Rusiyanın Ukraynaya hücumlarından sonra ABŞ və Avropada Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Rusiya oliqarxlarına qarşı sanksiyalar davam edir.
Bizimyol.info xəbər verir ki, ABŞ Federal Təhqiqat Bürosu (FTB) qruplarının İspaniya Mülki Qvardiyası ilə birlikdə həyata keçirdiyi əməliyyatda Rusiya oliqarxı Viktor Vekselberqin Malyorka adasında lövbər salmış lüks yaxtası bu gün səhər saatlarında ələ keçirilib.
İspaniya Mülki Qvardiyasının verdiyi açıqlamada Putinlə yaxın münasibətdə olan Vekselberq, Avropa İttifaqının (AB) sanksiya qərarı olmadığını, lakin ona qarşı vergidən yayınma, çirkli pulların yuyulması və saxtakarlıq ittihamları ilə istintaq başladıldığını bildirib. Onun sözlərinə görə, əməliyyat ABŞ səlahiyyətlilərinin tələbi ilə həyata keçirilib.
ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamada rusiyalı oliqarx Vekselberqin 3 ildir həbs qərarı olduğu, oliqarxın gizlənməyə çalışdığı üçün 2018-ci il aprelin 6-da onun barəsində həbs qərarı çıxarıldığı bildirilib.
Bəyanatda o da bildirilib ki, ABŞ hökuməti Rusiya hökumətinə yaxın bir şəxsin sərvətlərini ilk dəfə müsadirə edib və bu, sonuncu olmayacaq, Rusiya hökumətinin ədalətsiz müharibəsinə dəstək verən hər kəs həbs olunacaq.
Qeyd edək ki, Vekselberqin dəbdəbəli yaxtası “Tango” 78 metr uzunluğunda və 90 milyon dollar dəyərindədir.
Xatırladaq ki, daha əvvəl Rusiya oliqarxlarına aid olduğu bildirilən Crescent, Valerie və Lady Anastasia yaxtaları İspaniyada, Rusiya milyarderi Andrey Malniçenkonun İtaliyada 578 milyon dollar dəyərində lüks yaxtası və İqor Seçinin 88 metrlik yaxtası "Amore Vero" Fransada, İspaniyada isə adı gizli saxlanılan Rusiya oliqarxına məxsus "Phi" yaxtası ələ keçirilib.
Leyla, Bizimyol.info