ABŞ prezidenti Co Bayden həmkarlar ittifaqı nümayəndələri qarşısında çıxışı zamanı deyib ki, ABŞ sanksiyalarının bir ili Rusiya iqtisadiyyatına “15 illik nailiyyətləri” bahasına başa gələcək.
“Bir il ərzində bizim sanksiyalarımız Rusiya iqtisadiyyatının son 15 ildə əldə etdiyi nailiyyətləri puça çıxara bilər. Rusiya Federasiyasının 21-ci əsrdə rəqabət qabiliyyətli olması lazım olan texnologiyaların idxalını kəsdiyimizə görə, biz gələcək illər ərzində Rusiya Federasiyasının iqtisadi inkişaf qabiliyyətini boğacağıq",- deyə Amerika prezidenti bildirib.
Bayden həmçinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini Ukraynanın Buça şəhərində baş verənlərlə əlaqələndirib.
"Böyük müharibə cinayətindən başqa heç nə baş vermir. Ölkələr günahkarları ədalətə çatdırmaq üçün bir araya gəlməlidir. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə biz iqtisadi xərcləri artırmağa davam etməklə, Rusiya Federasiyasının iqtisadi təcridini daha da gücləndirmək niyyətindəyik ",- deyə Bayden əlavə edib.
O, son bir neçə gündə Vaşinqtonun Kiyevə pilotsuz təyyarələr, lazerlə idarə olunan raket sistemləri və “Javelin” tank əleyhinə raket sistemləri təqdim etdiyini bəyan edib.
"Biz Ukraynanı ölkəni müdafiə etmək üçün lazım olan silah və resurslarla təmin etməyə davam edirik. Dünən daha çox tankları və zirehli texnikaları məhv edə bilən "Javelin" daşına bilən raket sistemləri göndərmək üçün daha bir “Ukraynaya yardım” paketi imzaladım”,- deyə bildirib.
Baydenin sözlərinə görə, Ukraynada münaqişə uzun müddət davam edə bilər.
“Bu gün Kiyev hələ də ayaqdadır. Bu mübarizə bitməkdən çox uzaqdır. Nəticə budur ki, bu müharibə uzun müddət davam edə bilər, lakin ABŞ Ukraynanı, Ukrayna xalqını və azadlıq mübarizəsini dəstəkləməyə davam edəcək. Mən sadəcə, bunu bilməyinizi istəyirəm. Yeri gəlmişkən, müharibəyə getməli olsam, sizinlə gedəcəm. Mən ciddiyəm”,- deyə söz verib.
Qeyd edək ki, aprelin 6-da Vaşinqton Rusiya iqtisadiyyatına, vətəndaşlarına və şirkətlərinə qarşı növbəti sanksiyalar paketi tətbiq edib. Xüsusilə, Sberbank və Alfa-Bank-a qarşı ABŞ maliyyə sistemi ilə əlaqəli hər hansı aktivlərinin dondurulmasını nəzərdə tutan tam bloklayıcı sanksiyalar tətbiq edilir.
Bundan əlavə, ABŞ Amerika vətəndaşlarının Rusiyaya yeni sərmayə qoymasına da qadağa qoyub.
Leyla, Bizimyol.info