Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na dəyişiklik edib.
APA-nın xəbərinə görə, qüvvədə olan Qaydaya əsasən, faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 (on iki) aydan (ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) aydan) çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verilir.
Əlavə edilən yeni - 3.4-1-ci bəndə əsasən, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara 2022-ci il ərzində verilmiş kreditlər üzrə 12 aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə faiz subsidiyası veriləcək. Bu halda faiz subsidiyası minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarların 2022-ci ildə aldıqları 3 (üç) milyon manat və ondan az olan kreditlərə veriləcək.
Nazirlər kabinetindən verilən xəbərə görə, qərar anti-inflyasiya tədbirləri çərçivəsində atılan növbəti addımdır. Bu Qərarla minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə və məhsullarına dair mexanizmlər yaradılması nəzərdə tutulur.
Mexanizmlər üzrə aşağıdakılar təklif olunur:
1. Güzəştli kredit mexanizmi üzrə
Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli maliyyələşmə
2. Kredit faizlərinin subsidiyalaşdırılması üzrə
Maliyyə xərclərinin azalması və nəticə etibarı ilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının maya dəyərinin aşağı salınması məqsədilə həmin sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən kreditlər üzrə kredit faizlərinin subsidiyalaşdırılması mexanizminin tətbiqi.
Mexanizm üzrə şərtlər:
- Subsidiyanın müddəti: 1 ilədək;
- Kreditin müddəti: müddətdən asılı olmayaraq;
- Kreditin məbləği: 3 milyon manatadək;
- Kreditin faiz dərəcəsi: faiz dərəcəsindən asılı olmayaraq;
- Faizin subsidiyası: kredit faizinin 10% bəndinə qədər.
Nəzərdə tutulan şərtlər çərçivəsində 150 milyon manat kredit portfeli üzrə maksimum 15 milyon manat faiz subsidiyasının ödənişi həyata keçiriləcəkdi.