Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu ittihamlar Ermənistanın Qarabağa iddiası kimidir" - Cahangir Əsgərovun gündəmi
"Bu ittihamlar Ermənistanın Qarabağa iddiası kimidir" - Cahangir Əsgərovun gündəmi

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılov yaxın günlərdə yenidən məhkəmə qarşısına çıxarılacaq. Onun haqqındakı 6 illik həbs hökmündən apellyasiya şikayəti verilib.

Bizimyol.info xəbər verir ki, İlqar İsmayılovun şikayətinin araşdırılması Bakı Apellyasiya Məhkəməsində Cavid Hüseynin sədrlik etdiyi hakimlər kollegiyasına həvalə olunub. Artıq apellyasiya məhkəməsində bu iş üzrə ilkin baxış iclasının vaxtı məlumdur. İlqar İsmayılov aprelin 12-də məhkəmə qarşısına çıxacaq.

İlqar İsmayılov apellyasiya şikayətində onun haqqında Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökmün əsassız və qanunsuz olduğunu vurğulayıb. O, hökmün ləğv olunmasını, haqqındakı cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

İlqar İsmayılov İlqar İsmayılov

İş adamı bundan öncə məhkəmə iclaslarında da açıq şəkildə dilə gətirmişdi ki, o, AZAL prezidenti Cahangir Əsgərovun sifarişi ilə cəzalandırılıb. Səbəb isə Cahangir Əsgərov və xanımının ona məxsus “İdeal” şirkətini zorla əlindən almaları haqda dövlət orqanlarına ünvanladığı şikayətlər, mediaya verdiyi müsahibələrdir.

İlqar İsmayılov “İdeal”ı 1999-cu ildə təkbaşına yaradıb. 2011-ci ildə şirkətin 50 faizini Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevaya satıb. İş adamının sözlərinə görə, onda qalan 50 faizi də ələ keçirmək üçün qarşı tərəf müxtəlif üsullardan istifadə edib. Nəticədə məcbur qalıb, daha 25 faizi ona verməli olub. Son 25 faizi vermək istəməyəndə isə 2017-ci ildə barəsində saxta cinayət işi başlanıb, həbs edilib. Həbsdə yanına göndərilən nümayəndələrə etibarnamə verib, “İdeal”ın qalan 25 faizi də Zərifə Həmzəyevanın sərəncamına keçib. Bundan dərhal sonra o, ev dustaqlığına buraxılıb, ardınca haqqındakı cinayət işinə xitam verilib.

İlqar İsmayılov bildirib ki, başına gələnlər haqda susmadığına, şikayət etdiyinə görə 2021-ci ilin aprelində yenidən saxta ittihamla həbs edilib.

İş adamı deyir ki, əlindən alınmış əmlakının dəyəri 16 milyon manatdır və AZAL prezidentinin ailəsindən o pulu tələb edir.

İlqar İsmayılov Zərifə Həmzəyeva ilə şərik olduğu dövrdə - 2013-2016-cı illərdə şirkətin kassasından digər həmtəsisçidən xəbərsiz 680 min pul götürüb, öz ehtiyaclarına xərcləməkdə ittiham olunur. İş adamı isə bu ittihamı rədd edir. O bildirib ki, hətta şirkətə süpürgə alınanda da Zərifə Həmzəyevanın xəbəri olurdu.

“2017-ci ildə də eyni cinayət işini qaldırıb, şirkəti əlimdəm alandan sonra xitam verdilər. Yenə eyni dəst-xətdir. Mənə qarşı ittihamlar sanki Ermənistanın Qarabağ torpaqlarının ona aid olmasına dair iddiaları kimidir. Onun qədər absurd, məntiqsiz və qanunsuzdur. Təəssüf ki, Azərbaycan məhkəmələri bu şəkildə absurd, qanunsuz və sübutsuz ittihamlarla məni təqsirli bilməkdə davam edirlər. Azərbaycan məhkəmələri tərəfindən mənə qarşı irəli sürülən qanunsuz iddia və ittihamlara sifarişlə bu şəkildə qərarlar çıxarılması həm də məhkəmə islahatlarına kölgə salır”, - İlqar İsmayılov bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, İlqar İsmayılov 6 il azadlıqdan məhrum edilib.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »