Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya-Ukrayna müharibəsi Azərbaycanda daşınmaz əmlakı bahalaşdırıb
Rusiya-Ukrayna müharibəsi Azərbaycanda daşınmaz əmlakı bahalaşdırıb

Rusiya-Ukrayna müharibəsi Azərbaycanda da bir çox sahələrə öz təsirini göstərib. Məsələn, tikinti materialları bazarında adı çəkilən iki ölkədən gətirilən materilların qiymətində 2 dəfəyə qədər bahalaşma müşahidə edilir.

İqtisadçı Abbas Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son dövrlərdə Azərbaycanın tikinti materialları bazarında bir çox məhsulun qiymətində artım müşahidə edilir. Bunun bir neçə səbəbi var. Belə ki, dünyada və bölgəmizdə baş verən sosial-iqtisadi və geosiyasi proseslər daşınmaz əmlak və təmir-tikinti bazarlarına təsirsiz ötüşmür. Yəni bu bazarlar qlobal miqyasda baş verən proseslərə adətən adekvat və çevik cavab verir:

“Bildiyimiz kimi, Azərbaycanın tikinti materiallarını idxal etdiyi ölkələr arasında Türkiyə və Rusiya əsas yer tutur. Rusiya Ukrayna münaqişəsi nəticəsində ona tətbiq edilən beynəlxalq sanksiyalar və bu ölkənin ixraca qoyduğu müəyyən məhdudiyyətlər idxalatçı ölkələrdə tikinti materiallarının qiymətlərində artıma gətirib çıxarıb. Mövcud vəziyyəti təhlil etdikdə görürük ki, son aylarda hər iki ölkədən idxal edilən məhsulların qiymətlərində təxminən 10-25% arası bahalaşma müşahidə edilir. Mövcud siyasi vəziyyət və Rusiya-Ukrayna münaqişəsi ilə yanaşı, Rusiyada ixrac məhsullarına tətbiq edilən rüsumların artırılması, habelə meydana çıxan logistik problemlər qiymət artımında müəyyənedici rol oynayır”.

İqtisadçının sözlərinə görə, ümumilikdə tikinti materialları bazarında bahalaşma artıq bir neçə ildir, xüsusilə də 2021-ci ilin son rübündən, inflasiyaya müvafiq olaraq artan templə davam edir. Qiymət artımı 2022-ci ilin ilk üç ayında Azərbaycanın daşınmaz əmlak bazarına da birbaşa təsir göstərib. Belə ki, həm çoxmərtəbəli binalardakı mənzillərdə, həm də fərdi yaşayış evlərində qiymət artımları müşahidə edilir. Belə ki, binaların və fərdi yaşayış evlərinin tikintisində və interyer təmirində istifadə edilən materiallardakı qiymət artımı daşınmaz əmlakların bahalaşmasına birbaşa təsir edən amillər sırasındadır.

“Bəhs edilən amillərə görə, ilkin əmlak bazarındakı qiymət artımları öz növbəsində təkrar əmlak bazarına da öz təsirini göstərir. Çünki mənzillərini satmağa çalışan əmlak sahiblərinin böyük əksəriyyəti satışdan sonra potensial alıcıya çevrilir və yeni mənzil almaq istədiklərinə görə evlərini ucuz qiymətə satmaq onlara sərfəli gəlmir. Nəticədə təkrar mənzil bazarında da qiymətlər “şişir” və yüksəlir”,- deyə iqtisadçı bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »