Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan reallığı: Milyonçu sahibkar indi qaloşla gəzir: "Ailəmi də məhv etdilər" - Foto
Azərbaycan reallığı: Milyonçu sahibkar indi qaloşla gəzir: "Ailəmi də məhv etdilər" - Foto

Hazırda Neftçala rayonunda vaqonda yaşayan İbrahim Zeynalov vaxtilə Prezidentin İşlər İdarəsinin tabeliyindəki kənd təsərrüfatı müəssisəsinin direktoru olub. Biznes fəaliyyətilə məşğul olan İbrahim Zeynalovun zavodu, ticarət obyektləri, restoranı və başqa əmlakları olub. İndi isə o, nimdaş paltarlarla, qaloşla gəzmək məcburiyyətində qalıb.

Bizimyol.info xəbər verir ki, İbrahim Zeynalov başına gələn faciəyə - iki övladı və həyat yoldaşını itirməsinə, həmçinin müflis olmasına görə deputat Ziyad Səmədzadəni ittiham edir. O bildirib ki, biznesinin yarısını Ziyad Səmədzadəyə verməkdən imtina etdiyinə görə, deputat keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla şəxsi münasibətlərindən istifadə edərək, sifarişlə onu həbs etdirib.

İbrahim Zeynalov İbrahim Zeynalov

İbrahim Zeynalov uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, həbsdə olan general Mövlam Şıxəliyevin məhkəməsində zərərçəkmiş qismində dindirilib. Həmin məhkəmədə Şıxəliyevlə yanaşı, vaxtilə onun tabeliyində işləmiş daha üç nəfər MTN vəzifəlisi – Baş İstintaq İdarəsinin şöbə rəisi, polkovnik Vüsal Ələkbərov, idarənin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov da mühakimə olunur. Lakin bu üç nəfər həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onların barəsində başqa növdə qətimkan tədbiri seçilib.

Sabiq MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə baxılır. Bu hakim MTN-çilərin məhkəməsində jurnalistlərin iştirakına qadağa qoyub. Zərərçəkmişlər buna görə hakimi qınayırlar. Onlar bildirir ki, hakim MTN-çilərin əməllərini ört-basdır eləmək üçün jurnalistləri məhkəməyə buraxmır. Dəfələrlə məhkəmədə də bu məsələni qaldırıblar.

İbrahim Zeynalov bu işdə zərərçəkmiş qismində tanınan 30-dan çox adamdan biridir. Onun səhhətində ciddi problemlər var, gəzməkdə çətinlik çəkir. Ona görə məhkəməyə qohumlarının köməyilə gətirilmişdi.

İbrahim Zeynalov məhkəmədə ifadəsində bildirib ki, Ziyad Səmədzadə ilə illərlə dost olublar. Ona görə də deputat onun biznesindən, sahib olduğu əmlaklardan xəbərdar idi. Zərərçəkmişin sözlərinə görə, günlərin birində Ziyad Səmədzadə biznesinin yarısını istəyib:

“Bilirdi ki, zavodum, emalatxanam, mülklərim var. İllərlə onun özünə də maddi yardım eləmişdim, səfərlərinə pul xərcləmişdim. Qızına torpaq sahəsi hədiyyə elədim, üstəlik, tikinti materiallarını da verdim. Günün birində dedi ki, biznesimin 49 faizini onun, ya da qızının adına keçirim. Vermədim, dedim ki, bu biznesi uşaqlarımın gələcəyi üçün qurmuşam. Onda Ziyad dedi ki, baxarsan, başına nə gətirəcəm”.

İbrahim Zeynalovun dediyinə görə, bu xəbərdarlıqdan az sonra sifarişilə MTN əməkdaşları tərəfindən həbs olunub. O bildirib ki, Yasin Məmmədov otağında ondan 10 milyon istəyib. Bu qədər pulu olmadığını deyəndə isə işçisi olmuş Solmaz adlı qadından istifadə edərək, haqqında cinayət işi başlanıb. İddia olunub ki, Solmazdan 1650 manat pul alıb. Səbail rayon Məhkəməsinin qərarıyla barəsində həbs qətimkan tədbiri seçildiyini deyən İbrahim Zeynalov bildirib ki, 7 ay 17 gün MTN-də girov saxlanıb. Bu müddətdə Yasin Məmmədovun onu bir neçə dəfə Mövlam Şıxəliyevin qəbuluna apardığını xatırlayan İbrahim Zeynalov deyir ki, general da ondan Ziyad Səmədzadə ilə münasibətləri haqda soruşub, bir sıra məsələləri dəqiqləşdirib. Bir müddət həbsdə qalandan sonra başa düşüb ki, tələb olunan pulu verməsə, onu buraxmayacaqlar. Ona görə də məktub yazaraq, oğluna xəbər göndərib ki, nə varsa, satsın, onu xilas eləsinlər: “İyul ayında Yasin Məmmədov məni otağına çağırıb dedi ki, oğlum artıq 8 milyon dollar çatdırıb, yaxın günlərdə buraxacaqlar”.

İbrahim Zeynalovun ev dustaqlığına buraxılmasına əsas kimi onun səhhətində ağır problemlər olması göstərilib. Lakin o deyir ki, həmin vaxt bir ciddi xəstəliyi yox idi.

“Həbsdən buraxılandan sonra ailə üzvlərim danışırdılar ki, nəyimiz var, satıblar, qohumlardan da borc alıb o 8 milyonu düzəldiblər. Rəhmətlik həyat yoldaşım Böyükxanım Zeynalova, 2015-ci ildə rəhmətə getmiş oğlum İlkin, 2016-cı ilin yanvarında rəhmətə getmiş qızım Səbinə, qardaşım Məzahim Zeynalov sayıb, televizor qutularına qablaşdırıblar. Oğlum aparıb Yasin Məmmədova verib. Bunlar mənim ailəmi də məhv elədilər. Mənim evimlə yanaşı, qızımın, oğlumun da evlərində axtarış aparıb, qızıl-brilyant, pul axtarıblar. Divarları “laqonda” ilə kəsiblər, parketləri söküblər, seyf axtarıblar. Qızım bu hadisədə keçirdiyi stresdən xəstəlik tapıb yatağa düşdü. 2015-ci ildə oğlum, 2016-cı ilin əvvəlində qızım öldü. Həyat yoldaşım da övladlarımızın ölümünə dözmədi. Ziyad Səmədzadə ilə MTN həyatımı alt-üst elədi. Heç nəyim qalmadı. İllərdir Neftçalada vaqonda yaşayıram...”

İbrahim Zeynalov məhkəmədə bunları danışanda gözləri dolub, vəziyyəti pisləşib.

O, başına gələnlərə görə Yasin Məmmədovu ittiham edib. Yasin Məmmədov məhkəmə zalında zərərçəkmişə hücum edib. Onun qarşısını digər zərərçəkmişlər kəsərək, İbrahim Zeynalovu vurmasına imkan verməyiblər.

Zərərçəkmişlərdən Hüseyn Səfərov isə təqsirləndirilən şəxsin bu cür davranışına görə hakim Elbəy Allahverdiyevi qınayıb: “Bunlara belə cəsarəti siz verirsiniz ki, zərərçəkmişə hücum edir. Onların tərəfini tutub, məhkəməni birtərəfli aparırsınız, hakimə yaraşmayan hərəkətlər edirsiniz. Yasin Məmmədov bu gün həbsdə olmalıdır, lakin onu azadlıqda saxlayırsınız”.

Hakim ona bu sözləri deyən zərərçəkmiş Hüseyn Səfərovu məhkəmə zalından çıxarıb.

MTN generalı və digərlərinin işi üzrə məhkəmə prosesi davam edir.

Ziyad Səmədzadə isə ünvanına səslənən ittihamları rədd edib, İbrahim Zeynalovun yalan danışdığını deyib. Deputat bildirib ki, İbrahim Zeynalov ona dəstək olmasını xahiş edib. O isə bu xahişi rədd edib.

“Bunlar hamısı qurma işlərdir. Məni bu işə bağlamaq vicdansızlıqdır. Onu da deyim ki, mənim Eldar Mahmudovla da heç bir əlaqəm olmayıb, ancaq  atası Əhməd Mahmudovla münasibətim olub”, - deyə deputat “unikal”a açıqlamasında bildirib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »