülməmiş siyasəti ona gətirib çıxartdı ki, Azərbaycan bu marşrutu İran vasitəsilə reallaşdırmağa başladı və Ermənistan yenə də oyundan kənar vəziyyətdə qalıb.

Bununla belə hesab edirəm hazırda bu ölkədə Zəngəzur dəhlizinin icrasını istəyən qüvvələr də mövcuddur. Bu reallığı nəzərə alıb Ermənistana təzyiqləri davam etdirmək lazımdır.

Dördüncüsü, sənəddə Dağlıq Qarabağ ifadəsi və ya ATƏT-in Minsk Qrupunun həmsədrlərinə dair heç bir istinad yoxdur. Halbuki Ermənistan tərəfi israrla prosesin ATƏT formatında həllini istəyirdi.

Rəsmi İrəvanın bu tələbdən nəyi umduğu bəllidir. Bakı üçün bu fəaliyyətsiz qurumun iştirakının heç bir əhəmiyyəti yoxdur. Görünür Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel də bu qənaətdədir”.

Turan Rzayevin sözlərinə görə, Brüsseldə vurğulanan bəndlər Azərbaycanın xeyrinə olsa da icrasının tez və ya gec baş tutması sual yaradır.

“Ümumiyyətlə Avropa İttifaqının vasitəçilik təşəbbüsünü səmimi hesab edirəm, ancaq Rusiya amilini də nəzərə almaq lazımdır.  Kremlin Brüsselin Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə mane olmağa çalışacağını düşünmürəm. Çünki Brüseel görüşündə Avropa İttifaqı Bakını məmnun edəcək konstruktiv addımlar atdı. Bu Kremlin vasitəçiliyini təhlükə altına atır. Rəsmi Moskva Brüsseldən geri qalmamaq üçün yaxın vaxtlarda Soçi və ya Moskvada Brüssel bənzəri 3-lü bir görüş təşkil edə və bu görüşdə daha müsbət addımlar ata bilər. Misal üçün 10 noyabr bəyanatının 4-cü bəndinin icrası kimi.

Rəsmi Bakı üçün bu məqam çox vacibdir. Qanunsuz silahlı birləşmələrinin Rusiya sülhməramalıların müvəqqəti səlahiyyət zonasına aid ərazilərdən çıxarılması Bakını məmnun edə bilər”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »