Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"O həyətə girdim və “Bizim Cəbiş müəllim” filmi gözüm önündə canlandı"
"O həyətə girdim və “Bizim Cəbiş müəllim” filmi gözüm önündə canlandı"

“Bütün hallarda pozitiv olmağı bacarmaq lazımdır” - deyən əməkdar artist Elman Rəfiyev pandemiya dövründə də bu pozitivliyini qoruyub saxlaya bilib. Məhz bu pozitivlik ona insanlarla Zoom vasitəsilə onlayn görüşməyə və yeni bacarıqlarını kəşf etməyə imkan yaradıb. Aktyor pandemiya dövründə şeirlər ifa etməyə başlayaraq, özü üçün şəxsi  YouTube kanalı yaradıb. Və ən nəhayət bu günlərdə ilk dəfə özünü  kinorejissor kimi sınayıb. İşi də özünün də dediyi kimi uğurlu alınıb.

Azərbaycan Respublikasının əməkdar artisti Elman Rəfiyev, Azərbaycan Televiziyasının Kinoproqram redaksiyasının Novruz Bayramı ilə bağlı filmində də ikinci rejissor kimi özünü sınayıb. Elman Rəfiyev mövzu ilə bağlı Bizimyol.info xəbər portalının oxucuları ilə öz təəssüratlarını bölüşüb: “Azərbaycan Televiziyasının Kinoproqram redaksiyasının baş redaktoru Elnur Məmmədov film çəkirdi. Mənə də həmin filmdə 12 rol vermişdi. İş prosesində mənim işə olan məsuliyyətimi, aktyorlara olan  münasibətimi görmüşdü. Bir gün mənə zəng etdi və "Novruzla bağlı bir ssenari var, istəyirəm filmin ikinci rejissoru sən olasan" dedi. Heç vaxt televiziyada hər hansı bir işdə rejissor kimi çalışmamışdım. Sevə-sevə qəbul etdim. Aktyor seçimi ilə məşğul olduq, ssenarini müzakirə etdik və  aktyorlarla işi mənim öhdəmə buraxdı. Mənim üçün çox maraqlı bir mərhələ yarandı. Biz 6 gün ərzində gecə-gündüz çəkilişlərlə keçmiş pantomimçi Taleh Yüzbəyovun ssenarisi əsasında “Bütün yollar Bakıya aparır” adlı Novruz haqqında bir film çəkdik. Gecəli-gündüzlü işlədik. Film ərsəyə gələndə başa düşdüm ki, zəhmətimiz  boşa getməyib. Film efirə gedəndə reytinqdə ikinci yer tutdu. Bu da bizim uğurumuz idi. Aktyorlara münasibət, aktyorlarla iş o qədər əziz idi. Özüm aktyor olduğum üçün onları yaxşı anlayırdım. İstəyirdim aktyorlar üçün hər bir şey ideal səviyyədə olsun”.

E.Rəfiyev bildirir ki, filmdə əməkdar artistlərdən Nəsibə Eldarova, Rəhman Rəhmanov, aktyorlardan Toğrul Rza, İrana Kərimova, Tamilla Abutalıbova, Müthəd Aydınov, Sovqat Səmədova, Ləman İmanova və başqaları oynayıb. Artıq YouTube sosial şəbəkəsində yer alan film, “Bizim Cəbiş müəllim” filminin də çəkildiyi həyətdə çəkilib.

“O ab-havanı görmək bilirsinizmi nə deməkdir? O həyətə girdim və “Bizim Cəbiş müəllim” filmi gözüm önündə canlandı” - deyən Elman Rəfiyev bildirir ki,  televiziyada və film çəkilişində rejissor kimi fəaliyyəti onun üçün bir ilk olub. Və əməkdar artist bunun davam etməsini arzulayır.

“Filmin titrlərində adımı rejissor kimi görəndə qürur hissi keçirdim. Teatrda özümü sınamışdım. Xəzər Universitetinin Dünya məktəbində işlədiyim müddətdə Xəzər Universitetində müəlllim və tələbələrlə birgə Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” tamaşasını ingilis dilində və Fikrət Əmirovun “Sevil” operasını Azərbaycan dilində səhnəyə qoymuşdum. Yəni teatr səhnəsində özümü sınamışdım. Onu da deyim ki, mənim rejissorluq iddiam əsla yoxdur. Sadəcə incəsənətdə olduğun müddətdə bütün bunları sınamaq lazımdır. Bizim Teatrın yaradıcısı, xalq artisti Bəxtiyar Xanızadənin gözəl bir sözü var: "Mənim teatrımın aktyoru hərtərəfli olmalıdır. Həm aktyor olmalıdır, həm rejissor olmalıdır, həm ssenarist olmalıdır, həm də gözəl danışmağı bacarmalıdır".

Bütün bunları bizə teatrımızın yaradıcısı öyrədib. Bunlar bizə uğur gətirir. Bu uğurda da Bəxtiyar Xanızadənin zəhməti əvəzolunmazdır və bunu danmaq olmaz” - deyə əməkdar artist Elman Rəfiyev qeyd edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »