"Abşeron yarımadasında radiasiya saçan gölləri görəndə anlayırıq ki, Sovet dönəmində korlanmış ətraf mühiti bərpa etmək üçün böyük işlər görməliyik. İstifadə edilən köhnə quyulardakı sulara çox ciddi diqqət ayrılmalıdır. Həm hökumət, həm də qeyri-hökumət təşkilatları bu istiqamətdə ciddi addımlar atmalıdır. Çünki, köhnə quyularda olan sular çox təhlükəlidir. Buzovna, Zirə və Qala bizim turizm baxımından mühim bölgələrdir. Bu bölgələrdə ətraf mühiti qorumaq çox zəruridir. Ona görə bu kontraktın icrasına ciddi nəzarət olmalıdır".
Bu barədə Milli Məclisin deputatı Asim Mollazadə Milli Məclisin plenar iclasında danışıb. Onun sözlərinə görə, sovet dönəmində və ondan əvvəl istismar olunan yataqlar Azərbaycanın ətraf mühitinə zərbə vurub.
Qeyd edək ki, köhnə neft quyuları, istismar edilən yataqlar təkcə adı sadalanan qəsəbələrdə deyil. Bunlar Balaxanı, Ramanı, Hövsan, Binəqədi və s. digər qəsəbələrdə də mövcuddur. Bu quyular ətraf mühitlə yanaşı, insanların da sağlamlığına zərər vurur.
Uzun illərdir ki, neftlə çirklənmiş ərazilərlə bağlı işlərin görüldüyü deyilsə də, dəyişən heç nə yoxdur. Ekspertlərin fikrincə, neftlə çirklənmiş əraziləri bir ildə və ya 10 ildə təmizləmək mümkün deyil. Bu ərazilərin təmizlənməsi üçün əsrlər lazımdır.
Ekoloq Vaqif Əliyev Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, Bakı ərazisində kifayət qədər neftlə çirklənmiş ərazilər var. Bu ərazilərin yaxınlığında yaşayış məntəqələri də mövcuddur.
“Neftlə çirklənmiş ərazilərdə torpaq radiasiyalı olur və ətrafa zərərli maddələr saçır. Bu, insan sağlamlığı üçün də təhlükəlidir. Bəlkə bu gün həmin ərazilərə yaxın yaşayanlar onun zərərlərini hiss etmirlər. Amma zamanla xərçəng, ağciyər xəstəliklərinin meydana gəlməsi qaçınılmazdır” - deyə ekspert bildirib.
Qeyd edək ki, Hövsan kəndində dəniz sahilinin bir hissəsi neftlə çirklənib. Burada havadan neft qoxusunu hiss etmək olur. Eləcə də Ramanadakı Qaladan aşağıda böyük ərazilər də neftlə çirklənib. Burada sovet dövündən qalma köhnə quyular da mövcuddur.
Ötən günlərdə parlament yeni neft sazişini təsdiq edib. Sazişə əsasən Azərbaycanda Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blok bərpa olunacaq və işlənməsinə başlanılacaq. Layihə səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Xatırladaq ki, saziş 2021-ci il dekabrın 14-də bağlanıb. Bu sazişlə, 3 qəsəbə “ağ günə” çıxacaq. Digər qəsəbələrdəki vəziyyət isə, hələ də sual altındadır.
İlahin, Bizimyol.info