Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millət vəkilindən hökumətə sərt ittiham: "Orada villalarınız var, hər həftə ora gedirsiniz"
Millət vəkilindən hökumətə sərt ittiham: "Orada villalarınız var, hər həftə ora gedirsiniz"

Bakı-Quba-Rusiya yolunun sıradan çıxmasına görə Şimal zonasında yaşayanlar çox əziyyət çəkir. Nəhayət, bu məsələ parlamentdə müzakirə olunmağa başlayıb. Bizimyol.info xəbər verir ki, Vahid Əhmədov həmin yolun təmir olunmamasına görə baş naziri, onun birinci müavinini tənqid edib. Millət vəkili biganəlikdən gileylənib.

“Azərbaycan hökumətinin hesabatında baş nazirdən mən xahiş etdim ki, Bakı-Quba yolu ilə əlaqədar ciddi tədbirlər həyata keçirilsin. Sonra da görüşdüm: həm onunla, həm onun birinci müavini ilə. Xahiş etdim ki, müəyyən vəsait ayrılsın, bu məsələ həllini tapsın. Mən ayın 2-də Qubada, Xaçmazda idim, o yolla getmək, ümumiyyətlə, mümkün deyil. İnsanlar getmək istəmirlər. Mənə deyirlər ki, guya alternativ yol çəkilir: pullu, ödənişli yol. O yolun çəkilməsi əvvəlki yolu əvəz eləmir. Çünki o yol birbaşa Xaçmaza, oradan da SKD-ya gedib çıxır. Ona görə bu tribunadan baş nazirə müraciət edirəm ki, o yolun çəkilməsi əlaqədar məsələni həll etsin”.

Vahid Əhmədov - Deputat Vahid Əhmədov

Vahid Əhmədov həm baş nazirin, həm onun birinci müavininin, ümumiyyətlə, hər bir nazirin, Qubada, Qusarda, Xaçmazda villasının olduğunu deyib. Millət vəkili vəzifəli şəxslərin həftədə, iki həftədə bir dəfə həmin yolu getdiyini bildirib.

“Bəs görmürlər ki, insanlar o yolda necə əziyyət çəkir? Quba-Xaçmaz turizm zonasıdır. Yaz gəlib, yay başlayır, insanlar gedib-gəlməlidirlər. İnanın mənə, bir dəfə o yolu gedib-gələn adam ikinci dəfə ora ilə hərəkət etmək istəmir. Dövlətin baş naziri, onun birinci müavini bu məsələni bilirsə, həll etmirlərsə, məcburuq indi cənab Prezidentə müraciət edək. Baş nazirdən xahiş edirəm, vəsait məsələsinə baxsın, “Azəravtoyol”a göstəriş versin, yolun təmiri tez bir zamanda həll edilsin”.

Bakı-Quba-Rusiya yolu 2010-cu ildə istifadəyə verilmişdi. Layihəyə 800 milyon dollardan çox xərclənmişdi. Amma yol 2014-cü ildən sıradan çıxmağa başlayıb.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »