Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Buça qətliamına "ağlayan" Qərb: Vyetnam, Əfqanıstan, Suriya, İraq unuduldumu?..
Buça qətliamına "ağlayan" Qərb: Vyetnam, Əfqanıstan, Suriya, İraq unuduldumu?..

Rusiyanın Ukrayna şəhərlərindən geri çəkilərkən geridə qoyduğu görüntülər dünya ictimai rəyini dəhşətə gətirib. Xüsusilə Buça və İrpin bölgələrində əli bağlı edam edilənlərə, kütləvi məzarlıqlara, dağıdılmış və talan edilmiş yaşayış məntəqələrinə rast gəlinir. Əfqanıstanda, İraqda, Suriyada törədilən qətllərə, vəhşilik görüntülərinə ciddi reaksiya verməyənlərsə indi soyqırımdan, müharibə cinayətlərindən danışırlar.

BMT-nin baş katibi Quterreş, NATO-nun baş katibi Stoltenberq, Almaniya kansleri Şolz və Hollandiyanın Baş naziri Rutte başda olmaqla, İtaliya, İngiltərə və İspaniya Rusiyaya sərt reaksiya verib. Yaxın günlərdə sanksiyaların sərtləşdirilməsi və diplomatik çəkişmələrin olacağı gözlənilir. Təbii ki, Rusiya tərəfi həmin görüntülərin ssenari olduğunu iddia edir - əlbəttə, hər zaman olduğu kimi…

Rusiyanın lobbiçiliyində könüllü olan dərnəklər də eyni dildən - üsuldan istifadə edirlər. Suriyada o çirkin üsulu və qatilin özünə bəraət qazandırmaq cəhdini daha əvvəl görmüşük. Şəhərlər yerlə-yeksan edilən zaman, dağıntılar altından çıxarılan uşaqların cəsədləri hətta daşürəkli insanlarda belə fəryad qopararkən, ölkədəki ruspərəst lobbilər baş verənlərin indiki kimi ssenari olduğunu iddia edirdilər. Çörəkxanaların qabağında çörək gözləyərkən bombalananlar, bazarda çəllək bombaları ilə yandırılanlar, kimyəvi silah bombardmanından oksigen çatışmazlığı yaşayıb ölənlər də bu rus lobbilərinə görə bir ssenarinin parçası idi.

Təbii ki, bənzəri qətliamlara, hətta daha çoxuna imza atmış ABŞ və İngiltərənin “burada bir müharibə cinayəti işlənib” ifadəsində zərrə qədər də səmimiyyətdən, insani dəyərlərə bağlılıqdan söhbət gedə bilməz.

Böyük Britaniyanın baş naziri Conson baş verənlər və mediada əks olunan görüntülərlə bağlı açıqlama verərkən, Buça qətliamını “Putin və ordusunun “müharibə cinayətləri” törətdiyinin daha bir sübutu” kimi dəyərləndirib. Bayden isə dəlil toplamaqda prokurorlara kömək edəcəklərini bildirib.

Lakin hər iki ölkənin - ABŞ və İngiltərənin öz əsgərləri tərəfindən işğal olunmuş ərazilərdə törətdikləri qətllərə görə yerli və beynəlxalq məhkəmələrdə mühakimə oluna bilməyəcəkləri barədə verdikləri qərarlardan da çox uzun müddət keçməyib…

Əfqanıstanda 2018-ci ildə hafiz uşaqların buraxılış mərasimi zamanı mədrəsə işğalçı qüvvələrin hədəfinə çevrilmişdi. Qırğında ölən 100-dən çox insanın hamısı dinc sakinlər idi. Başqa bir misal; 2015-ci ilin oktyabrında ABŞ döyüş təyyarələri Əfqanıstanın şimalındakı Kunduz şəhərində “Sərhədsiz Həkimlər” təşkilatının idarə etdiyi xəstəxananı “bir saat” havadan hədəfə almış, xəstələr də daxil olmaqla, 42 nəfər həyatını itirmiş, 65 nəfər yaralanmışdı.

Sizcə, toyları, məktəbləri, sağlamlıq mərkəzlərini, uşaqları birbaşa hədəf alan ABŞ vəhşiliyinə qarşı bütün dünya ölkələri tərəfindən reaksiya verildimi? Təəssüf ki, yox!

Dövrün ABŞ Prezidenti Obama 30 dəqiqə bombaladıqları xəstəxana üçün "Sərhədsiz Dərmanlar" Təşkilatının sədri, doktor Coanne Liuya zəng edərək, üzr istəyib. Lakin Sərhədsiz Həkimlər Təşkilatı ABŞ hərbi qüvvələrinin bu xəstəxanaya hücumunun insanlıq və müharibə cinayəti olduğunu bildirərək, cinayətkarların cəzalandırılmasını tələb etmişdi. Bununla belə, ABŞ Müdafiə Nazirliyi “günahkar” 16 əsgərə və komandirə qarşı “intizam tədbirləri” görmüşdü.

ABŞ-ın Suriyada da eyni bu cür “mərhəmət” mənzərəsi var. Rusiyanı kimyəvi silahdan istifadə etdiyi üçün tənqid edən ABŞ-ın Suriyada törətdiyi qırğınları görməzlikdən gəlmək olmaz. Üç il əvvəl ABŞ təyyarələri Suriyanın Hələb şəhərinin Etarib rayonunun Cina kəndində gecə namazı vaxtı məscidi bombalamış, 80-ə yaxın namaz qılan müsəlman həyatını itirmiş, 200-dən çox insan yaralanmışdı. ABŞ Silahlı Qüvvələrinin bölgə üzrə komandanı “Biz buranı Əl-Qaidənin mərkəzi hesab edirdik, səndemə, yanlış yeri bombalamışıq” deyərək, qətliamı ört-basdır etməyə çalışmışdı.

Biz Ukraynadakı dəhşətli kadrlardan əvvəl də Putinin necə bir qatil olduğunu bilirdik. Ona görə də Buçadakı vəhşiliklər bizi çox təəccübləndirmir. Üstəlik, bir az vicdanı olanlar başa düşəcəklər ki, Putin Ukraynaya Suriyadakı kimi hücum etmir. Rusiya Parlamentinin aşağı palatası olan Dumada Müdafiə komitəsinə rəhbərlik edən Vladimir Şamanov “Suriyalılara kömək edərkən, həm də 200-dən çox yeni silahı sınaqdan keçirdik” deyə, açıqlama da vermişdi.

Putin qatil və hərbi cinayətkardır - bununla razıyam. Amma İraqda, Əfqanıstanda, Suriyada törədilən qırğınlarda payı olan Amerika və Avropa liderlərinin bunu deməsi, ürək bulandırır.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »