Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Rusiyanın Ukraynada mülki insanların ölümünə səbəb olması iddialarına qarşı BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək Rusiyanın BMT İnsan Haqları Şurasından çıxarılmasını istəyib.
Tomas-Qrinfild deyib: “Rusiyanın məqsədi insan hüquqlarına hörməti təşviq etmək olan bir qurumda nüfuzlu mövqe tutmamalıdır. Bu, təkcə ikiüzlülük deyil, həm də təhlükəlidir”.
Moldova və Rumıniyadan yenicə qayıtdığını bildirən Tomas-Qrinfild, “Rusiyanın amansız müharibəsinin yaratdığı qaçqın böhranını öz gözlərimlə gördüm”,- deyə bildirib. Tomas-Qrinfild Buçadakı mülki insanların ölümləri ilə bağlı məsələyə toxunub.
“Biz hamımız dəhşətli fotoları görmüşük. Orada küçələrdə yatan, əlləri arxadan bağlı meyitlər görünür. Onlar edam edilib”.
Tomas-Qrinfild çıxışı zamanı Ukrayna Prezidenti Vladimir Zelenskinin BMT Təhlükəsizlik Şurasına müraciətini və Rusiya qüvvələrinin insanları qaçırdığını dediyini bir daha xatırladıb.
“Prezident Zelenski Buçadan görüntüləri görməmişdən əvvəl bölgədəki digər insanlarla birlikdə uşaqların da qaçırıldığını bildirirdi.
Bələdiyyə sədrləri, həkimlər, dini liderlər, jurnalistlər və Rusiyanın təcavüzünə etiraz etməyə cəsarət edən hər kəs oğurlanır.
Rusiyanın insan hüquqlarına nə qədər az hörmət etdiyini hər gün daha çox görürük. Rusiyanın İnsan Haqları Şurasında iştirakı Şuranın etibarını sarsıdır. Bu, bütün BMT-yə zərbə vurur və bu, tamamilə yanlışdır”,- deyə Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.
Leyla, Bizimyol.info