Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özünü yandırıb öldürən qadının izahatı: “Mənə elədiyi zülmlərə görə təndirxanada, qonşuda yatmalı olurdum...”
Özünü yandırıb öldürən qadının izahatı: “Mənə elədiyi zülmlərə görə təndirxanada, qonşuda yatmalı olurdum...”

Sabirabad rayonunun Yuxarı Axtaçı kəndində 46 yaşlı Sevinc İbadovanın özünü yandırması və təxminən bir ay sonra xəstəxanada vəfat etməsilə bağlı məhkəmə araşdırmaları gedir. Bu ölüm hadisəsinə görə mühakimə olunan isə Sevinc İbadovanın əridir.

Bizimyol.info xəbər verir ki, 1967-ci il təvəllüdlü Muğamat İbadov həyat yoldaşına əzab verməkdə, onu intihar həddinə çatdırmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 133 (əzab vermə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələrilə ittiham irəli sürülüb. Bu cinayət işinə Sabirabad rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyilə baxılır.

Zərərçəkmişin hüquqi varisi qismində tanınan Axırbəyim Əhmədova deyir ki, qızı Sevinc uzun illər əri tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, Muğamat İbadov həyat yoldaşını ən müxtəlif bəhanələrlə döyür, təhqir edirdi, çox vaxt onun üzərində xəsarət izləri olurdu. Bu üzdən bir neçə il əvvəl Sabirabad rayon Polis Şöbəsinə Muğamat İbadovdan şikayət də olunmuşdu. O, bu cür hərəkətlərinə son qoyacağına söz verəndən sonra ərizə geri götürülmüş, aralarında barışıq olmuşdu.

Sevinc İbadova 1993-cü ildə ailə qurub. Onların birgə nikahdan bir oğlu və bir qızı olmaqla, iki övladı var. Qızları hələ 2015-ci ildə ailə həyatı qurub, onun özünün də övladı var. Oğul isə ali təhsilini başa vurandan sonra işləmək üçün xarici ölkəyə gedib. Bu səbəbdən son illərdə Sevinc İbadova və həyat yoldaşı tək yaşayırdılar. Bu müddətdə də o, dəfələrlə üzərində xəsarət izlərilə qardaşlarının, qonşuların evlərinə qaçmalı olub.

Axırbəyim Əhmədova bildirib ki, qızı Muğamat İbadovun zülmləri üzündən bir neçə il əvvəl zəhər içməli olub. Anasının sözlərinə görə, Sevincgilə gedəndə qızının yataqda olduğunu, uşaqların isə ağladığını görüb: “Tez-tez qaytarırdı, ağzından sarı selik gəlirdi. Dedi ki, guya qonşu öz həyətinə siçanlara görə dərman səpib, bunun da toyuqları onu yeyib. Toyuğu kəsib yeyəndə özü də zəhərlənib”.

Məhlulla Sevinc İbadovanın mədəsini yuduqlarını, müəyyən addımlardan sonra onun özünə gəldiyini deyən ananın sözlərinə görə, qızının zəhər içdiyini sonradan bilib.

Axırbəyim Əhmədova ilə yanaşı, öz övladları da Muğamat İbadovdan şikayətçidir. Onlar analarının ölümünə görə atalarını günahlandırırlar. Dindirmələr zamanı ifadələrində də bildiriblər ki, anaları uzun illər evlərində zülm çəkib.

Qızının sözlərinə görə, hətta özü ailə qurandan sonra anasının döyülüb-təhqir olunması halları davam edirdi. Günlərin birində həyat yoldaşı ilə birlikdə atasıgilə gələndə anasının evdə olmadığını görüb. Məlum olub ki, anası möhkəm döyüldüyünə görə öz qardaşıgilə gedib. Həmin vaxt atası ondan xahiş edib ki, anasını geri qayıtmaq üçün yola gətirsin.

Sevinc İbadova noyabrın 15-də səhər saat 9 radələrində yaşadığı evin həyətində özünü yandırandan dərhal sonra Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Orada vəziyyətinin ağır olduğunu görən həkimlər təcili Bakıya aparılmasını məsləhət görüblər. O, Bakıda 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib və dekabrın 24-də orada vəfat edib.

Xəstəxanada olarkən hüquq-mühafizə orqanlarının əməkdaşları Sevinc İbadovadan izahat alaraq, ondan özünə qəsd etməsinin səbəbini soruşublar. O bildirib ki, əri illərdir ona zülm edirdi.

Hadisədən bir gün əvvəl də Muğamat İbadov tərəfindən döyüldüyünü, bu səbəbdən qardaşı Rəhman Əhmədovgilə getdiyini, gecəni orada qalandan sonra səhər tezdən evinə qayıtdığını deyən Sevinc İbadova ərinin onu həm də hədələdiyini bildirib: “Məni özümü öldürməyə vadar edirdi. Təxminən 10 il əvvəl də buna görə zəhər içmişdim. Mənə elədiyi zülmlərə görə dəfələrlə qaynımgildə, qonşuda, təndirxanada yatmaq məcbiryyətində qalmışam”.

O, əlavə edib ki, hadisə günü səhər evinə qayıdandan sonra əri əlindəki tüfənglə onu yenə hədələyib, özünün, qardaşlarının ünvanına təhqir xarakterli ifadələr səsləndirib: “Əlində tüfənglə məni yenə hədələdi. Məni özümü öldürməyə vadar etdi”.

Həyat yoldaşını intihar həddinə çatdırmaqda ittiham olunan Muğamat İbadov istintaq zamanı əvvəlcə şahid qismində dindirilib. Sonradan təqsirləndirilən şəxs qismində cəlb olunanda isə ifadə verməkdən imtina edib. Şahid kimi dindiriləndə isə Sevinc İbadovanı döyməsi, təhqir etməsi, özünü və qardaşlarını öldürməklə hədələməsi barədə ittihamları qəbul etməyib. O bildirib ki, qayınlarından biri Bahadır Əhmədov onun qızının başqa bir adama ərə getməsini istəyirdi. Lakin nə qızı, nə də özü buna razılıq verib. O vaxtdan da Bahadır Əhmədovun ona qarşı kini vardı. Onun sözlərinə görə, həyat yoldaşı xəstəxanada olanda da Bahadır Əhmədov onu bacısının yanına buraxmayıb. Muğamat İbadov onu da əlavə edib ki, həyat yoldaşı xəstəxanada olduğu 1 aydan artıq müddətdə onun xərclərini özü çəkib. Əlindəki vəsaiti xərcləməklə yanaşı, həm də mal-qaranı satıb.

O, həyat yoldaşıyla aralarında mübahisələr olduğunu təsdiqləsə də, onu döyüb-söyməsi haqda iddiaları rədd edib. Amma hadisədən bir gün əvvəl aralarında mübahisə olduğunu etiraf edib.

Muğamat İbadovun dediyinə görə, o, qayınanasının onlara gəlməsini istəmədiyini həyat yoldaşına deyib. Sevinc İbadovanın acığına gəlib: “Sevinc küsüb getdi. Səhəri gün həyətdə Sevinci gördüm, bacımla telefonla danışırdı. Mən də nar ağaclarının altına peyin yaymağa getdim. Az sonra Sevinc tərəfə baxanda onun yandığını gördüm”.

Təqsirləndirilən şəxs əlavə edib ki, həyat yoldaşının üstündəki alovu söndürəndə özü də xəsarət alıb, əlləri və ayaqları yanıb.

Axırbəyim Əhmədova isə kürəkəninin məsuliyyətdən yayınmaq üçün yalan danışdığını deyir. O, Muğamat İbadovun sərt şəkildə cəzalandırılmasını tələb edir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »