Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dünyada ədalətsizlik olduğu üçün müharibə cinayətləri mühakimə edilmir"
"Dünyada ədalətsizlik olduğu üçün müharibə cinayətləri mühakimə edilmir"

Buça şəhərini Rusiya ordusu tərk etdikdən sonra Ukrayna hərbi cinayətlər təhqiqatına başlayıb. Şəhərdə çox sayda mülki vətəndaşların öldürüldüyü müəyyən edilib.

Ukraynanın baş prokuroru İrina Venediktova bildirib ki, azad edilmiş ərazilərdə 410 nəfərə yaxın vətəndaşın cəsədi aşkarlanıb. O, qeyd edib ki, yaxın vaxtlara qədər işğal altında olan digər şəhərlərdə zorakılıq qurbanlarının sayı daha çox ola bilər.

Beynəxalq insan haqları təşkilatları işğaldan azad edilmiş ərazilərdə çoxsaylı qətl, zorlama və digər ağır cinayətlər qeydə alıb. Aprelin 4-ü axşam New York Times, Moskvanın da etiraf etdiyi kimi Rusiya qoşunlarının şəhərə nəzarət etdiyi 9-21 mart tarixləri arasında çəkilmiş Buçanın peyk şəkillərini dərc edib. Həmin şəkillərdə cəsədləri müəyyən etmək mümkün olub. Rusiya qoşunlarının çıxarılmasından sonra şəhərə gələn müxbirlər və rəsmilər küçələrdə ən azı 20 nəfərin cəsədini aşkar ediblər. Martın 31-də çəkilən peyk şəkillərində Buçada “İlk çağırılan və bütün müqəddəslər Endryu kilsəsinin” yaxınlığında qazılan 14 metrlik kütləvi məzarlıq diqqəti çəkir. Buça sakinləri bildiriblər ki, burada ilk cəsədlər müharibənin ilk günlərində, ruslar çoxlu insanı “gördüklərini güllələyərkən” basdırılıb. Dəfn olunanların sayı 150-300 arasında dəyişir.

Rusiya, Buçada mülki əhalinin qətlində Rusiya ordusunun əli olması ilə bağlı iddiaları rədd edir.

Yücel Karauz Yücel Karauz

“Buça qətliamı insanlığa qarşı işlənmiş bir cinayətdir. Müharibənin qaydaları və qanunları var. Müharibələr öz qaydaları və qanunları çərçivəsində aparılmalıdır. Əgər bu qaydaları əməl etmirsinizsə, cinayət edirsiniz, deməkdir. Bunun səbəbkarları, müharibə cinayət törədənlər də gec-tez beynəlxalq səviyyədə mühakimə olunacaq. Ancaq dünyada ədalətsizlik olduğu üçün müharibə cinayətlərini işləyənlər ədalət qarşısına çıxarılıb mühakimə edilmədiyi üçün, burada da ikili standart olmasından cəsarətlənən insanlar müharibədə hər şeyi edə biləcklər istiqamətində bir imkan, bir fürsət və haqq kimi gördükləri üçün belə hadisələr yaşanır. Buçada ortaya çıxan görüntü də bir insanlıq cinayətidir” - Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz danışıb.

Siyasi şərhçi bildirib ki, burada digər önəmli məqam qətliamı hansı ölkənin törətməsi və bundan öncə baş verən keçmiş nümunələridir. Keçmiş nümunələrə baxsaq, bu qətliamlardan eynisinin Rusiya tərəfindən Suriyada, Əfqanıstanda və Çeçenistan və s. digər ərazilərdə də həyata keçirdiyini görürük:

“Ancaq təəssüf olsun ki, həmin dövrlərdə dünyanın reaksiyası bu formada olmamışdı. Eyni formada Xocalıda insanlara - gənclərə, uşaqlara, hamilə qadınlara qarşı bu cür soyqırım edilən zaman təəssüf ki, dünya səssizliyə bürünmüşdü. Və Azərbaycanın harayını duymaqdan imtina etmişdi. Bu, aydın görünən ikili standartdır. Və bunu təkcə Rusiya həyata keçrimir. Amerikanın Suriyada, İraqda, Koreyada və digər ölkələrdə həyata keçirdiyi soyqıırmlar da insanlıq adına utancvericidir”.

Rusiya-Ukrayna müharibəsi başladığı zaman müharibənin bir neçə günə dayanacağı gözlənilirdi. Aradan 40 gün keçməsinə baxmayaraq müharibə davam edir. Şərhçi bildirir ki, bu böyük bir teatrdır. Böyük bir güc mübarizəsidir.

“Dünya 1945-ci ildə 77 il əvvəl balanslaşdırılırdı. Yəni güclər, qalib ölkələr balanslaşdırıldı. Ancaq 77 il əvvəl qurulan bu balans daha inkişaf etmir, irəli gedə bilmir. Bu səbəbdən də güc mübarizəsi var. Biz bu güc mübarizəsində sadəcə Rusiya və Ukraynanı görürük. Yaxın zamanlarda Orta Asiyada, Balkanlarda oxşar hal müşahidə edilə bilər. Qısası, bu müharibəni səmimi şəkildə bitirmək istəyən bir tək Türkiyədir. Bir də bir neçə ölkə var. Başqa ölkələr bu müharibənin bitməsini istəmir. Çünki müharibə davam etməsindən bir çox ölkələrin geostrateji, geopolitik və digər mənfəətləri var. Bu səbəbdən də enerjilərini müharibəni dayandırmaq üçün deyil, müharibəni daha da genişləndirmək, Rusiyanı daha da gücsüz bir vəziyyətə salmaq, təsirsiz hala gətirmək və dünya ictimaiyyətində və Rusiya daxilində mübahisəli bir vəziyyətə gətirmək üçün sərf edirlər. Müharibə yavaş-yavaş bitmə nöqtəsinə yaxınlaşır. Çünki Rusiyanın döyüşmək üçün imkanında çatışmazlıq və logistika olaraq sıxıntıları var. Bu səbəbdən də müharibə bitsə də Rusiya-Ukrayna arasında əhali mübarizəsi, gərginlik bitməyəcək” - deyən Karauz bildirir ki, bu sadəcə bir başlanğıcdır. Və qarşıdakı 5-10 il əhali mübarizəsinin artaraq davam etdiyi bir dövr olacaq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »