Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aprel döyüşlərinin çox böyük tarixi əhəmiyyəti var
Aprel döyüşlərinin çox böyük tarixi əhəmiyyəti var

“2016-cı il Aprel döyüşlərinin çox böyük tarixi əhəmiyyəti var. Həmin vaxt Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Rəşadətli Azərbaycan Ordusu Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı”.

Bunu “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurdu

Aprel döyüşlərinin 6-cı ildönümü ilə bağlı açıqlamasında hərbi ekspert bildirib ki, bu döyüşlər zamanı cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli bölgəsi olub: “Məlum olduğu kimi, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirdi və qəti zərbələrlə sıradan çıxardı. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin həmin döyüşlər zamanı daha bir önəmli uğur əldə edildi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi. Xüsusi olaraq vurğulamağı özümə borc bilirəm ki, Aprel döyüşlərində şanlı ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, o cümlədən 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü isə yaralandı. Ən nəhayət, bu döyüşlər nəticəsində Ağdərə-Madagiz istiqamətində yolların ordumuz tərəfindən nəzarətdə saxlanılması təmin edildi. Ümumiyyətlə, Aprel döyüşlərdində Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurdu”.

Aprel döyüşləri Ermənistana və dünya ictimaiyyətinə bir mesaj oldu

E.Həsənli deyib ki, bu döyüşlərin başqa bir əhəmiyyəti də vardı: “Döyüşlərlə bir daha həm Ermənistana və onun xarici havadarlarına, həm də ümumilikdə beynəlxalq ictimaiyyətə mesaj verildi ki, Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq. Yəni Aprel döyüşlərindəki qələbə əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Dünya ictimaiyyəti də başa düşdü ki, işğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsi mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam qadirdir. Bir sözlə, həmin vaxt ordumuz sona qədər getmək gücündə və əzmində idi. Həmçinin, xalqımız da uzun illər boyu sürən torpaq həsrətinə son qoymaq üçün bir nəfər kimi döyüşə hazır olduğunu bəyan etdi. Sadəcə olaraq həmin vaxt Ermənistan rəhbərliyi yalvararaq və Rusiyanın vasitəçiliyi ilə söz verdi ki, torpaqların geri qaytarılması üçün tezliklə əməli addım atacaq. Azərbaycan da sülhə sadiqliyini bir daha nümayiş etdirdi. Düşmənə sonuncu dəfə şans verdi”.

İşğalçı ölkənin rəhbərliyi bu şansı dəyərləndirə bilmədi

“Təəssüflər olsun ki, işğalçı ölkənin rəhbərliyi bu şansı dəyərləndirə bilmədi” deyən E.Həsənlinin sözlərinə görə, Aprel döyüşlərində qazanılan qələbə nəticəsində eyni zamanda uzun illər yaradılmış “məğlubedilməz erməni ordusu” mifi tamamilə dağıldı.

O, qeyd edib ki, beləliklə, erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi: “Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində yaranan rezonans bu ölkənin siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gəlməsinə səbəb oldu ki, bu fonda da Serj Sargsyan hakimiyyətini itirdi. Düzdür, onu əvəz edən Nikol Paşinyan bir müddət danışıqlarla bağlı imitasiya etdi. Lakin sonda o da “Qarabağ Ermənistandır” sərsəmləməsi ilə erməni kimliyini, işğalçı xislətini büruzə verməli oldu. Onun kabinetinin müdafiə naziri isə bir qədər də irəli gedərək Amerikadakı görüşlərin biirndə Azərbaycanın yeni topraqlarını işğal edəcəkləri iddiasını səsləndirdi. Bu sərsəmləmələrin fonunda 2020-ci ilin Tovuz hadisələri baş verdi və Azərbaycan bir daha bütün dünyaya Ermənsitanın hansı siyasətə üstünlük verdiyini çatdırdı. Ermənistanın 2020-ci il sentyabrın 27-də əl atdığı növbəti hərbi təxribat isə işğalçı ölkənin ordusu üçün ölüm fərmanı oldu”.

Onlar Azərbaycanın nə qədər haqlı olduğunu anladılar

Hərbi ekspert Aprel döyüşlərinin Azərbaycanın 2020-ci il Vətən müharibəsindəki tarixi qələbəsinə gedən yolda mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Dediyim kimi, Aprel döyüşləri bizim ordunun nəyə qadir olduğunu və Azərbaycanın işğalla barışmayacağını dünyaya nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan rəhbərliyi həmin vaxt bütün digər torpaqları da işğaldan azad etmək imkanımızın olmasına baxmayaraq bir daha sülhə sadiqliyini sübut etdi və dünya birliyinə bir daha şans verdi. Şans verdi ki, dünya birliyi Ermənistana işğalçılıq siyasətinə son qoymaq üçün təzyiq etsin. Amma bu baş vermədi. Əksinə, Ermənistan bir az da azğınlaşdı. Bütün bunların fonunda 2020-ci ildə Ermənistanın növbəti hərbi təxribatı onların sonunu gətirdi. Azərbaycanın haqlı olaraq başladığı Vətən müharibəsinin gedişində bizə qarşı hansısa xarici ölkənin fikirləri səsləndirilsə də, ümumilikdə dünya birliyi ölkəmizin haqlı olduğunu başa düşdü. Dünya birliyi onu da başa düşdü ki, bu müharibənin olmasının əsas səbəbkarları sırasında işğalçı Ermənistanla yanaşı ATƏT-in Minsk qrupu, həmçinin BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsinə dair qətnamələrinin icrasını təmin etməli olan beynəlxalq güclər, xarici ölkələr də var. Bir sözlə, onlar Azərbaycanın nə qədər haqlı olduğunu anladılar”.

“Bu, əslində cənab Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” tarixi kəlamının təsdiqi idi. Beləliklə, Aprel döyüşlərində ruhlanan Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə etdi”, – deyə E.Həsənli sonda bildirib.(bayraqdar.info)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »