Son zamanlar qadına qarşı zorakılığın, qadın cinayətlərinin artdığını görürük. Bir neçə gün öncə Cəlilabadda kişi qardaşı arvadını ürəyindən bıçaqlayaraq öldürmüşdü. Ümumiyyətlə, ilin ilk 3 ayı ərzində 20-yə yaxın qadın cinayəti baş verib. Maraqlısı budur ki, qadınlar öldürüldükdən sonra, qadınlar zorakılığa məruz qaldıqdan, döyüldükdən sonra kişilər “əxlaqsızlıq edirdi” deyib özlərinə haqq qazandırmağa çalışırlar. Çox zaman bu sadəcə iftira, şər və böhtandan ibarət olur. Amma bütün səmavi dinlərdə qadınlar zina etmiş olsa belə, onlar üçün ölüm hökmünün verilməsinə icazə verilmir.
İncilə görə, hər kəs İsanın yanına gəlir, ziyarət edirdi. Və bir gün din alimləri mühakimə edilmək üçün zina etmiş bir qadın gətirir və onu daşqalaq edərək, öldürmək istəyirlər. Yəni qadını cəzalandırmaq üçün bəhanə axtarır və buna İsa peyğəmbərin qərar verməsini gözləyirlər. İsa peyğəmbər isə, sakit səslə deyir: “Aranızda kim günahsıszıdrsa, ilk daşı o atsın”...
Beləcə hər kəs əlindəki daşı yerə atıb, uzaqlaşır. Həzrəti İsa peyğəmbər də qadını ittiham etməyərək, bir daha bu işlə məşğul olmamağı tövsiyyə edir. Bu hadisə İncildə yer alıb. Azərbaycanda isə, “əxlaqsızlıq edirdi”, “xəyanət edirdi” kimi ittihamlar qadınların öldürülməsi üçün kifayət edir. Yəni əksər hallarda qatil kişilər özlərini peyğəmbərlərdən də üstün hesab edə bilirlər.
İslam dinində qadına böyük dəyər verilir.
“Bildiyimiz kimi, xanımlar kişilərə nisbətdə, ən mərhəmətli olaraq yer tuturlar. Allah xanımlara ən gözəl nemət olaraq analığı bəxş edib. Bu səbəbdən xanımların qəlbinə, Allah mərhəmət bəxş edərək, analara qayğıkeşlik, övladı üçün fədakarlıq göstəricisi, yuxusuz gecələri, hər zəhmətə qatlanan, uca zirvələri fəth edən, ən böyük zinət olaraq bildirir. Xanımları incitmək və əziyyət vermək dinimizdə yolverilməzdir. Allah xanımları kişilərə əmanət olaraq bəxş edib. Əmanətə sədaqətli qalmaq zəruridir”...
Bu barədə Bizimyol.info xəbər portalına ilahiyyatçı İbrahim Məmmədov danışıb. O, qeyd edib ki, peyğəmbərlərimizi də dünyaya gətirən, insanların yaranmasında böyük rolu olan səbəbkar xanımlardır. Bu səbəbdən xanımlar hər zaman əzizlənməli, diqqət göstərilməli, sevgi ilə əhatə olunmalıdır.
İlahiyyatçı qeyd edir ki, hətta dinimizin ruzi barəsində göstərişlərində buyurulur ki, “gördünüz ki, ruziniz azalır, qazancınızda bərəkət yox olmaqdadır, bilin ki, xanımlarınız sizdən narazı olduğu üçündür”.
“İmam Hüseyn(ə) buyurur: Ruzini azaldan əməllərdən də biri, xanımlarınızı incitməkdir. Hər kəs ruzusunun bərəkətli, bol olmasını istəyirsə, xanımlarla gözəl rəftar edərək, onları xoş sözlərlə, gözəl hədiyyələrlə qəlblərini şad etsinlər. Bu zaman, həm ruzi baxımından, həm də gözəl ailə səadəti, Allahın razılığını qazanmış olarsan. Allahın Peyğəmbəri (ə) buyurur: "Cənnət, anaların ayaqları altındadır. Bütün bəndələrin arzusunda olduğu Cənnəti, Allah anaların ayağı altına sərib. Gərək qadınlarımız da Allahın onlara verdiyi bu dəyərləri qiymətləndirərək, Allah istədiyi kimi həyat yaşasınlar. Çünki Allah üçün, yaranmışlar içində ən uca dəyərli üstünlüyə malikdirlər. Əza üzvlərini, eyib yerlərini, naməhrəm kişilərin gözündən örtsünlər. Çünki Allah xanımlardan iffətli olmağı, öz məhrəminə aid olmağı istəyir. Necə ki, buyurulur: Açıq məktubu hər kəs oxuyar, amma örtülü məktubu yalnız sahibi oxuyar” - deyə ilahiyyatçı bildirib.
Bu gün özünə “Allah adamı” deyənlərin çoxu görünür ki, Allahın dinindən xəbərsizdir. Qadın sadəcə olaraq, kişilərin öz hisslərini, ehtirasını, əsəbini, sinirini, aqressiyasını soyutmaq üçün, bir alətə çevrilib. Qanunların bu mövzuda nə dediyini artıq hamımız əzbər bilirik. Amma təəssüf olsun ki, yazılan qanunlar elə çox zaman kağız üzərində, icraatsız qalır. Və həyat yoldaşını, qızını, baldızını, yaxını öldürərkən, yazılmamış “barbar” qanunlara istinad edirlər. Onların qarşısını almaq isə, sözün əsl mənasında mümkünsüzə çevrilib.
İlahin, Bizimyol.info